İraqda seçkilər təxirə salına bilər  

11:40 17.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq Ali Federal Məhkəməsinin parlament sədri Məhəmməd əl-Halbusinin sədr vəzifəsindən və parlamentə üzvlükdən çıxarması ilə bağlı qərarından sonra ölkədə keçirilməsi planlaşdırılan yerli seçkilərin təxirə salınma riski var. Bundan əvvəl Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarlarını seçkiləri boykot etməyə çağırması da prosesin təxirə salınması riskini gücləndirən digər amildir.

Hafta.az-ın yazdığına görə, İraqın aparıcı siyasi təşkilatları şiə “Koordinasiya Çərçivəsi”ndə nüfuzlu partiyaların etirazlarına baxmayaraq, gələn ay keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınması məsələsini müzakirə edirlər.

Digər tərəfdən, deputatlığı ləğv edilən Halbusi bir gün əvvəl keçirdiyi mətbuat konfransında Ali Federal Məhkəmənin onu vəzifəsindən azad etmə və deputat mandatını alma qərarının konstitusiyaya zidd olduğunu bildirib. Qərarın siyasi deyil, hüquqi səbəblərinin açıqlanmasını istədiyini ifadə edən Halbusi, “İraq konstitusiyasında parlamentə üzvlüyün yalnız ölüm, istefa, ağır cinayət və ya xəstəlik kimi vacib hallar olduqda” ləğv edilə bildiyini deyib.

Halbusinin baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşündən sonra baş verən hadisə ilə bağlı Sudani siyasi prosesin əsas elementi olan siyasi qüvvələr arasında dialoqun başlanmasının və bütün problemlərin həllinin vacibliyini vurğulayıb.

“Koordinasiya Çərçivəsi” və Dövləti İdarəetmə Alyansı qüvvələri Halbusinin vəzifədən azad edilməsi və Sədrin seçkiləri boykot çağırışı ilə bağlı görüşlər keçirib.

İraq siyasətçiləri Sədrin boykot çağırışının və Halbusinin vəzifədən uzaqlaşdırılmasının Sudaninin rəhbərlik etdiyi hazırkı hökumətin qurulmasından bəri “Koordinasiya Çərçivəsi” qüvvələrinin sığındığı sabitlik düsturunu məhv edəcək “od topuna” çevriləcəyini düşünürlər.