“İnsanlar haqqımda düşünürlər ki, çox imkanlı, varlı qadındır. Amma taxdıqlarımın hamısı bijuteriyadır. Bu nəyi artırır ki?! Heç vaxt lüks həyata, dəbdəbəyə, bahalı şeylərə həvəs göstərməmişəm. Ümumiyyətlə, qızıl da alıb taxmıram”.
Hafta.az xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.
O, “YouTube”da yayımlanan “Rövşanə ilə Gündəm” proqramında kənar baxışın əksinə, heç də pullu qadın olmadığını vurğulayıb:
“Retail” biznesi, pərakəndə satış sahəsi ilə məşğul olan iş adamları bunu yaxşı bilirlər. Bu sahə daim vəsait tələb edir. Pul gələn kimi dövriyyəyə buraxılır. Həftədə bir dəfə mühasibatlığa gedirəm, pulqabımı açıram, mühasibə göstərirəm ki, 1-2 manatım var, insafın olsun, mən bu boyda biznes sahibiyəm, 10 kitab mağazam var, heç olmasa mənə pul ver də! Amma deyir ki, pul yoxdur. Çünki gələn vəsait yenidən işə yönəldilir. Bu proses heç vaxt bitmir. Heç bilmirəm nə vaxt bitəcək. Amma bunu özümə problem etmirəm”.
N.Köçərli pulu övladlarının təhsilinə və səyahətlərə xərclədiyini deyib:
“Hər iki övladım özəl məktəbdə oxuyub. Bahalı məktəblər olmayıb, amma özəl məktəblər. Qızım hazırda xaricdə təhsilini başa vurur, Bakıya qayıdacaq, yəqin ki, daha sonra magistratura üçün yenidən xaricə gedəcək.
Səyahət bizim üçün çox vacibdir, çox sevdiyimiz bir şeydir, ona pul xərcləyirik. Maldiv adalarına gəlincə, əslində ora bir dəfə getmişik. Bu, çoxdan olub. Hətta "Instagram"da da şəkillərim qalır. Sadəcə, o vaxtlar səfərlərimi çox paylaşmırdım, reklam etmirdim.
Bir yaşadığımız ev var, bir də kənddəki evimiz. Ayda bir neçə dəfə gedib qalırıq. O ev də nə böyük dəbdəbəli mülkə, nə də hovuzlu villaya bənzəyir. Yəni bu sahədə, xüsusilə kitab biznesində böyük pullar yoxdur. İndi bəziləri deyəcək ki, Nigar Köçərli ağlaşır, amma təəssüf ki, reallıq belədir”.