Mərakeşdə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.
Hafta.az-ın Mərakeşin rəsmi dövlət agentliyi olan MAP-a istinadən yazdığına görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyi yazılı açıqlama yayıb. Məlumata əsasən sentyabrın 8-də keçirilmiş seçkilərdə səsvermə hüququ olan əhalinin 50,18 faizi iştirak edib.
Açıqlamada deyilir ki, Milli Azadlıqlar Birliyi 102 mandat qazanaraq parlamentə ən çox millət vəkili ilə daxil ola bilib. Bundan başqa, Rifah və Müasirlik Partiyası 86 mandatla ikinci, İstiqlal Partiyası isə 81 mandat əldə etməklə üçüncü böyük qüvvə üstünlüyü qazanıb.
Parlamentə daxil olan digər partiyaların sıralaması aşağıdakı kimidir: Sosialist Birlik Partiyası 35 mandat, Xalq Hərəkatı Partiyası 29 mandat, Tərəqqi və Sosializm Partiyası 21 mandat, Konstitusiya Birlik Partiyası 18 mandat, Ədalət və İnkişaf Partiyası 13 mandat.
Bu arada qeyd edək ki, Ədalət və İnkişaf Partiyası 2016-cı il seçkilərində parlamentdə 125 millət vəkili ilə təmsil olunma haqqı qazanaraq, Mərakeş iqtidarının ən böyük ortağına çevrilmişdi. Göründüyü kimi, bu dəfə ən az səsi məhz bu partiya alıb.
Yerdə qalan 10 millət vəkili mandatını da digər partiyalar qazanıb.