“200 kilometrlik ərazi təhlükəsizlik zolağı rolunu oynayacaq” - Ekspert

18:19 22.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2022-ci il 12-14 sentyabr tarixində Ermənistanın diversiya təxribatının sərhəddə qarşısının alınması yönündə Azərbaycan silahlı qüvvələrinin verdiyi cavab, silahlı qüvvələrimizin əməliyyatlar tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusu 200 il sonrakı tariximizə baxışda yeni konfiqurasiya yaratdı. 27 sentyabrdan 2 il sonra aparılan məlum əməliyyatlarda canından keçən şəhidlərimizin “Zəngəzur Şəhidləri” adlandırılması əbəs deyil və bu, tariximizə qayıdışımızın imzasıdır”.

Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev 2020-ci il 27 sentyabr əks-hücum əməliyyatının 2-ci ilinə 2 həftə qalmış Azərbaycan Ordusunun növbəti dəfə Ermənistan hərbi qüvvələrinin törətdiyi hərbi təxribata verdiyi “Qətiyyətli cavab” əməliyyatının əhəmiyyəti və hansı tarixi missiyanı daşıdığını təhlil edərkən bildirib.

E.Şıxəliyev qeyd edib ki, erməni təxribatlarına qarşı əməliyyatların keçirildiyi bölgə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə olan bir coğrafiyada idi. Əməliyyatların gecə şəraitində aparıldığına toxunan hərbi ekspert bu məqama xüsusilə diqqət çəkib:

“Görünən odur ki, bizim silahlı qvvələrimiz gecə əməliyyatları aparmaq səviyyəsinə yüksəliblər. Bu, xüsusən də müasir ordulara xas olan bir xüsusiyyətdir. Çünki gecə görmə şəraitində əməliyyatları aparmaq, əldə olan texnoloji avadanlıqlarla dəstəklənmiş silahlara bağlıdır. Bu da onu göstərir ki, Azərbaycan artıq əməliyyatları gecə müşahidə etmə rejimində apara bilir”.

E.Şıxəliyev bildirib ki, Ermənistan sərhəddə son təxribatları törətməklə növbəti dəfə Azərbaycanın siyasi - hərbi iradəsini test etmiş oldu və misli ilə cavabını aldı. Onun fikrincə, Ermənistan ordusunun itkiləri ortadadır və qarşı tərəf itkilərinin 200 nəfər olduğunu bəyan edir.

“Son bir neçə gündə Azərbaycan tərəfi Qızıl Xaç Cəmiyyətinin vasitəçiliyi ilə 95 nəfər erməni hərbçisinin cəsədini təhvil verdi. Ermənistan şəxsi heyət arasında itkiləri haqqında tam məlumatlı deyil. Cəsədləri əllərində olmayanarı isə itkin kimi göstərirlər. Ermənistanın bu itkinləri özlərinə qaytarıldıqdandan sonra törətdikləri təxribatla nəyə nail olduqlarının fərqində olacaqlar”.

Hərbi ekspert bildirib ki,  Azərbaycan silahlı qüvvələri, xüsusən də Komando Briqadalarımızın əməliyyata cəlb olunması və 2 gün ərzində Ermənistan silahlı qüvvələrinin əvvəlki dislokasiya mövqelərinin 200 kvadrat kilometr nəzarətimizə keçməsi çox ciddi xəbərdarlıq sayılmalıdır.

“Bu əməliyyat Azərbaycan tarixində yeni bir səhifə açmış oldu. Əməliyyatların mahiyyət etibarilə tarixi torpaqlarımızda həyata keçirilməsi Ermənistana bundan sonra törədə biləcəkləri təxribatların artıq nəyə səbəb olduğunu göstərdi. 200 kilometr  ərazidə silahlı qüvvələrimizin əraziləri atəş və müşahidə nəzarətinə götürməsi gələcəkdə bu ərazilərdən Azərbaycanın sərhəd bölgəsinə, ərazi bütövlüyümüzə, müstəqilliyimizə mümkün olan təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik zolağı rolunu oynayacaq.  Gələcəkdə Ermənistan  yenidən təxribatlara əl atanda artıq ən azı onların atdığı atəşlər gələcəkdə bizim bu bölgələrə məskunlaşacaq mülki əhalimizə təsiri minimuma endirilsin. Ən azı artilleriya atıcı silahlarının atacağı atəşlər, diversiya qruplarının ərazimizə çatması önlənmiş olacaq”.

Hərbi ekspert hesab edir ki, “Qətiyyətli cavab” əməliyyatı strateji tapşırıqlarımıza xidmət edən cəzalandırma tədbiri oldu. 

“"Qətiyyətli cavab" əməliyyatından sonrakı mərhələdə  Azərbaycan siyasi müstəvidə, istərsə də əməliyyatlar bölgəsində təşəbbüsü öz lehinə çevirmiş oldu. Zatən təşəbbüs bütün sərhəd bölgələri də daxil olmaqla əlimizdə idi. Lakin artıq təmas xəttinin gələcəkdə sərhəd bölgəmizin indiki dislokasiya rayonlarına, silahlı qüvvələrimizin mövqelərinin o bölgələrə keçməsi ilə biz yeni status-kvo, yeni konfiqurasiya yaratmış olduq. Bu da silahlı qüvvələrimizin rəşadəti hesabına oldu.

Bu, Şəhidlərimizin qanı, hərbçilərimizin təri bahasına başa şəldi. Təbii ki, Şəhidlərimizə Allah rəhmət eləsin. Bu əməliyyat, Azərbaycan dövlətçilik tariximizdə “tarixi torpaqlarımızı qayıtma” əməliyyatı kimi yadda qalacaq. 13 sentyabr Şəhidlərimizin "Zəngəzur Şəhidləri" adı ilə adlandırılması daha da qürurvericidir. Çünki Zəngəzur, Göyçə hər zaman bizim xəyalımızın əraziləri idi.  Həmişə bu ərazilərlə bağlı bir daxili niskilimiz var idi. Şəhidlərimiz qanı ilə gedəcəyimiz bu yolda olan boşluqlar dolduruldu”.

 E.Şıxəliyev hesab edir ki, sülhə məcburetmə əməliyyatları fonunda Ermənistan tez bir zamanda öz qeyri-qanuni silahlı birləşmələrini Qarabağdan çıxartmalıdır. Eləcə də sərhədlərin delimitasiyası, demorkasiyası həyata keçirilməli, xüsusən də Zəngəzur koridoru açılmalıdır.

“Növbəti mərhələdə Azərbaycanla masada oturan Ermənistanın sülh sazişi yönündə atacağı addımlar bundan ibarətdir. Hesab edirəm ki, ermənilər 12-13 sentyabrda başlarına dəyən yumruqdan sonra mövcud vəziyyəti daha ağılla dəyərləndirə biləcəklər. Ondan sonra Azərbaycanla mümkün ola biləcək yol xəritəsinə yenidən baxmış olacaqlar”.

Oxunma sayı 1930
Gündəm rubrikasından digər xəbərlər