Türkiyə müxalifəti və ya QƏRBİN ELÇİLƏRİ - I YAZI

09:15 01.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyəyə qarşı hər bir Azərbaycan türkünün ürəyində qeyri-adi sevgi var. Biz azərbaycanlılar Türkiyəni öz dövlətimiz, öz Vətənimiz hesab edirik. "Bir millət, iki dövlət" sözü təsadüfdən deyilməyib axı. Məhz öz ölkəmiz kimi sevdiyimiz üçün Türkiyənin daxilində gedən hər bir prosesi də özümüzünki kimi izləyirik. Amma təəssüf olsun ki, son illər Türkiyə müxalifətinin müxaliflikdən daha çox Yunanıstanın, ABŞ və Avropanın saflarında Türkiyəyə qarşı mübarizəsinin şahidi oluruq.

Türkiyə Cümhuriyyətin 100-cü ildönümünü qeyd etmək üçün vaxt daraldıqca ölkədaxili siyasi mühitdə qarışıq çaxnaşmalar da artmaqdadır. Söhbət iqtidar-müxalifət rəqabətindən gedir. Əlbəttə, buna rəqabət demək olarsa. Çünki bir çox hallarda müxalif düşərgənin liderləri cığallıq edir və hətta iqtidara - xalq tərəfindən seçilmiş Prezidentə qarşı təhditlər püskürür, kefləri istədikləri kimi, azad və arxayın şəkildə təhqirlərə yol verirlər. Özü də bunu edərkən sanki qanun filan gözlərinə görünmür, cəzasız qalacaqlarına əmin kimi davranırlar. Elə isə bu arxayınlıq. əminlik hardandır onlarda?

Müxalifət deyərkən, Türkiyədə altılıq masanı nəzərdə tuturam. Təbii ki, başqa müxalif qüvvələr də var, məsələn, Yenidən Rifah Partiyası, normal və mədəni siyasi mübarizə aparırlar. Amma altılıq masadan və ya rəsmi adıyla Millət İttifaqından söz düşəndə, şəxsən mənə elə gəlir ki, bu qrup iqtidara deyil, Türkiyə dövlətinə qarşı müxalifəti təmsil edir. Azərbaycanda bir deyim var, türk xalqından üzr istəyərək səsləndirirəm: müxalif düşərgədə it yiyəsini tanımır. Bu gün Cümhuriyyət Xalq Partiyasını (CXP) təmsil edən bələdiyyə sədrləri özlərini ayrıca partiya sədrləri kimi aparırlar. Sanki muxtar səlahiyyətləri var, heç kim onlara heç nə deyə bilməz görüntüsü yaradırlar. Hətta bu başqa söhbətin mövzusudur ki, bəzən bələdiyyə sədrləri özlərini Türkiyə dövlətinə qarşı çıxan düşmən ölkələr kimi aparırlar. Ümumiyyətlə, türk müxalifətinin davranışı Yunanıstan baş nazirinin və ya bu gün gündəmdə olan İsveç hökumətinin mövqeyindən heç nəylə fərqlənmir.

Millət İttifaqından söz düşmüşkən, şəxsən mən orada iki partiya və dörd siyasi fiqur görürəm. Partiyalar CXP (sədri Kamal Kılıçdaroğlu) ilə İyi Partiya (sədri Meral Akşener), fiqurlar isə Təməl Karamollaoğlu (Səadət Partiyası), Əli Babacan (DEVA), Əhməd Davudoğlu (Gələcək Partiyası) və Gültəkin Uysaldır (Demokrat Partiyası). Əslində keçirilən rəy sorğuları nə deyir bilmirəm, mən Türkiyə müstəvisində analiz edərək deyə bilərəm ki, Millət İttifaqının gücü CXP və İP-dir. Digər dörd partiya isə sadəcə ittifaqda sayı çox göstərmək üçündür – onların nə çəkisi var, nə də Millət İttifaqına səs qazandırmaq şansı. Hesab edirəm ki, konkret mövqeyinin nə olduğunu anlaya bilməyən Karamollaoğlu və ya AKP-dən atılmış digər iki partiya sədri, eləcə də Türkiyə siyasi müstəvisində ümumiyyətlə heç bir əhəmiyyəti olmayan DP sədri, sadəcə CXP-nin kölgəsində özünü reklam etməyə çalışır. Millət İttifaqında partiya sayının 6 göstərilməsi – bu say daha çox da ola bilər – sadəcə türk xalqına və dünyaya ölkə ictimaiyyətinin məhz müxalifətin ətrafında birləşdiyini göstərməyə xidmət edir.

Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, özünü kürd mənşəli vətəndaşların təmsilçisi sayan Xalqların Demokratik Partiyasını (HDP) Millət İttifaqından kənarda saxlayan müxalif düşərgə əslində iqtidar düşərgəsinin birliyi olan Cümhur İttifaqına, eləcə də türk xalqına qarşı oyun oynayır. Bu birmənalı şəkildə görüntüdür və nə baş verdiyini AKP-də də bilirlər, MHP-də də, lap elə BBP-də də (Böyük Birlik Partiyası). Əslində Millət İttifaqından ara-sıra millətçi və separatyönümlü davranışları ilə tanınan kürd liderlərə dəstək nümayişi etdirməklə dolayısıyla HDP ilə birlikdə olduqlarını göstərirlər. Hətta son fakt kimi, CXP-li Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın Vanda Səlahəddin Dəmirtaşın azad edilməsi çağırışına “inşallah” deməsi bu gizli birliyi üzə çıxarır. Elə isə niyə HDP-ni kənarda saxlayıblar, çünki bu partiyanın PKK-nın siyasi qolu olduğunu bələkdəki uşaq da bilir və bu səbəbdən də xalqın mühafizəkar çoxluğunun etimadını qazanmaq üçün guya bölücü ünsürlərə qarşı olduqlarının görüntüsünü yaradırlar. Əslində isə HDP elektoratının səsi Millət İttifaqınındır...

Bu gün Millət İttifaqı elə fon yaradır ki, AKP-MHP iqtidarını devirmək üçün nəyə desən razıdırlar. Hətta imkanları olsa Abdulla Öcalanı sərbəst buraxarlar, yetər ki, səs toplayıb hakimiyyətə gəlsinlər. Utanmasalar Amerikanı, Avropanı, Yunanıstanı dəvət edərlər ki, top-tüfəngləri ilə gəlib iqtidarı yıxsınlar. Son illər isə dünyada yaranan iqtisadi çətinliklər fonunda, Türkiyədə qiymətlərin yüksəlməsi və sadə insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi faktını iqtidarın çiyninə yükləyən müxalifət, sadəcə öz güzaranını düşünən insanları bu yolla özünə tərəf çəkməyə çalışır.

Bəs Millət İttifaqının timsalında, müxalifət həqiqətən sosial problemlərin qlobal olduğunu anlamır? Doğrudan bilmir ki, Türkiyə iqtidarı ölkəsinin qüvvətlənməsi, azad yaşaması, xalqın öz dövlətinin sahibi olması üçün hər şeyi edir? Əgər anlayırlarsa, o zaman niyə onları devirmək üçün dəridən-qabıqdan çıxırlar? Niyə prezident üsul-idarəsi müxalifəti qane etmir, ona görə ki, Qərbin Türkiyənin müstəqil siyasətini dayandırmaq üçün güclü liderə daxildən təsir imkanlarını məhdudlaşdırır? Müxalifət niyə parlament idarəetməsinə tərəfdardır, ona görə ki, ürəkləri istəyən vaxt xaricdən sifariş əsasında partiyalardan biri koalisiyadan çəkiləcək və hökumət buraxılacaq, ölkənin inkişafı ləngiyəcək? Doğrudanmı müxalifətin onillər boyunca parlamentli idarəetmənin ölkəyə vurduğu ziyanlardan xəbəri yoxdur? Bu gün təkhakimiyyətli Türkiyənin söz sahibi olması Qərbi qorxudur, onları bütün təzyiq imkanlarından məhrum edib, bəlkə onların tələbini icra edir Millət İttifaqı? Qərbin tələblərinə əməl etməklə, sifarişlərə və əmrlərə boyun əyməklə oyuncaq dövlətə çevriləcək Türkiyə dövlətinin iqtidarı olmaq nəyinə gərəkdir Millət İttifaqının?

Müxalifət bu qənaətdədir ki, Ərdoğan iqtidarı sərhədlərdən kənarda – Suriya və İraqda antiterror əməliyyatları aparmamalıdır. Niyə, axı AKP iqtidara gəlincə terrorçular Türkiyənin ərazisində dövlətin bütövlüyünə qarşı müharibə aparırdılar. Anadolunun cənub-şərqi defakto Türkiyə dövlətinin nəzarətində deyildi. Xəndəkləri yada salın, 30 min şəhidin faciəsini xatırlayın. Amma bu gün qədri bilinməyən bu iqtidar həmin xəndəkləri doldurdu, terrorçuları ölkə içində məğlub elədi, cənub-şərqi Anadolunu Türkiyə dövlətinin nəzarətinə qaytardı. Məhz bu iqtidar ona görə Türkiyə Cümhuriyyətinin sərhədlərinin o tayında 30 kilometrlik təhlükəsizlik zolağı yaratmaq istəyir ki, terrorçuların atdığı mərmilər türk torpaqlarına çatmasın, türk insanını öldürməsin. Müxalifət və bəhbəhlə onların fırıldağına uyan elektorat anlamalıdır ki, ABŞ sərhədinin nəinki sərhədinin, hətta okeanın o tayında düşmənləri ilə savaşır deyə indiki güclü dövləti qura bilib. Eləcə də İngiltərə, Fransa və digərləri. Bir əsr əvvələdək üç qitədə yerləşən böyük Osmanlı dövlətinin hüququ yoxdurmu ki, bir ovucluq Lüksemburqun, İsveçin və ya digərlərinin əmrlərini yerinə yetirməkdən azad olsun?

Bir məqama da diqqət çəkmək istərdim: Türkiyə yeganə ölkədir ki, müxalifəti hakimiyyətə gəlmək üçün ölkəsini xarici dövlətlərə şikayət edir, öz hökumətlərinin cəzalandırılmasını tələb edir. Bəli, bunu Millət İttifaqı deyilən türk müxalifəti edir, öz hökumətlərini ənənəvi düşmənləri olan Yunanıstana, Fransaya şikayət edir. Türk bələdiyyələri səlahiyyətlərini aşır, özlərini prezident kimi aparırlar. Sanki idarə etdikləri şəhər ayrıca bir dövlətmiş. Bəyəm Amerika və ya Avropa bələdiyyələri xarici ölkələrin səfirləri ilə gizli görüşlər keçirir? Elə isə İstanbul bələdiyyəsinin İngiltərə səfiri ilə görüşə hansı maraqlar çəkib? Özü də uzaq xarici ölkələrdən birində. İstanbul bələdiyyəsinin sədri bilir ki, Yunanıstan az qala Türkiyə ilə müharibə vəziyyətindədir, amma qəfil Afinada peyda olub, yunanların ürəyini açan söhbətlər edir, yeri gələndə öz prezidentlərini – Ərdoğanı yıxıb-sürüyür də. Hansı ölkənin bələdiyyəsi edər bunu, heç birinin. Elə isə niyə edirlər?

Cavablar aydındır: çünki Türkiyədə çox böyük cəzasızlıq hökm sürür. Çünki AKP iqtidarı indiyədək müdafiə sənayesini 80 faizədək milliləşdirə, iqtisadiyyatda böyük addımlar ata bilib, amma yalançı demokratiya bayrağı altında dövləti nəzarətdə saxlayan Qərb diktaturasının buxovundan çıxarda bilməyib Türkiyə Cümhuriyyətini. AKP iqtidarı NATO-ya daxil olmaq istəyən İsveçi, Finlandiyanı divara dirədiyi halda, öz müxalifətinə başa sala bilməyib ki, dünyada demokratiya deyilən anlayış yoxdur. Türkiyədə hansısa milli azlığın qondarma haqqını tələb edən Avropanın özündə müsəlmanların timsalında, qadınların əyinlərinə nə geyinəcəklərinə belə hökm edirlər. Türkiyədə digər milli azlıqlara siyasi hüquq tələb edən Qərbin özündə basklar, şotlandlar, irlandlar ömür boyu həmin hüquqların arzusundadırlar. Türkiyədə Ərdoğanın simasında, prezident üsul-idarəsini mütləq monarxiya adlandıran Qərbin özündə - Britaniya, Niderland, Lüksemburq, Monako, Belçika, Danimarka, İsveç, Norveç, İspaniya və sairdə krallar hələ də hakimiyyətdədir. İstər Qərb, istərsə də onların Türkiyədəki buyruqqulu olan müxaliflər heç vaxt demir ki, Türkiyədə seçkilərdə saxtakarlıq olub. Bir halda ki, seçki dürüst keçib, niyə qələbə çala bilmirlər, niyə xalqın səsini toplayıb iqtidarı qanuni şəkildə devirə bilmirlər, çünki potensialları yoxdur. Çünki Atatürkün ötən əsrin əvvəllərində yazdığı qanun-qaydaların kölgəsində qalaraq, indiyədək müasir dövrlə ayaqlaşan siyasi-iqtisadi platforma yarada bilməyiblər. Əgər yaradıblarsa o zaman yunanlara, fransızlara şikayət etməkdənsə, niyə iqtidarın yanlış iqtisadi və ya siyasi addımlarına qarşı öz proqramlarını təklif etmirlər? Millət İttifaqında birləşənlər doğrudan bilmirlərmi ki, müxalifət olmaq, iqtidarın yanlışını dilə gətirib, onu düzəltmək üçün öz təkliflərini irəli sürməkdir. Dövlətin sirrini kənara çıxaranlara, öz prezidentini xarici prezidentlərə şikayət edib, pisləyənlərə “müxalifət” yox, “xain” deyirlər. Şəxsən mənim müxalifətdən bir istəyim var: bir anlığa Türkiyə dövlətinə xaricdən, özü də əsl əcnəbilər kimi baxsınlar. O zaman Türkiyənin hansı şəraitdə gücləndiyini görəcəklər, o zaman sərhədlərin dörd bir tərəfində düşmən hərbi bazalarını aydın görə biləcəklər, o zaman şikayət üçün dizinin dibini kəsdirdikləri xarici prezidentlərin ölkələrinə qarşı hansı xain tələlər qurduğunun şahidi olacaqlar.

Nə qədər ki, gec deyil, türk xalqı ayılmalı, xainləri cəzalandırmalı, Türkiyənin qüdrətini bərpa etməsi üçün müvəqqəti sosial çətinliklərə dözməlidir. Bunu etməsə, sonra gec olacaq!