Bələdiyyənin günahı üzündən ac itlər bir-birini yeməyə başlayıblar

13:35 10.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qaziantep vilayətində pitbull cinsindən 2 itin hücumu zamanı 4 yaşlı Asiye Atəşin ağır yaralanmasından sonra İğdır Bələdiyyəsi mərkəzdə və vilayətin digər rayonlarındakı sahibsiz itləri toplayaraq heyvan sığınacağına aparmaqdansa, Ağrı dağının ətəyində yerləşən boş qalmış Şanlı Mirzə kəndinin ərazisinə buraxıb.

Hafta.az-ın yazdığına görə, burada qidalanmağa yemək və su tapmayan itlər bir-birilərini yeməyə başlayıblar. Sağ qalan itlərin bir çoxu isə canavarların yeminə çevrilib. Baş verənləri ictimailəşdirən kənd sakini Kasım Çirka acınacaqlı mənzərəni videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. K.Çirka bildirib ki, itlərin vəziyyətini gördükdən sonra psixoloji sarsıntı keçirib, baş verənlərin baiskarlarının mütləq cavab verməsini istəyir. 

"Mən burada yaşayıram. Axşamüstü ağ rəngli bir maşın həmin sahibsiz itləri gətirərək bu əraziyə buraxdı. Vəzifəlilərdən xahiş edirik ki, gəlib vəziyyətlə yerindəcə tanış olsunlar. Çox acınacaqlı haldır, itlər bir-birini yeməyə başlayıblar. Sağ qalanları toplayıb sığınacağa aparsınlar, yeməkdən-zaddan versinlər. Bu çox böyük zülmdür, insanlığa sığmayacaq şeydir", - deyib kənd sakini.