YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib

21:22 04.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın birgə mətbuat konfransı keçirilib.

Hafta.az xəbər verir ki, mətbuat konfransında Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsiz dostluq-qardaşlıq və əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.

“Ölkələrimizi bir-birinə bağlayan amillər təkcə strateji müttəfiqlik münasibətləri, dövlət maraqları – dövlətçilik mənafeləri deyil, eyni zamanda, ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələridir”, - deyən Tahir Budaqov iki ölkənin liderlərinin – Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, milli maraqlarımızın uğurla təmin edildiyini vurğulayıb.

Dövlətlərarası əlaqələrdə son 20 il ərzində böyük inkişaf yolunun qət olunduğunu deyən YAP Sədrinin müavini bildirib ki, 44 günlük Vətən müharibəsi qardaşlığımızın sarsılmazlığını bir daha sübuta yetirdi. 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanmasının dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini şərtləndirdiyini deyən Tahir Budaqov bildirib: “Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan haqq işini qələbə ilə yekunlaşdırdı - əzəli və əbədi torpağımız olan Qarabağda lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə ölkəmizin suverenliyi, konstitusiya quruluşu tam bərpa edildi. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsi qardaşlıq örnəyi kimi yüksək qiymətə layiqdir”.

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da yeni imkanlar və perspektivlər yaratdığını bildirən YAP Sədrinin müavini mövcud gerçəkliklər fonunda türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüslərinin böyük önəm daşıdığını diqqətə çatdırıb.

İki ölkənin iqtidar partiyaları – YAP ilə AK Parti arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyən Tahir Budaqov “Azərbaycan-Türkiyə birliyinin güclənməsi və işbirliyinin dərinləşməsində partiyalarımız arasında əməkdaşlığın mühüm rolu var” deyib. İqtidar partiyaları arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini söyləyən YAP Sədrinin müavini bildirib: “2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyətimizi uğurla davam etdiririk. Eyni zamanda, Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini diqqət mərkəzində saxlayırıq. Bu il noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyası arasında Anlaşma Memorandumunun imzalanmasını bu baxımdan xüsusi qeyd etmək lazımdır. Bu fakt YAP ilə AK Parti arasındakı sıx təmasların təkcə ikitərəfli münasibətlərin inkişafını əhatə etmədiyini, həm də çoxşaxəli əməkdaşlığa hədəfləndiyini təsdiqləyir”.

AK Parti nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyən Tahir Budaqov “Hakim siyasi partiyalar kimi qarşılıqlı fəaliyyətimizi uğurla davam etdirəcək və əlaqələrimizi daha da gücləndirəcəyik. Biz birlikdə güclüyük və bundan sonra da möhtəşəm uğurlara imza atmaq əzmindəyik” deyib.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və strateji müttəfiqliyi bu gün dünyada mühüm bir reallıqdır və tamamilə fərqli məzmuna, müstəsna əhəmiyyətə malikdir. “İstər Azərbaycan Prezidenti İlham Əliyev, istərsə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman iki qardaş ölkə arasında münasibətlərin bənzərinin olmadığını, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu qürurla ifadə edirlər. Təqdirəlayiq haldır ki, ölkələrimiz bu gün dünyada davamlı inkişafı və yüksək nüfuzu ilə fərqlənir, beynəlxalq münasibətlər sistemində layiqli yer tutur və öz mövqelərini möhkəmləndirirlər. Dövlət başçılarının iradələri əsasında Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz xarakter alıb və ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan yeni hədəflərinə əmin addımlarla irəliləyən Türkiyəyə öz qardaş dəstəyini göstərir. Türkiyədə bu ilin əvvəlində baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyinin unudulmaz olduğunu xüsusi qeyd etmək istəyirəm. Türkiyə də öz növbəsində Azərbaycanın yanında olduğunu qətiyyətlə ifadə edir. Xüsusilə də 44 günlük Vətən müharibəsində və sonrakı proseslərdə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə ictimaiyyəti qardaş Azərbaycana birmənalı mənəvi-siyasi dəstəyini ifadə edib, qətiyyətli mövqe ortaya qoyub. Bu, bizim qardaşlıq borcumuzdur və sarsılmaz birliyimizin bariz örnəyidir. Bütün bunlar sevincimizin də, kədərimizin də bir olduğunu təsdiqləyir”.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi hadisə kimi dəyərləndirən Zafer Sırakaya Azərbaycan ilə Türkiyənin birgə təşəbbüslərinin regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib: “Azərbaycanın Qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb. Təbii ki, bu tarixi mərhələ ölkələrimiz və partiyalarımız üçün də yeni vəzifələr müəyyənləşdirib. Hakim partiyalar kimi YAP ilə AK Parti həm ikitərəfli münasibətlərin inkişafı, həm də yeni gerçəkliklərdən irəli gələn hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərirlər. Artıq qeyd olunduğu kimi, biz 2021-ci ildə Əməkdaşlıq Protokolu imzalamaqla partiyalar arasında qarşılıqlı faydalı işbirliyinin möhkəm siyasi-hüquqi əsaslarını yaratmışıq və səmərəli fəaliyyətimizi davam etdiririk. Əməkdaşlıq Protokolu Yeni Azərbaycan Partiyası ilə AK Parti arasında çoxşaxəli işbirliyini təsbit edən mühüm yol xəritəsidir və sənəddə əks olunan öhdəliklərin yerinə yetirilməsi bizə yeni nailiyyətlər qazandıracaqdır”.

Rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin partiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edən Z.Sırakaya “Yeni çağırışlar bizi daha güclü olmağa vadar edir. Qardaş ölkələrin hakim siyasi partiyaları kimi qarşıda duran bütün hədəfləri gerçəkləşdirəcəyimizə şübhə yoxdur. Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik” deyib.