Ukraynanın müdafiə naziri Rüstəm Umarov ölkəni tərk etmiş vətəndaşların səfərbərlik proqramına daxil edilməsini təklif edib.
Hafta.az-ın “Bild” qəzetinə istinadən yazdığına görə, Umarov, “Hər kəs üçün ədalət istəyirik, çünki ölkəmiz təhlükə altındadır. Bu adamlara orduya çağırış göndərəcəyik” deyib.
Umarov hazırda Ukraynadan kənarda yaşayan 25-60 yaş arası bütün kişilərin hərbi xidmətə çağırılması üçün çağırış göndərilməsi lazım olduğuna diqqət çəkib və yayınanların sanksiyalara məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.
Ukraynalı nazir “Onlar könüllü gəlməsələr nə baş verəcəyini hələ də müzakirə edirik” deyib.
Öz əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə rəğbət bəsləmədiyini vurğulayan Umarov, “Ölkənizi müdafiə etmək və onu qorumaq cəza deyil, şərəfdir" deyə bildirib.
Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin üzvü, Xristian Demokratik Birlik Partiyasından Roderayç Kayesevetter daha əvvəl Almaniyadakı ukraynalı fərarilərdən 10 diviziya yaradıla biləcəyini açıqlamışdı.
Digər tərəfdən, Ukrayna mətbuatında yer alan xəbərlərə görə, xaricdə yaşayan ukraynalıları səfərbər etmək istəyən müdafiə naziri Rustam Umarovun özünün həyat yoldaşı və azyaşlı uşaqlarının ABŞ-da yaşadığı üzə çıxıb. Onların 2016-cı ildə “Umarovun Krımdakı fəaliyyəti nəticəsində sui-qəsd cəhdləri və təhdidlər səbəbindən” ABŞ-a köçdükləri iddia edilir.
Nazirin oğlunun 10, qızlarının 8 və 2 yaşı var.
Krım tatarı Rustam Umarov sentyabrın əvvəlində Ukraynanın müdafiə naziri təyin edilib. Əvvəllər o, “Səs” partiyasından Ali Radanın deputatı və Ukrayna Dövlət Əmlak Fondunun sədri olub.