Danimarka 300 məhbusu Kosovo həbsxanalarına yerləşdirəcək

19:49 16.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Danimarka 300 məhbusu Kosovo həbsxanalarına yerləşdirəcək.

Hafta.az bildirir ki, Danimarkanın Kosovoda 300 nəfərlik həbsxana kirayə götürəcəyinə dair məlumat mətbuatda dərc olunmasından sonra Kosovo Ədliyyə Nazirliyindən açıqlama verilib. Gələn həftə Kosovo Ədliyyə Nazirliyi ilə Danimarka arasında imzalanması gözlənilən müqavilənin Kosovo Assambleyası tərəfindən təsdiqlənməsi lazımdır.

Kosovo mətbuatında yer alan xəbərə görə, terror aktı törədən şəxslər və psixi sağlamlıq problemi olanlar istisna olmaqla, yalnız Danimarkada məhkəmələr tərəfindən 10 il həbs cəzası alan məhbuslar müqaviləyə daxil ediləcək.

Danimarka ilə bu razılaşmadan Kosovonun ildə 15 milyon avro və bərpa olunan enerjiyə daha 6 milyon avro sərmayə, qanunun aliliyi ilə bağlı məsələlərdə ianə alacağı gözlənilir. İmzalanacaq yeni müqavilə ilə Kosovo həbsxanalarında fiziki infrastrukturun yenilənməsi, kadr potensialının inkişafı, təhsil və iş kimi sahələrdə təkmilləşdirmələrin aparılacağı düşünülür.

Kosovo həbsxanalarına yerləşdiriləcək məhkumların nəzarətinin təmin ediləcəyi və təhlükəsizlik məsələlərinin Danimarka dövləti tərəfindən tənzimlənəcəyi öyrənilib. Danimarka islah müəssisələrinin yüksək vəzifəli şəxsləri 2020-ci ilin oktyabr ayında Kosovo İslah Xidmətləri müəssisələrində olublar.