İşğal altındakı Ukrayna şəhərlərində faciə - İnsanlar kömək istəyir

15:45 05.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya qoşunlarının Ukraynaya hücumundan ortalama 10 gün keçir. Əsgərlərinin sayına, silah və texnikasının qat-qat üstünlüyünə və təbii ki, ordusunun döyüş hazırlığına görə Ukraynadan dəfələrlə üstün olan ruslar, üzərinə yürüdükləri ölkənin müəyyən ərazilərini zəbt eləsələr də, itkiləri də az deyil. Elə bu məqaləni hazırlayarkən aldığımız xəbərə görə, Rusiya ilk gündən indiyədək 10 mindən artıq əsgərini itirib döyüşlərdə.

Amma bir şey var ki, ruslar işğal etdikləri ölkəni sadəcə işğal etmirlər, ələ keçirdikləri bölgələrin sakinləri ilə əsl düşmən kimi davranırlar. Hətta, 2-ci Dünya Müharibəsindən bəhs edən və məhz Moskvanın çəkdiyi filmlərdə faşistlərin etdikləri kimi.

Rus ordusunun zəbt etdiyi Ukraynanın şəhər və kəndlərində hazırda heç də ürəkaçan vəziyyət hiss olunmur. Evini tərk etməyə imkanı olmayan və bu üzdən də işğalçının silahı altında yaşamağa məhkum olmuş sadə ukraynalıların dilindən yerlərdəki vəziyyəti canlandırmağa çalışacağıq.  

 

“Düşmən bizi hər şeydən məhrum edib”

 

"Neçə gündür azyaşlı uşaqlarımızla, elə uşaq qədər həssaslaşmış qocalarımızla birlikdə Kaxovka ətrafındakı evlərimizdə sıxışıb qalmışıq. Burada böyük SES var, amma neçə gündür işığımız yanmır. Düşmən bizi həyatın hər cür nemətindən məhrum edib. Yeməyimiz yox, içməyə təmiz su tapmırıq. Qışın kəskin soyuğunda bilmirik donmaqdan necə xilas edək, ağlayan uşaqların qarnını nəylə doyduraq”, - Natalya adlı yerli sakin gileylənir.

Kaxovka kəndinin xanım sakini bildirir ki, ölüm risqindən qurtulmağın tək yolu işğal altındakı ərazilərdən Ukraynanın daha sabit bölgələrinə köçməkdir. Amma rus hərbçilər yollara nəzarət edirlər, sərbəst hərəkətə yasaq qoyublar. “Ən çoxu bir-iki gün yaşaya bilərik! Köməyə ehtiyacımız var! Başa düşürük ki, Xarkov və ya Kiyev deyilik, amma biz canlı insanlarıq! Kömək edin, heç olmaya uşaqlarımızı buradan çıxaraq”, - Natalya kənd camaatı adından yalvarır.

Natalya dəqiq fakta əsaslanaraq deyir ki, Rusiya işğalçılarının ərazini zəbt etməsindən cəmi beş gün sonra ölümdən qaçmağa çalışan Korsunka kəndinin sivil sakinlərini ruslar yolda güllələyiblər. “Biz hansı zamanda yaşayırıq, ömrümüz boyu alman-faşistlərin 2-ci Dünya Müharibəsi zamanı guya sivil insanları harda gördü öldürdüklərini əks etdirən filmlərə baxaraq böyümüşük, Moskva bizi faşistlərə nifrət hissi ilə yetişdirib. Elə isə soruşuram: Rusiya ordusunun heç bir səbəb olmadan işğal etdiyi ölkədə əliyalın insanları öldürməsinin adı nədir, bunu edənlərə nə deyək – faşistmi?.. O vaxt insanlar öz dərdlərini imkan düşdükdə açıqlaya bilirdilər, amma indi insanlar hansısa yolla əlaqə yarada bildikləri mediaya nəsə deməyə qorxurlar ki, on dəqiqə sonra ruslar gəlib cəzalandıracaqlar...”, - Natalya əlavə edir. 

 

“Biz zirzəmidə olanda ruslar evimizə girdilər...”

 

Cənubdakı Veselenin kəndinin sakini Aleksandr isə deyir ki, ruslar işğal etdikləri bölgələrdə yerli sakinlərin kişilərini Ukrayna ordusuna – öz Vətənlərinə qarşı savaşmağa dəvət edirlər. Amma onlar razılaşmırlar. “Rusların hücuma keçdiyini görən kimi uşaqları Xersona apardım, anam, qardaşım və övladları kənddə - Kazatskoyedə qaldılar. İndi biz susmayan artilleriyanın havada sayrışan mərmilərindən qorunmaq üçün bütün günü soyuq və rütubətli zirzəmidə qalmağa məcburuq. Arada içimizdən biri yuxarı qalxıb, telefon işləyirsə, harasa zəng vurmağa, neçə vaxtdır uzaq düşdüyümüz əzizlərimizlə əlaqə saxlamağa çalışırıq. Amma bu da telefonun yaxşı işləməməsi üzündən hər dəfə qismət olmur”, - deyir Aleksandr.

Aleksandr qeyd edir ki, zirzəmi olduqca soyuqdur, büründükləri qalın yorğanlar belə canlarını qızdırmır. Üstəlik, qardaşının azyaşlı uşaqları, yaşlı anası daha çox əziyyət çəkir. Artıq ərzaq ehtiyyatları da tükənir, ailənin yeyə biləcəyi heç nə qalmayıb.

“Biz zirzəmidə olarkən ruslar evimizə girdilər. Xəlvəti baxırdıq - dörd nəfər idilər. Onlar səs-küylə evdə nəsə axtarırdılar. Nəyinsə aşdığını, qab-qacaqların döşəməyə düşdüyünü hiss edirdik. Görünür evdə yemək-içmək, qiymətli şeylər axtarırdılar. Rus əsgərlər eynilə ötən əsrin 41-45-ci illərində faşistlərin etdikləri kimi, sahibsiz qoyduqları evləri soyub talan edirdilər”, - Aleksandr səsi titrəyir.

 

“Bizi hirsləndirməsəniz, heç kimə toxunmayacağıq”

 

Xarkov Kupyansk bölgəsində yaşayan Liana deyir ki, yaşadıqları ərazi Rusiyanın işğalı altındadır və bu səbəbdən də rusların nəzarətində qalmağa məcburdurlar. “Rusiyanın nəzarətində qaldığımız üçün kimsə bizə satqın deyəndə çox inciyirik. Biz nə satqınız, nə də separatçı, vətənimizi çox sevirik. Bölgəmizdə kimsə rusları nəinki sevmir, ümumiyyətlə, onlara azca rəğbəti belə yoxdur. Bəzi təbliğat hallarında deyildiyinin əksinə olaraq, kimsə onları duz-çörəklə qarşılamayıb. Yəqin ki, zamanı çatanda gəldikləri kimi də gedəcəklər”, - deyir Liana.

Şahid xanım bildirir ki, yaşadığı bu kiçik şəhər bir həftədən çoxdur rusların işğalındadır. Qeyd edir ki, onlar şəhərə gələndə, bütün günü küçələrdə şütüyən hərbi maşınları görürdülər. Çox güman ki, yanacaq axtarışındaydılar. “Açığını deyim, aramızdan kimsə düşmənə güc göstərmək üçün özünü təkərlərin altına atmadı – qorxurduq. Amma bilirdik ki, vəziyyət belə qalmayacaq. Onlar ilk gündən bizə qeyri-səmimi də olsa, mədəni davranırdılar, heç kimə atəş açmırdılar. Qarşımıza şərt qoymuşdular – “bizi hirsləndirməsəniz, heç kimə toxunmayacağıq” deyirdilər. Şəhərimizin ortasından çay axır axı, iki sahili birləşdirən körpünün üstündə nəzarət-buraxılış postu qurublar. Kim hara gedir – hamını saxlayıb sənədlərini yoxlayırlar. Bilirsiniz bu nə deməkdir, gəlmələr bizə öz şəhərimizdə nəzarət edirlər. Bu təhqirdir, dözülməz haldır” deyən Liana əlavə olaraq ukraynalılara xitabən xatırladır ki, heç kim onların rusların boyunduruğunda rahat və üzüyola yaşadığını düşünməsin. Çünki işğalın ilk günlərində - martın 1-də insanlar əsarətə dözməyib meydana çıxdılar. Əlbəttə, mitinqdə heç kimin silahı yox idi, əliyalın insanlar “Kupyansk Ukraynadır”, “Çıxın bizim şəhərdən” deyə qışqırırdılar. Həmin gün şəhər İcraiyyə komitəsinin binasında nə Ukraynanın, nə də ki, Rusiyanın bayrağı olmadığı üçün insanlar Ukrayna bayrağını asdılar.

“Adamlar üzərində iri “Z” hərfi yazılmış zirehli maşına tərəf qaçaraq “gedin buradan” qışqırırdılar. Orada hərbi mundirli, qoluna “Georgi lenti” bağlanmış bir kişi vardı – lap faşistlərin qolundakı üzərində xaça bənzər işarə həkk olunmuş lent kimi - mən onu əsgərlər arasında dəfələrlə görmüşdüm, deyəsən şəhərdəki işğalçıların öndərlərindən biriydi”, - deyir Liana.

Liana əlavə edir ki, ruslar əvvəl nə qədər nəzakətli davranmağa çalışsalar da, sonradan sifətləri dəyişdi. Əslində şəhər sakinləri onların tarixən nəzakətli olmadığını bilirdi. Axı nəzakətli, mədəni insanlar niyə başqa bir xalqın ömür boyu qurub-yaratdığı şəhərləri, ev-eşikləri bir andaca darmadağın eləsin, insanları heç bir günahı olmadan güllələyib öldürsünlər? Onlar nümayişin get-gedə gücləndiyini, səslənən şüarların ciddiliyini hiss edib havaya atəş açmağa, tankları insanları üzərinə sürüb, vahimə yaratmağa başladılar. “Hətta bir az da irəli gedərək nümayişə qatılan insanlara səsucaldığı ilə əmr etdilər ki, Ukraynanı istəyirsinizsə, şəhərdən rədd olub gedin. Camaat da qışqırdı ki, bura bizim şəhərdir, siz özünüz gedin...”, - Liana deyir.

 

“Rus əsgərlər bizdən yemək, siqaret istədilər”

 

“Gecə rus hərbçilər Mariupol ətrafındakı Osipentsi kəndində dayandılar və bir bölük ayrılıb məhəllələrimizə tərəf irəlilədilər. Onlar kəndə girəndə onsuz da son vaxtlar fasilələrlə yanan işıqlar söndürüldü. Bu məndə şübhə yaratdı, axı işıqları söndürməyə nə ehtiyac vardı?.. Zirzəmidə oturmuşduq. Çünki bizə xəbərdarlıq olunmuşdu ki, tanklar gələcək, təhlükə böyükdür və yaşamaq istəyən heç kim açıq havaya çıxmasın” deyən Viktor bildirir ki, onların yerləşdikləri sığınacaq əsas yoldan bir az içəridə olduğundan, yolboyu düzülən tank kalonunu şəxsən görə bilmirdi. Amma bir zirehli transportyorun düz sığınacağın qarşısındakı həyətə necə girdiyini öz gözləri ilə görüb.  

“Rus əsgərlər əvvəlcə məhəllə dükanına girdilər, ordan götürdüklərini transportyora daşıyıb, qayıtdılar və ətrafda hər yeri axtarmağa başladılar. Budur, bomba həyəcanı zamanı insanların üz tutduqları sığınacağa girib, mülki insanları gördülər. Ruslar sakinlərə dedilər ki, qorxmasınlar, heç kimə zərər verməyəcəklər. Amma müqabilində kimin çantasında ərzaq, içki, siqaret varsa, vermələrini istədilər. Adamlardan bəziləri də bunu etdilər və hərbçilər oradan uzaqlaşdılar”, - Viktor bildirir.

Viktor qeyd edir ki, kim fürsət tapırdısa əlindəki telefonla rusları videoya çəkirdi. Sığınacaqdan çıxıb rusların məhəllədən necə ayrıldıqlarını gördülər. Amma düşünüldüyü kimi deyil, ruslar kənddən ayrılarkən nəzarət üçün bir bölük saxladılar. Amma əsgərlərin danışığından məlum oldurdu ki, kəndə daxil olan işğalçı kalon Mariupola üzərinə göndərilib...

“Amma o demək deyil ki, rus əsgərlər biz ukraynalılarla mələk kimi davranırlar, qətiyyən! Ruslar o gün bir oğlandan mobil telefonunu istəyib, amma o, verməyib. Ruslar da etiraz etdiyi üçün onu yerindəcə öldürüblər. Bu şəraitdə, düşmənlə birlikdə yaşamaq olarmı, kim təminat verir ki, sabah istənilən birimizlə eyni cür rəftar etməyəcəklər? Bu gün şəhərdə çörək növbələri var, çünki zavodlar bəlli saatlarda çörək bişirirlər. Apteklərin qarşısında uzun-uzadı növbələr yaranır, süd, uşaq yeməyi tapılmır”, - deyir Viktor.