SPECA çərçivəsində fəaliyyət münbit platforma hesab olunur  - Bəhruz Məhərrəmov

19:13 24.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə Bakıda SPECA-nın Zirvə görüşünün təşkil edilməsi indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən cənab İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov SPECA həftəsinin Bakı Zirvəsi və əhəmiyyəti ilə bağlı bildirib.

B.Məhərrəmov qeyd edib ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və coğrafi regiondur. İlk növbədə ona görə ki, Mərkəzi Asiya və Cənubi Qafqaz dünyanın enerji təhlükəsizliyi üçün ən dayanıqlı və ən perspektivli lokasiya hesab edilir. İstər ənənəvi karbohidrogen ehtiyatları, istər uran ehtiyatları, istər alternativ enerji mənbələri baxımdan, habelə Şərqlə Qərb arasında kommunikasiya, təhlükəsiz ticari və nəqliyyat imkanları baxımdan proqrama üzv dövlətlər, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ayrı-ayrılıqda önəm və çəkiləri getdikcə artmaqdadır. Xüsusən Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni konfiqurasiya daha geniş perspektivlər vəd edir.

B.Məhərrəmov eyni zamanda vurğulayıb ki, qlobal gedişat II Dünya müharibəsindən sonrakı qaydalar üzrə davam etmir və bəşəriyyət tamamilə yeni formasiya ilə üz-üzədir.

“Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan etsə də, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağın tərəfdarı olsa da, bu gün bir sıra qlobal subyektlər özlərinin qeyri-hüquqi və ədalətsiz mövqelərinin müdafiəsi üçün beynəlxalq normaları ikinci plana keçirməkdə israrlıdır. ABŞ, Fransa, Kanada və s. kimi dövlətlərin öz niyyətlərini realizə etməsi üçün münaqişə ocaqları, separatizm yuvalarının mövcudluğu şərtdir. Vətən müharibəsində qələbəsi, antiterror təbirləri ilə isə separatizmə son qoymaqla Azərbaycanın yaratdığı yeni reallıqlar bu mənada həmin subyektlərin çirkin maraqlarına zidd idi. Bu baxımdan istər Fransa, istər Avropa İttifaqının ayrı-ayrı strukturları, o cümlədən ABŞ-dən Azərbaycana münasibətdə təzyiqlər selinin şahidi olmaqdayıq. Lakin cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, əksinə Azərbaycanla qlobal və regional müstəvidə qarşı-qarşıya gəlmək, həmin dövlət və subyektlərin özlərinin maraqlarına zidd situasiyaya çevrilir”.

B.Məhərrəmov qeyd edib ki, Bakıda cənab İlham Əliyevin sədrliyi ilə SPECA-nın Zirvə görüşünün təşkil edilməsi, üzv dövlətlərin birinci şəxs qismində, üzv olmayan bəzi ölkələrin rəhbərlərinin fəxri qonaq qismində tədbirə təşrifi, habelə çoxsaylı qlobal təsisatların rəhbərlərinin və nüfuzlu xadimlərinin iştirakı mövcud təzyiq cəhdləri fonunda Azərbaycanın nəinki zəifləmədiyi, əksinə mövqelərini qətiyyətlə gücləndirdiyini ortaya qoydu. Prezident İlham Əliyev bir daha əməli olaraq göstərdi ki, Azərbaycan qocalmaqda, dağılmaqda olan Qərb imperializminə yox, çöküşünü yaşayan Qərb Azərbaycana və Mərkəzi Asiyaya möhtacdır.

Bakı Zirvəsinin perspektivlərinə gəlincə deputat bunu yüksək dəyərləndirib.

“Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq etməkdə, münasibətlərimizi yeni müstəviyə yüksəltməkdədir. SPECA çərçivəsində fəaliyyət isə həm də paralel olaraq çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit platforma hesab olunur və Qərbin çökməkdə olan qərəzli platformalarından fərqli olaraq hər bir üzv dövlətin xalqlarının mənafelərinin daha etibarlı qorunmasına, rifahın yüksəldilməsinə yönəlib”.