Azərbaycanı Zəfərə aparan Tarix

12:15 29.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xalqımız üçün müqəddəs olan 27 sentyabr tarixini hüznlə, amma həm də millətimizin içində heç vaxt sönməyəcək, çox qəribə sevinc hissi ilə andıq. Məhz bu tarixdə cəmi 44 gün çəkən və Ermənistanın kapitulyasiya sənədini imzalaması ilə başa çatan Vətən müharibəsinə start verilib.

Təxminən, 30 ilə yaxın düşmən tapdağında qalan Vətən torpaqlarını azad etmək üçün 2020-ci il sentyabrın 27-də səhər saatlarında düşmən qüvvələrinin bitib-tükənməyən hərbi təxribatlarına qarşılıq verən Ordumuz əks-hücum əməliyyatına başlayıb.

Məlum olduğu kimi, əməliyyat noyabrın 10-dək davam edib. Himnimizdə də deyildiyi kimi, minlərlə canın qurban olması bahasına 30 illik həsrətə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi və bu böyük Zəfər Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Geridə buraxdığımız 30 il, sadəcə, ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyi dövr kimi deyil, həm də Rusiya, Fransa və ABŞ-ın timsalında Minsk Qrupunun ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə planlı şəkildə biganəliyi ilə xatırlanmalıdır. Erməni işğalını legitimləşdirməyə çalışan bu üç dövlətin başaldadıcı fəaliyyəti sayəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün üç onillik dövrdə dədə-baba torpaqlarının nisgili ilə yaşadılar, hətta yaşlı nəslin böyük hissəsi bu arzunu özləri ilə qara torpağa apardılar. Bir gün vəfat etmiş əzizlərinin məzarlarını ziyarət edə biləcəklərini dünürkən, öz cisimlərini vətən torpağı olsa da, əzizlərinin məzarlarından uzaqda torpağa gömdülər. Bax, 30 illik işğal və bu amansız prosesi himayə edənlər Azərbaycan xalqına belə böyük iztirab yaşadıblar.  

Ən pisi o idi ki, Azərbaycan torpaqlarına olan hərislik ermənilərin heç vaxt doymayan iştahasını daha da artırmışdı. Dörd il öncə ölkəsini səfalətdən qurtaracaq, iş yerləri yaradacaq və xalqı necə deyərlər, ağ günə çıxaracağına dair vədlər verərək hakimiyyətə gələn Nikol Paşinyan və komandası tamamilə əks-müstəvidə fəaliyyət göstərdi. Başda Paşinyan olmaqla, yeni erməni iqtidarı ikigündənbir işğal olunmuş Azərbaycan torpaqlarına gəlir, Şuşada, Xankəndidə xalqımızın heysiyyətini qıcıqlandıran bəyanatlar verir və bir az da azğınlaşaraq yeni ərazilər işğal etmək sevdasına düşürlər. 2019-cu ilin mart ayında ovaxtkı müdafiə naziri David Tonoyan ABŞ-da "yeni torpaqlar tutmaq üçün müharibə" çağırışını edib. Nəticəsi də özünü çox gözlətmir, bir il sonra - 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədilib. Əlbəttə, burada məqsəd bölgədə gərginliyi artırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək idi. Söz yox ki, ordumuz düşmənə layiqli cavab verdi. Amma ermənilər arxalarında dayanan havadarların təhriki ilə 2020-ci ilin avqust ayında terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi...

Səbir kasası dolan Azərbaycan xalqı və dövləti qəti addınlar atmağa qərar verdi və sentyabrın 27-də başlayan əks-hücum düşməni bir daha ayağa qalxmayacaq vəziyyətə saldı. Hərbi əməliyyatın ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

Ümumilikdə, Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. O cümlədən, oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Noyabrın 10-da Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən isə qısa vaxtda Ağdam, Kəlbəcər və Laçın rayonları bircə güllə atılmadan, heç bir şəhid verilmədən düşmən əsarətindən qurtarılıb.

Fərəhverici haldır, müharibənin ilk günü Prezident İlham Əliyev Füzuli döyüşləri barədə danışarkən deyirdi ki, “Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək...” və nəhayət, bu doğma torpaq düşmən əsarətindən azad edildi. Həm də ön cəbhə olduğu üçün, çox böyük canlı qüvvə itkisi bahasına. Müharibənin son günü – noyabrın 8-də Şuşa işğaldan azad olunanda da dövlət başçısı məhz Şəhidlər xiyabanından xalqa necə deyərlər, gözaydınlığı verdi – “Şuşa Azərbaycandır!” – dedi.

Çox qəribədir, 44 günlük müharibədə qazanılan Şanlı Zəfər 3 minə yaxın şəhid verən, minlərlə qazisi olan Azərbaycan xalqını küçə və meydanlarda azadlıq sevincinə boğmaqla yanaşı, həm də ölkəmizin və məhz bir gözündən kədər, bir gözündən sevinc yaşı axan xalqımızın əsl dostunu da, düşmənini də üzə çıxardı. Dostumuz eyni dili, eyni qanı bölüşdüyümüz qardaş Türkiyə, mənəvi yardımları ilə bizi tək buraxmayan Pakistan, bacardığı dəstəyi verən İsrail, sözdə olsa da az-çox dəstək verməyə çalışan türk dövlətləridir. Düşmənimiz isə daha çoxdur. Vaxtilə Azərbaycan torpaqlarını işğal etməkdə ermənilərə birbaşa hərbi-texniki və canlı qüvvə ilə dəstək vermiş, 30 il Ermənistanın timsalında işğal siyasətini dəyişməz saxlamış Rusiya hansısa hərbi-siyasi maraqları xatirinə seyrçi mövqeyində qalsa da, üç onillik dövr ərzində guya bizə sülh yaratmaqda dəstək verməyə çalışmış Fransa əsl üzünü göstərdi, Azərbaycanın əleyhinə qatı nifrətdolu ultimatumlar verdi, Fransa senatı daha da irəli gedərək, hökumətə Dağlıq Qarabağın müstəqilliyini tanımağı tövsiyə etdi, heç vaxt bizimlə problemi olmayan Yunanıstan və yunan Kipri ermənilərə dəstək nümayiş etdirdi, hətta onlara hərbi yardım edə biləcəyini dilə gətirdi. Ən pisi isə o oldu ki, hər zaman Azərbaycana “şiə təəssübkeşliyi” ifadə edən, Azərbaycanın dövlət müstəqilliyini və inkişafını heç vaxt həzm etməyən İran da ermənilərə arxa çıxdı. İran sərhədimizə ordu topladı, ardıyla hərbi təlimlərə başladı, iranlı yanacaq daşıyan tanker avtomobillər isə sanki Ordumuzu qıcıqlandırmağa çalışırmış kimi, Şəhid qanı ilə islanmış Vətən torpaqlarımızı yarıb, Xankəndidəki separatçı rejimin harayına tələsirdilər. ABŞ-a gəlincə, o vaxt prezident seçkiləri keçirilən ərəfə idi, dinib-danışmadılar. Bu, heç də Vaşinqtonun Azərbaycanın öz torpaqlarını azad etməsini alqışladığı anlama gəlməməlidir. Niyə? Çünki son vaxtlar “ölmüş və dəfn edilmiş” Minsk qrupunu dirçəltmək cəhdləri, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinun İrəvana gəlib Azərbaycanın əleyhinə sərsəmləməsi ABŞ-ın da xristian-Qərb blokunda müsəlman Azərbaycana qarşı dayandığını isbat edir.

Bu yerdə misirli yazıçı və blogger Sabir Məşhurun dediklərindən sitat gətirək. Cənab Məşhur Pelosinin səfərini şərh edərkən deyir ki, bu qoca qarı nə demokratiya tanıyır, nə də gözündən yaş axıda biləcək incə qəlbə malikdir. O, sadəcə, xristian qütbünün qəddar nümayəndəsidir. “Osmanlı Ordusu tərəfindən, guya, qətlə yetirilmiş ermənilərin dırnaqarası soyqırımı abidəsi önündə ağlamağa çalışan Pelosinin gözündən yaş çıxdımı, məncə yox. Çox çalışdı bu baş versin, amma alınmadı, çünki onun ağlayacaq hissi yoxdur. Həm də saatlarla vaxt ayırdığı sifətinə etdiyi makiyajı pozmaq istəməzdi. Axı ağlasaydı, sifəti makiyaj rənglərinə boyanmalı idi”, – Sabir Məşhur deyir.

Bu arada, Azərbaycan müstəqil olduğu 30 il ərzində İran tərəfindən həmişə eşitdiyi bu olub: İran Amerikanın və sionistlərin (İsrailin) sərhədlərində peyda olmasına icazə verməyəcək. Çox maraqlıdır, Çini (həm də İranın əsas ticarət tərəfdaşı) müharibəyə təhrik etmək məqsədilə Tayvana səfər edən bu qarı indi də Ermənistanda, İranın düz sərhədində zühur edib, amma Tehran səssiz qaldı.

Bu arada Nensi, Allah eləməsin, Bakıya səfər etmiş olsaydı, İran hansı reaksiyanı verərdi? Hansı ki, Pelosinin Ermənistan səfərindən az sonra İranda qadınların timsalında xalq küçələrə tökülüb... 

Sözümün canı budur ki, 27 sentyabrda başlayan əks-hücum əməliyyatları yalnız torpaqlarımızı bizə qaytarmadı, həm də dost libaslı düşmənlərimizi tanıtdı. O dostları ki, bu gün də mənfur düşmənin 30 illik işğalı ərzində daşını-daş üstə qoymadığı Azərbaycan torpaqlarının bərpasında və yenidən tikilməsində cani-dildən əmək sərf edirlər. Əlbəttə, qazan-qazan prinsipi var, amma hər halda yüzminlərlə məcburi köçkünün daha tez ev-eşiyinə dönməsi üçün dostların köməyi zəruridir...

Sonda qeyd edim ki, 27 sentyabr tarixini şəhid məzarları başında anım günü olaraq kədərlə xatırlasaq da, inşAllah, cəmi ayyarımdan sonra – noyabrın 8-də böyük coşqu ilə, sevinclə Zəfər Gününü qeyd edəcəyik. Həmin günü bizə məhz 27 sentyabrdan başlayaraq öz qanı bahasına xalqımızı Zəfərə qovuşduran Şəhidlərimiz, qazilərimiz və bugünkü veteranlarımız nəsib ediblər.

Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin.

Vüsal Tağıbəyli

Oxunma sayı 1644
Gündəm rubrikasından digər xəbərlər