Türkiyə Litvaya "Bayraqdar" bağışladı - DÖYÜŞ MAŞINI UKRAYNAYA GÖNDƏRİLƏCƏK

17:25 02.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Türkiyə Ukrayna ordusuna təhvil verilməsi üçün Litvaya "Bayraktar TB2" pilotsuz uçan aparatı bağışlamağa qərar verib. Hansı ki, bir müddətdir Litvada bu döyüş maşınını almaq üçün insanlar pul toplayırdılar və döyüş maşınının satış qiyməti qədər - 5 milyon avro yığılmışdı".

Hafta.az-ın yazdığına görə, bu barədə kampaniyanın koordinatoru Andrius Tapinas və Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

"Bu inanılmazdır, amma Türkiyə litvalıların yığdıqları pulla almaq istədikləri "Bayraktar TB2"ni bağışlamağa razılıq verib. Bu, sadəcə inanılmazdır! Toplanan vəsaitlə biz lazımi sursatları alacağıq, qalanları da dəstək olaraq Ukraynaya veriləcək", - Anusauskas bildirib. O əlavə edib ki, Litva xalqının Ukraynaya kömək etmək istəyi türkləri heyrətə gətirib. "Təsəvvür edirsiniz, Türkiyə "Bayraktar TB2" pilotsuz uçan aparatını bütün optika və lazımi ləvazimatlarla birlikdə hədiyyə etməyə qərar verdi. İndi bütün ləvazimatları ilə birlikdə "Bayraktar" kimi uçan aparatımız var. Amma yığılmış 4,4 milyon avro xərclənməmiş qaldı" deyən Anusauskas, bu uğurlu prosesdə əməyi keçən hər kəsə təşəkkür edib. Xüsusilə də Litva kimi kiçik dövlətdə həyata keçirilən təşəbbüsə dəstək verən Türkiyəyə minnətdarlıq edib. 

Onun sözlərinə görə, Türkiyə tərəfi dronu mümkün qədər tez - təxminən üç həftə ərzində təhvil vermək üçün hazırlayacağını, onu Litva və Ukrayna bayraqlarının rəngləri ilə bəzəyəcəyini vəd edib.

Andrius Tapinas ətraflı məlumat verib ki, toplanan məbləğin 1,5 milyon avrosu pilotsuz təyyarə üçün sursatların maliyyələşdirilməsi məqsədilə Litvanın Müdafiə Nazirliyinə veriləcək, qalan 4,4 milyonu isə Ukraynaya göndəriləcək digər yardımlara yönəldiləcək.

Xatırladaq ki, litvalılar Ukrayna üçün "Bayraktar TB2" pilotsuz uçuş aparatını almaq üçün üç gün ərzində 5 milyon avro toplayıblar.

Dünən Litva ilə Türkiyə arasında Litvaya "Bayraktar TB2" pilotsuz uçan aparatları almağa icazə verən müqavilə imzalanıb.