Türkiyədəki səfirliyimizdə azərbaycanlı qazilərlə görüş keçirilib

13:37 20.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın Türkiyədəki səfirliyində, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qardaş ölkəyə səfər etmiş qazilərimizlə görüş keçirilib.
Hafta.az-ın yazdığına görə, diplomatların, səfirliyin hərbi attaselik aparatı əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.
Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib, türk həkimlərinin onlara xüsusi qayğı göstərdiyini vurğulayıb. Səfir Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.
Görüşə qatılan qazilər də dövlətin onlara qayğı və diqqətindən razılıq edib, öz fikir və təkliflərini səsləndiriblər.