Yağış sularında batan sahibkarlar - Problem

19:09 01.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə paytaxt ərazisinə yağan güclü yağış nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı. Nəticədə, xeyli sahibkara ciddi ziyan dəydi.

Qeyd edək ki, sözügedən ticarət mərkəzlərində bu hal ilk dəfə deyil baş verir. Müxtəlif dövrlərdə bu ticarət mərkəzlərində fövqəladə hallar müşahidə olunub və nəticədə sahibkarlara külli-miqdarda ziyan dəyib, amma bu zərərin qarşılığı çox vaxt ödənilməyib. Belə ticarət mərkəzlərində sığorta problemi mövcuddur.

Maraqlıdır, görəsən, bu kimi hallarda dəymiş ziyan hansı formada qarşılanmalıdır? İri ticarət mərkəzlərində sığorta probleminin mövcudluğuna səbəb nədir? Sahibkar, yoxsa sığorta şirkəti əməkdaşlıqda maraqlı deyil?

Məsələyə münasibət bildirən sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, əslində, sığorta şirkətləri belə ticarət obyektlərində sığortalanmanı həyata keçirməkdə maraqlı deyillər:  “Binə” və “Sədərək” kimi ticarət mərkəzlərində sənədsiz və ya Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlər var. Sığorta şirkətləri belə ticarət obyektlərində sığortalanmanı həyata keçirməkdə maraqlı deyillər. Qaydalara görə, daşınmaz əmlakın icbari sığortası ilə bağlı və ya içəridə olan malların könüllü sığortalanması ilə bağlı sığorta şirkətləri dəvət edilməlidir. Şirkət gəlir, baxır ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunub, ya, yox. Adətən, “Binə” və “Sədərək”ə FHN sənəd vermir, çünki orada təhlükəsizlik qaydaları pozulur. Eyni zamanda, sahibkarlar mal gətirərkən onu bəyan etməlidirlər. Vergi bəyannaməsi olmalıdır və ya VÖEN hesablarında nə qədər mal satacaqlarını bəyan etməlidirlər. Sığorta şirkətləri gömrük bəyannaməsi tələb edir. Sığorta hadisəsi zamanı risklər malın dəyərinə uyğun hesablanır.  “Mall”larda isə sığorta şirkətləri növbəyə durur. Onların sənədləri qaydasında olur. Yəni burada sığorta problemi təhlükəsizlik qaydalarına əməl olunmamasından və sənədlərin qaydasında olmamasından qaynaqlanır”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Əyyub Kərimli isə deyib ki, istənilən ticarət mərkəzində sahibkarlarla rəsmi müqavilə vacib şərtdir: “Sədərək” və “Binə” ticarət mərkəzləri nəinki Azərbaycanın, bütövlükdə Qafqazın ən böyük ticarət mərkəzləridir. Ticarət mərkəzi hər bir sahibkarla fərdi müqavilə imzalamalı və sahibkarlara dəyən ziyan hüquqi çərçivədə öz həllini tapmalıdır. Orada həm icarəyə çalışanlardan, həm də vaxtilə mülkiyyətçi kimi hər hansı bir ticarət sahəsini əldə edən şəxslərdən böyük məbləğlərdə icarə haqqı yığılır. Həmin ticarət mərkəzləri ilə orada fəaliyyət göstərən sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsası yoxdur. Yəni həmin ticarət mərkəzlərində hərc-mərclik baş alıb gedir. Həm vergidən yayınma halları, həm də əsassız yığmalar çoxdur. Bu halların baş verməsində məsuliyyət bilavasitə ticarət mərkəzinin öhdəliyinə düşür. Əgər onlar icarə haqqı yığırlarsa, bütün təhlükəsizliyi təmin etməlidirlər ki, sahibkarlar xoşagəlməz hallarla qarşılaşmasınlar. Buna həm yanğın, həm subasma, həm də digər təhlükəsizlik məsələləri daxildir. Yaxşı olardı ki, münasibətlər hüquqi çərçivədə həll edilsin və hər bir sahibkarla fərdi müqavilə bağlansın. Bundan əlavə hər kəsin öhdəliyi və vəzifəsi müəyyənləşməlidir. Bu cür hallar baş verdikdə sahibkar da o müqaviləyə istinad edərək məhkəmə və ya digər vasitələrlə öz hüquqi haqqını tələb edə bilər. Təəssüflər olsun ki, bu gün o proseslər getmir, sahibkarların da hüququ pozulur və heç nə tələb edə bilmirlər”.

Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi isə "Binə” və “Sədərək” ticarət mərkəzlərinin su basmasının sığorta hadisəsi hesab olunduğunu bəyan edib. Məlumata görə, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar: “ASA olaraq sahibkarlara müraciət edərək bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur”.

Qurumdan o da bəyan edilib ki, daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir: “Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur”.