Səudiyyə Ərəbistanının Əl-Ula antik şəhərində naringi festivalına start verilib.
Hafta.az-ın yazdığına görə, Əl-Ula Valiliyi Kraliyyət Komissiyası (RCU) ilk naringi festivalının dünən başladığını və yanvarın 15-dək davam edəcəyini bildirib. Festival Əl-Ula şəhərinin min illərlə əvvəldən başlayaraq günümüzədək davam edən əkinçilik və bağçılıq mədəniyyətini yeni dövrün insanlarına tanıdacaq. Eyni zamanda, gələn qonaqlar Əl-Ula bağlarında yetişdirilən ən vacib meyvə olan naringi çeşidlərini sərgidə görə biləcəklər.
Səudiyyə Kraliyyət Komissiyası bu festivalı təşkil etməklə, kənd təsərrüfatında və başqa sahələrdə icra ediləcək layihələr vasitəsilə Əl-Ulanın iqtisadi inkişafına dəstək verməyi məqsəd güdür. Festivalın keçirilmə tarixi isə, məhz Əl-Ulada bu yerlərin simvoluna çevrilmiş çeşidli naringi məhsullarının yığım dövrünə təsadüf edir.
Mövsümlük naringi yığımı Əl-Ula sakinləri tərəfindən hər il həyəcanla gözlənilən mədəni və iqtisadi hadisə olaraq qəbul edilir. Bağlardakı 200 mindən çox bar verən, fərqli çeşidlərdə naringi ağacından yığılan məhsul Əl-Ulaya yaxın olan digər şəhərlərin bazarlarını da təmin etməkdədir.

Əl-Ula Valiliyi Kraliyyət Komissiyası, Səudiyyə Ərəbistanının 2030-cu il hədəfləri strategiyasına uyğun olaraq, iqtisadi imkanlar yaratmaq və istehsalçılar arasında rəqabət gücünü artırmaq, kənd təsərrüfatında inkişafı gücləndirmək üçün şəhər ətrafındakı bağçılıq işlərinə böyük diqqət göstərir. Eyni zamanda, şəhərin bu günü və sabahında önəmli turizm amili olan aqrar sektor haqqında məlumatlar verərək turistlərdə bənzərsiz təəssüratlar yaratmağı hədəfləyir.
Xatırladaq ki, naringi bağları Əl-Ulada tarixən həyatın bir parçası olub. Şəhərətrafı ərazilərdə adi portağal, şirin limon, acı portağal, şirin portağal, mandarin və klementin kimi keyfiyyətli meyvələr yetişdirilir.

Əl-Ula Valiliyi Kraliyyət Komissiyası İqtisadi və İctimai İnkişaf şöbəsinin rəhbəri Məhəmməd bin Sənəd əl-Şamri naringi festivalının ilk dəfə keçirildiyini bildirərək əlavə edib ki, tədbir Əl-Ulanın hədəflərini və bölgədəki vahələrdə aqrar tarazlığın qorunmasını təşviq edən "Zaman içində səyahət" təşəbbüsünün başladılması çərçivəsində təşkil olunub. O, bu festival vasitəsilə Səudiyyə Ərəbistanında Əl-Ulanın naringi bağçılığının mərkəzi kimi tanıdılması və eko-turizmin inkişafına dəstək vermək istədiklərini də əlavə edib.
Qeyd edək ki, Əl-Muhakkar fermer təsərrüfatının ev sahibliyində təşkil olunan naringi festivalında sadəcə meyvələr sərgilənməyəcək, həm də qonaqlara naringidən hazırlanmış yemək və içəcəklər təqdim olunacaq, üstəlik bu cür yeməkləri hazırlayan aşpazlara yerli mətbəxin sirləri də aşılanacaq.