Vaşinqton strateji maraqlarını erməni lobbisinə qurban verir - TƏHLİL

20:50 04.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan beynəlxalq hüquqla tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini tam təmin edəndən sonra ölkəmizə qarşı bəzi güc mərkəzləri tərəfindən çirkin kampaniyaya start verilib. Söz yox ki, bu kampaniyanın arxasında hansı maraqların və maliyyə mənbələrinin dayandığı heç kimə sirr deyil.

44 günlük müharibənin ilk günündən Ermənistanın yanında duran Fransa ilə yanaşı,  antiterror tədbirlərindən sonra erməni kartının tamamilə əllərindən çıxdığını başa düşən ABŞ-də də Azərbaycanı hədəf seçiblər. Bədnam “907-ci düzəliş”in Konqresdə yenidən bərpası ilə bağlı məlum qərardan sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqtonun dövlət katibi səviyyəsində ricasına yaşıl işıq yandıran rəsmi Bakıya qarşı təzyiq siyasəti bu dəfə media üzərindən aparılır.

Son günlərdə ABŞ və Qərbin Azərbaycanda “5-ci kolon” üzvlərinə qarşı həyata keçirilən təmizləmə əməliyyatlarını “demokratiyanın boğulması, söz azadlığına zərbə” kimi təqdim edən Qərb mətbuatının təlimatları haradan aldığı məlumdur.

Əslində bu mərkəzlərin və mətbu orqanların Azərbaycan əleyhinə təbliğatı aldıqları pullar müqabilində erməni lobbisi qarşısında hesabat mahiyyəti daşımaqdan başqa bir şey deyil. Çünki rəsmi Vaşinqton da anlayır ki, Azərbaycan dövləti, onun ali rəhbərliyi heç bir təzyiq və siyasi şantaja boyun əymir. Əksinə, milli maraqlar, dövlət mənafeyi hər şeydən üstün tutulur, bu məsələlərlə bağlı müzakirələrdə diktə edən tərəf hər zaman Bakıdır.

Azərbaycan olmadan, onun razılığı alınmadan bölgədə hər hansı layihələr, planlar reallaşdırıla bilməz, maraqlar təmin olunmaz. Uzunmüddətli hədəfdə Mərkəzi Asiya regionuna çıxışı qarşısına hədəf qoyan Qərb, xüsusilə də ABŞ bu siyasətin reallaşmasında bölgənin qapısı olan Azərbaycana, onun tranzit imkanlarına və geosiyasi mövqeyinə sadəcə möhtacdırlar.   

Bunu Parisdə də, Brüsseldə də, Vaşinqtonda da çox gözəl anlayırlar. Sadəcə Qərb siyasi təfəkküründə onlar planlarını reallaşdırdıqları zaman müzakirə apardıqları (təbii ki, sözdə müzakirə nəzərdə tutulur) dövlətlər yalnız onların dedikləri ilə razılaşmalı, milli maraqlarını bir kənara qoyaraq bu güc mərkəzlərinin pionu qismində hər dediklərinə “hə” deməlidirlər. Lakin, Azərbaycan həyata keçirtdiyi siyasətlə, duruşuyla, müstəqil dövlət olduğunu, müstəqil siyasətə malik olduğunu qəbul etdirməklə bu stereotipi darmadağın edir. Bu zamana qədər işğal faktına görə, hansısa məqamlarda bəzi güzəştlərə yer versək də, artıq 30 il ərzində Bakıya qarşı ən güclü təzyiq vasitəsi sayılan Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə göndərilib.     

Bu gün vaxtilə bizimlə təzyiq diliylə danışmağa çalışanlar artıq yeni reallıqları qəbul etməli, erməni lobbisinin qulu olmaqdan çıxaraq “parçala, hökm sür” siyasətindən əl çəkməli, Azərbaycanı bərabərhüquqlu, bərabər səviyyəli tərəfdaş kimi görməlidirlər. Əks təqdirdə, Cənubi Qafqazı da, Mərkəzi Asiyanı da birdəfəlik itirməyə məhkumdurlar. İndi seçim qarşı tərəfdədir.

Ləman Əliyeva