Türkiyənin sabiq baş naziri Binəli Yıldırım bu günlərdə Azərbaycan-Türkiyə münasibətlərinin keçmişi və bu gününü müqayisə edib. “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. Bu mesajı bütün dünyaya göndərə bildi”- deyə o bildirib.
AMİP sədri Arzuxan Əlizadə hafta.az-a açıqlamasında bildirib ki, bu gün tam əminliklə demək olar ki, Azərbaycan-Türkiyə münasibətləri tarixdə heç bir zaman olmadığı qədər yüksək səviyyədədir. Onun sözlərinə görə, bu, hər iki dövlət başçısının yürütdüyü müstəqil, məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir.
“Biz bir zamanlar deyilmiş “bir millət, iki dövlət” ifadəsini sözün həqiqi mənasında reallaşdırmışıq. Aparılan bu siyasətin bəhrəsini 44 günlük İkinci Qarabağ savaşında gördük. Bu haqq davamızda qardaş Türkiyə - o Türkiyə ki dünyanın ən güclü və müasir silahlara malik ordusu var - hörmətli Prezident Ərdoğanın timsalında elə ilk gündən Azərbaycanın yanındayıq dedi və sonadək sözünə sadiqlik nümayiş etdirdi, bir çox güclərin qarşısında sipər oldu. Bu gün də yeni dünya düzəninin formalaşdığı bir dönəmdə Türkiyə regionda bizimlə müştərək siyasət yürütməklə gücümüzə güc qatır. Bunu dəyərləndirməmək və unutmaq heç bir halda mümkün deyil”.