Millətin oğlu (OÇERK)

11:30 05.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2015-ci il may ayının əvvəlləri idi. Türkiyənin hünər meydanı olan Çanaqqala şəhərində türkdilli ölkələrin media nümayəndələrinin də iştirakıyla tədbir keçirilirdi. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiyanın ayrı-ayrı türkdilli subyektlərindən - dünyanın hər yerindən türkdilli jurnalistlər, araşdırmaçılar gəlmişdi.

Bir axşam altı-yeddi nəfər olardıq, oturub söhbət edirdik. Mən Azərbaycanın uzun illərdir üz-üzə qaldığı Qarabağ münaqişəsindən, eyni zamanda ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurlardan, türkmən jurnalist dostumuz ölkəsindəki sabitlik, firavan həyat tərzindən danışırdıq. Türkiyəli bələdçimiz olan Yeşim xanım isə maraqla hər birimizi dinləyir, nələrisə öyrənmək üçün elə hey bizə sual verirdi...

- Bu yaxınlarda Qazaxıstan latın qrafikalı əlifbaya keçəcək, artıq hazırlıq işləri yekunlaşır, - Qazaxıstandan olan gənc xanım – adını unutmuşam - Anadolu türkcəsində dedi.

Bunu eşidən türkiyəli bələdçimiz:

- Hə, bundan sonra biz türklər qazaxlarla daha asan ünsiyyət qura biləcəyik. Ən azından yazdıqlarımızı rahatca oxuyacağıq, - sevincək dilləndi.

- Qazaxıstan keçmiş SSRİ-də Rusiyadan sonra ən qarışıq etnik tərkibə malik respublikadır. Bildiyimə görə ölkənizdə 30-dan artıq dini konfessiyaya aid 130 xalqın nümayəndəsi yaşayır. Amma əhsən lideriniz Nursultan Nazarbayevə, müstəqilliyini elan etdiyi gündən bəri heç vaxt Qazaxıstanda xalqlar arasında ən kiçik problemin belə yaranmasına imkan verməyib, - söhbətə qoşuldum.

Bir anlıq Qazaxıstanın ucsuz-bucaqsız boz çölləri gözlərim önündə canlandı. Qərbdən-şərqə - Volqa çayından əzəmətli Ob çayının dərəsinədək minlərlə kilometr uzanan, quzeyi Sibirin soyuq çöllərinə, güneyi isə quraq və isti səhralara açılan Qazaxıstanda onlarca xalqın nümayəndləri yaşayır. Böyük hissəsi məhz Sovetlər dövründə xam torpaqları mənimsəmək üçün ölkəyə köçürülmüş ruslar az qala qazaxların sayına bərabər idilər. SSRİ süquqta uğrayandan sonra məkrli xarici qüvvələr bu cür amillərdən istifadə edərək gənc respublikalarda xaos yaratmağa çalışırdılar. Necə ki, bunu Qafqazda, Moldovada, sonrakı illərdə Ukraynada etdilər.  Qazaxıstan bu məhz Nazarbayevin rəhbərliyi altında cür xoşagəlməz halları sərhədlərindən içəri buraxmadı, öz axarındaca iqtisadiyyatını, sosial infrastrukturunu, elmini-təhsilini irəli aparmağa davam etdi...

- Siz qazaxların bəxti gətirib, əminəm ki, on beş – iyirmi il sonra dünyanın gözü-sözü Qazaxıstan olacaq, - qazax həmsöhbətimə baxdım. – Amma Qazaxıstanda yaşadığınız üçün əsl reallığı olduğu kimi görə bilmirsiniz. Ola bilər reallıqlara bəzi hallarda sosial prizmadan yanaşıb, etiraz edəsiniz mənə. Həqiqətdə isə ölkənizin inkişafına, imicinə, prezidentinizin nüfuzuna xaricdən baxsanız nə qədər xoşbəxt olduğunuzu anlayacaqsınız. Azərbaycandan, yaxud da qonşunuz Özbəkistandan - əlimi yanımda oturan özbək jurnalist Atabəyin çiyninə qoydum – baxanda ölkənizin sürətlə inkişaf etdiyini, hər il ümummilli məhsul istehsalının, insanların qazancının artdığını, dünyanın hər yerindən sərmayə kütləsinin Qazaxıstana axdığını görürük. Nazarbayevin sayəsində Qazaxıstanda ümumdaxili məhsul istehsalının həcmi 22 milyard dollardan 185 milyard dollara qalxıb. Qazaxıstan bütün bu uğurları ona görə qazandı ki, Nazarbayevin siyasəti “əvvəl iqtisadiyyat, sonra siyasət” prinsipinə əsaslanıb. Azərbaycan insanları Nursultan Nazarbayevlə fəxr edir, onu özümüzə arxa-dirək bilirik. Ola bilər ki, bu gün Nursultan Nazarbayevin qiymətini vermək mümkün olmasın. İllər ötəcək, Nursultan Nazarbayevin qazax xalqı üçün nələr etdiyini, necə bir qüdrətli dövlətin bünövrəsini qoyduğunu başa düşəcəksiniz.

- Sizinlə razıyam, - Atabəyin üzündə təbəssüm oyandı, - Qazaxıstan Orta Asiyada ən qüdrətli ölkədir. Bu gün çox sayda Özbəkistan vətəndaşı iş-qazanc dalıyla Qazaxıstana gedir.

- Qazaxıstan nə qədər güclü olarsa, Özbəkistan, lap elə Qırğızıstan, Türkmənistan da bir o qədər güclənər, inkişaf edər, - cavab verdim.

- Hamımız türkük, hər bir türk dövlətinin inkişafı bizi qürurlandırır, - danışığından çox hökmlü görünən qazaxıstanlı həmkarım gülümsədi.

- Amma təəssüf ki, bütün ölkələrə Nazarbayev kimi uzaqgörən insan rəhbərlik eləmir, - başımı buladım. - Biz azərbaycanlılar Nursultan Nazarbayevi elə öz xalqımızın oğlu, elimizin ağsaqqalı, ümumiyyətlə, hər şeyə qadir siyasətçi kimi tanımışıq. Nazarbayev 1996-cı ilin sentyabrında ilk dəfə Azərbaycana rəsmi səfərə gələndə minlərlə insan onu gətirən avtomobilin keçəcəyi küçələrin kənarına düzülmüşdü. Bu, bizim Nazarbayevə səmimi sevgimizin, üzləşdiyimiz Qarabağ münaqişəsinin həllində, dünyanın bizə bəslədiyi ikili siyasətdən qurtulmaq üçün bu dahi şəxsdən gözləntilərimizin nəticəsi idi. Biz onu xilaskar kimi görürük...

*  *  *

2019-ci il sentyabrın əvvəllərində Özbəkistanda səfərdəydim. Bir gün Daşkənddə qalandan sonra Fərqanə vadisinin şəhərlərinə, sonra isə Səmərqənd və Buxaraya yollandım.

Hə, Buxarada olanda yerli dostlarla Özbəkistandakı, ümumiyyətlə, Orta Asiyadakı mövcud vəziyyəti uzun-uzadı danışıb, müzakirə elədik. Şövkət Mirzioyev hakimiyyətə yeni gəlsə də, bir ildə üç ilin işini görmüşdü. Amma keçmişdən qalan sıxıntıları aradan qaldırmaq üçün görünür hələ çox iş görülməliydi. İnsafən, yerli özbək dostlar da təsdiqləyirdilər ki, Qazaxıstandan götürüləsi çox örnək var, yəqin beş il sonra onların da işləri qaydasına düşəcək.

- Sovet vaxtı da Qazaxıstan və Orta Asiyanın dörd respublikası bir bütün idi. İndi şükür Allaha ki, müstəqil dövlətlərsiniz, amma ölkələriniz təkrar birlik yarada bilsələr, nə gözəl olardı, - dedim.

- Heç kimə sirr deyil ki, İslam Kərimovun zamanında Özbəkistan dünyadan, lap elə qonşu  ölkələrdən tam təcrid olmuşdu, - Rəsul adlı həmsöhbətim cavab verdi. – İndi vəziyyət sürətlə dəyişir, yeni prezidentimiz ölkə daxilində ciddi islahatlar aparır, dünyaya çıxışımızı da sərbəstləşdirir. Belə getsə, yaxın vaxtlarda Özbəkistanı Türk Şurasında görəcəyik.

Məni fikir götürdü: Özbəkistan əhalisinin sayına görə Türkiyədən sonra ikinci, Orta Asiyada isə birinci böyük dövlətdir – 34 milyondan çox əhalisi var. Amma sosial dolanışıq səviyyəsi Qazaxıstandakından çox aşağıdır. Əslində Özbəkistanın da təbii sərvətləri bol, iqtisadi potensialı böyük idi, amma nə yazıq ki, islahatlar aparılmayıb, iqtisadi-sosial layihələr icra olunmayıb, ən pisi isə o idi ki, ölkə dünyadan təcrüd olunmuşdu.

- Uzun illər Nursultan Nazarbayev Orta Asiya ölkələrində iqtisadi sıçrayışın əldə olunmasına çalışdı. Hətta bu ölkələrin birliyini formalaşdırmaq da istədi, - dedim.

- Biz də bunu arzulayırıq, - özbək dostum dilləndi. – Qazaxıstan Özbəkistanın, o biri qonşu ölkələrin inkişafı üçün çox iş görə bilər. Heç şübhəsiz ki, Qazaxıstan islahatların sürəti, həyat səviyyəsi, iqtisadi qüdrətinə görə bölgəmizin lider dövlətidir. Onu bu səviyyəyə Nazarbayev kimi ümumbəşəri lider yüksəldib. Bizim istəyimizi Nazarbayev neçə ildir dilə gətirib deyir ki, Orta Asiya ölkələrinin iqtisadiyyatına sərmayə yatırmağa, ölkələrdə bütün sahələrdə islahatlar aparmaq üçün öz təcrübələrini bölüşməyə hazırdırlar. Şəxsən mən istərdim ki, Nazarbayev dünyavi  şəxsiyyət olaraq islahatların aparılmasında bütün türk ölkələrində öz liderliyini göstərsin.

- Nazarbayev səmimi insandır, aşırı təriflənməkdən, gördüyü işlərin şişirdilməsindən xoşlanmaz, - etiraz elədim. – Yadımdadır, lap çoxdan müsahibələrinin birində demişdi ki, hər ölkənin öz idarəetmə sistemi, prezidenti, baş naziri var. Kənardan kimlərsə xoş qarşılamasa da, onlar öz xalqlarının liderləridir. Odur ki, bütün ölkə başçılarına da, onların xalqlarının seçiminə də sayğı göstərir və hər kəsdən də bunu istəyir. Amma bu da bir gerçəklikdir ki, istənilən bölgəsəl siyasi birliyi qurmaq üçün mütləq kimsə irəli çıxaraq təklif səsləndirir, təşkilatçılıq edir. 

- Kiməsə xoş gəlsin, ya gəlməsin, Orta Asiyada birliyin yaradılması zərurətdir. Necə ki, Avropa Birliyi var, Amerika Ölkələri Birliyi, Sakit Okean Ölkələri Birliyi, nə bilim Ərəb Birliyi var - bizim də ittifaqımız olmalıdır. Allaha çox şükür ki, dilimiz-dinimiz, adət-ənənələrimiz, tariximiz, məişətimiz eynidir və deməli, birləşməyimizə heç bir əngəl yoxdur. Allah 65 milyon insanın yaşadığı Orta Asiya və Qazaxıstanın birləşməsini bizə alınyazısı yazıb, - Rəsul səsini qaldırdı.

Bir anlıq xəyala daldım: İslam Kərimov Özbəkistanı xarici dünyadan təcrid edəndə, Türkmənistan “evin sirri evdə qalar” deyərək sərhədlərindən quş uçurmayanda, Nursultan Nazarbayev regionun iqtisadi inkişafını sürətləndirmək üçün planlar cızırdı.

Bu arada, Nazarbayevin sayəsində Qazaxıstanın iqtisadi gücü müstəqilliyi dövründə 21 dəfə güclənib, adambaşına düşən milli gəlir 500-600 dollardan 12-13 min dollara yüksəlib. Müstəqillik illərində Nazarbayevin yaratdığı iqtisadi şəffaflıq nəticəsində ölkəyə 300 milyard dollardan artıq xarici sərmayə daxil olub. Ötən il pandemiya səbəbindən bütün dünyada tənəzzül qeydə alınsa da, Qazaxıstanda vəziyyət fərqli oldu. Yəni ölkə 2020-ci ili xaricə məhsul ixracını 43, idxalını isə 36 milyard dollar səviyyəsində başa vuraraq ticarətdə müsbət saldonu qoruyub saxladı. Bu, məhz Nursultan Nazarbayevin hakimiyyətinin ilk günündən icra etdiyi proqramların nəticəsi idi...

Bütün Orta Asiyada iqtisadi tərəqqiyə nail olmaq məqsədilə Qazaxıstanla həmsərhəd türkdilli ölkələrin yol-infrastruktur şəbəkəsini birləşdirmək, iqtisadi mexanizmi daha işlək vəziyyətə gətirmək üçün qonşu ölkələrlə əməli işlərə əsaslanacaq əməkdaşlıq etmək, ölkələr arasında ticarətin həcmini artırmaq, qarşılıqlı sərmayə yatırımlarını təşviq etmək və sair kimi böyük layihələr həyata keçirilməliydi. Amma bütün bunları etmək üçün Nazarbayevə yetərincə dəstək veriləcəkdimi? Bax bu, həlledici nəticə olacaqdı.

Əslində, Nazarbayev tam əmin idi ki, Orta Asiya ölkələri və Qazaxıstan birlikdə ərzağa olan tələbatı tam ödəmək iqtidarındadır. Enerji sahəsində də xaricdən asılı deyillər. Bu birlik yaransa, yerli xalqlar yalnız fayda görəcəklər. O, hiss edirdi ki, qonşu ölkələr çağırışına səs verməkdə tərəddüd edirlər. Ona görə də Nazarbayev deyirdi ki, daha çox təbliğat aparmaq, birliyin xeyirli olacağı qənaətini qonşu dövlətlərə aşılamaq lazımdır.

Hə, Nazarbayev müsahibələrinin birində belə bir ifadə işlətmişdi ki, Orta Asiyada yaradılacaq birlik sadəcə iqtisadi-sosial tərəqqini deyil, həm də region xalqlarının təhlükəsizliyini təmin edəcək. O, hər zamankı kimi, yenə də təvazökarlıq nümayiş etdirərək bildirmişdi ki, əslində Orta Asiyada birliyin yaradılması fikrini 1918-ci ildə Mustafa Çokay ortaya atıb. Hətta Mustafa Çokayın “Bizim qanımız da bir, canımız da bir, bu dünyada da, o dünyada da birləşməliyik“ sözlərini xatırladıb, 100 il əvvəl səsləndirilmiş “Böyük Türkistan” çağırışından söz açmışdı.

- Siz özbək ziyalılar, niyə region ölkələrinin inteqrasiya etməsinə dəstək vermirsiniz? – Masadakı özbək dostlara səsləndim. – Siz hesab edirsiniz ki, birlik yaratmaqla müstəqilliyinizi itirəcəksiniz, əsla belə şey olmayacaq. Əksinə daha güclü olacaqsınız, sözünüzü dünyanın hər yerində daha ucadan deyə biləcəksiniz. Odur ki, hər biriniz, istər özbək olun, istər türkmən, istər qırğız, istərsə də qazax, öz xalqınıza birlik yaradıldığı təqdirdə onları gözləyən inkişafdan danışın, inandırın xalqlarınızı. Ya da öz hökumətiniz Nazarbayevin Qazaxıstanda yürütdüyü siyasətdən bəhrələnsin. Görürsünüz, o, daxili siyasətdə ahəng, xarici siyasətdə isə sülhsevərlik prinsipini əsas götürüb. Nəticədə, ahəng ölkədəki bütün xalqları bərabərhüquqlu vətəndaşa çevirib, sülhsevər xarici siyasət isə dünyanın harasında olursa-olsun, baş verən problemləri aradan qaldırmağa təşəbbüs edir. Qardaş Türkiyə ilə Rusiya arasındakı problemə baxaq, Suriyada rus qırıcısını vurdu türklər, amma Nazarbayev bu iki böyük dövləti barışdıraraq, məsələni soyuq başla araşdırmağa razı saldı. Sonda da məlum oldu ki, əslində təyyarənin vurulmasında Türkiyə ordusunun yox, terrorçuların barmağı olub. Eləcə də, Suriya məsələsinə Nazarbayevin təşkil etdiyi Astana danışıqlarında çözüm arandı, Ukrayna, İran məsələlərində də bu böyük şəxsiyyətin sülhyaratma rolu böyükdür, - dedim.

– Sizinlə razıyam, - Rəsul gülümsədi, - Nazarbayev bölgə ölkələrinin liderlərindən fərqli olaraq ilk gündən çoxtərəfli siyasət yürüdür. Mən də hardansa oxumuşdum ki, Nazarbayevin müəllifi olduğu Qazaxıstanın xarici siyasətinin hədəflərini göstərən “Xarici Siyasət Proqramı”nda siz deyən detallar rəsmən əks olunub. Həmin proqramda bu dövlət üçün vacib olanlar, birinci, milli təhlükəsizlik, müdafiə, müstəqillik və ərazi bütövlüyü, ikinci, dünyada sülhün, regional və qlobal təhlükəsizliyin gücləndirilməsi, üçüncü, BMT ilə birgə işləyərək adil və demokratik dünya düzənini yaratmaq, dördüncü, Qazaxıstanın dünyanın ən inkişaf etmiş 30 dövlətin siyahısına salmaq və nəhayət beşinci, milli dəyər və mədəniyyətin qorunması. Əlbəttə, bu şüarların uğrunda yaşamaq, dövləti və xalqı bu ideyaları reallaşdırmaq üçün irəli aparmaq çox gözəldir və cəmiyyətin parlaq gələcəyinə tam təminat verir. Amma nə yazıq ki, bu neçə onillikdə bizim ölkənin siyasəti tam əksinə olub,  - Rəsul başını yırğaladı.

- Mən bir Azərbaycan türkü olaraq Nazarbayevin gələcəkdə nəyi görmək istədiyini başa düşürəm, - dedim. – İndicə sadaladığın proqramın sonunda da yazıldığı kimi, milli dəyərlər və milli mədəniyyət Nazarbayev üçün çox əhəmiyyətlidir. Bu dəyərlər türkçülüyü ehtiva edir. Nazarbayev Qazaxıstan müstəqillik qazandığı ilk gündən qazax xalqının milli kökünə, milli kimliyinə qayıtması üçün çalışır. Türk Şurasının – Türk Keneşinin yaranması onun əməyinə bağlıdır. Orta Asiyanın türk dövlətlərini də məhz türk birliyini inşa etmək məqsədilə bir araya gətirmək istəyir. Halal olsun, bu insan türk millətinin gələcəyidir, Allah onu var eləsin.

- Hə, Qazaxıstanın müasir memarlığı da türk üslubu üzərində qurulub. Binalar qədimdən üzü bəri türk evləri olan alaçıqları xatırladır, bayraq zatən göy rəngi ilə türkçülüyün rəmzidir, - bayaqdan sakitcə bizi dinləyən, adını unutduğum qarabəniz oğlan dilləndi. – Boş yerə Nazarbayevə “Ağsaqqal” demirlər ki... O, doğrudan da ölkəsinə prezident, millətinə ağsaqqaldır. Bilirsiniz, həm də Türk Avrasiyaçılığı fikrinin müəllifidir. Nazarbayev sadəcə biz türkük, biz qardaşıq demir, hər biri dünyada sözünü deyə biləcək gücə sahib, sağlam və dinamik iqtisadi potensila malik türkdilli ölkələri bir araya gətirərək, qüdrətli Türk Birliyini yaratmaq istəyir.

- Doğrudan da, Nazarbayev yeganə türk liderdir ki, 1992-ci ildə Ankarada başlayan və günümüzədək fərqli türk ölkələrində davam etdirilən Türk Dövlət Başçılarının Zirvə görüşlərində qeyd-şərtsiz iştirak edib, bütünləşmə yolunda öz əvəzsiz töhfələrini verib, - özümdən asılı olmayaraq səsimi qaldırdım. – Azərbaycanda müdrük, sözü-əməli bütöv olan, aqil və uzaqgörən, xoş əməl sahiblərinə ağsaqqal deyərlər. Nazarbayev də belə şəxsiyyətlərdəndir – müdrük, aqil, uzaqgörən, sözü-əməli bütöv. Yəqin xəbəriniz var, - özbək dostlarıma baxdım.

Sual dolu gözlərini mənə dikib sakitcə oturmuşdular. Ona görə də sözümə davam elədim:

- Türk birliyinə gedən yolda görülən işlərin əksəriyyətinin müəllifi Nazarbayevdir. Baxın, 2009-cu ildə yaradılan Türk Şurasının ideya müəllifi Nursultan Nazarbayevdir. Sonra, bu təşkilatın çətiri altında qurulan Türk İş Şurası və Türk Akademiyasının da müəllifi məhz Nazarbayevdir. 2018-ci ildə uzun aradan sonra Qazaxıstanın paytaxtında keçirilmiş Orta Asiya Dövlət Başçılarının toplantısı da Nazarbayev tərəfindən təşkil olunub. Türkdilli Ölkələrin Dövlət Başçıları Daimi Katibliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası da Nursultan Nazarbayevin təşəbbüsü ilə qurularaq türk dünyasına xidmət göstərməkdədir. Hətta bu dahi şəxs Türk Xalqlarının Ağsaqqallar Şurasını yaratmağı da təklif edib. Bütün bu kimi proseslərin davamı olaraq 2018-ci ildə Qazaxıstanın ən böyük vilayətinin adı dəyişdirilərək Türküstan qoyuldu. Nazarbayevin bir sıra təklifləri bu gün də həyata keçirilməkdədir. Məsələn, Türk Şurası çərçivəsində “Türk dünyasının 100 yeni şəxsiyyəti”, “Türk dünyasının müqəddəs məkanları” layihələri, Gənc Liderlər Formunun mütəmadi olaraq keçirilməsi, Türk Şurası yanında fəaliyyət göstərən qurum və mexanizmlərin yenilənməsi, “Nurlu yol” və sair kimi proqramlar da var.

- Sovetlər Birliyi dağılarkən Orta Asiya ölkələri arasında ciddi sərhəd problemi qalmışdı. İslam Kərimovun zamanında Fərqanə vadisində baş verənləri xatırlamaq belə istəmirəm - Qırğızıstanla Özbəkistan az qala müharibə edəcəklərdi, - Rəsul məyus halda dilləndi. – Məhz Nazarbayev 2017-ci ilin may ayında öz təşəbbüsü ilə Astanada keçirilmiş Birinci Orta Asiya Məsləhətləşmə Toplantısında region dövlətlərinin liderlərini bir araya gətirərək yerli problemləri müzakirə edib və əlbəttə ki, müsbət qərarlar qəbul olunub. O vaxtdan Orta Asiyanın türk dövlətləri arasında belə bir münaqişə baş verməyib.

- Düzdür, Nazarbayev münaqişəsiz, milli-etnik, siyasi problemi olmayan region – qardaş dövlətlərin birliyini inşa etmək istəyir. O, olduqca ağıllı insandır, bilir ki, bu cür xırda-para münaqişələr İpək Yolu layihəsinə ziyan vura bilər. İpək Yolu isə Çindən Avropaya uzanan coğrafiyanın dirçəlişinə stimul verir. Nazarbayevin də istəyi budur ki, bölgə ölkələri bir arada dirçəlsinlər, inkişaf etsinlər, İpək Yolunun mənfəətlərindən yararlansınlar və güclü iqtisadiyyatları ilə dünyaya açılsınlar. Hətta Qazaxıstanda bütün bunları reallaşdırmaq üçün “2014-2020-ci illər üzrə carici Siyasət Proqramı” da həyata keçirilib. Üstəlik, ötən il qüvvəyə minmiş 7 bölmədən ibarət “2020-2030-cu illər üçün Xarici Siyasət Proqramı” Qazaxıstan və Orta asiya dövlətləri arasında münasibətlərin inkişafında yeni şərt və tələbləri müəyyənləşdirir. Tək qazaxlar deyil, siz özbəklər, türkmənlər, qırğızlar, biz azərbaycanlılar və türklər Nazarbayevin qiymətini verməyə tələsməliyik, çünki o, tanrı tərəfindən türk millətinə göndərilmiş elçidir, - dedim.

*  *  *

Qızğın müzakirə gedirdi. Mən isə əlimi alnıma tutaraq masaya dirsəklənib, fikirlərimin sehrinə düşmüşdüm. Nursultan Nazarbayevin Xəzər dənizində mövcud olan bir sıra geosiyasi problemlərin həllində oynadığı rolu düşündüm. O, yalnız Orta Asiyadakı türk dövlətləri arasındakı deyil, bütün türk dünyasının problemlərini həll etməyə çalışıb. Xatırlayıram, uzun illər Azərbaycanla Türkmənistanı bir-birindən uzaq salan mübahisəli yataqların statusu məhz Nazarbayevin səyləri nəticəsində həll edilərək Xəzəri “Dostluq dənizi”nə çevrdi. Üstəlik, Nazarbayev Trans-Xəzər layihəsinin inkişafında böyük rol oynayıb. Nazarbayev Trans-Xəzər layihəsinin türk birliyinin güclənməsində oynayacağı rolu nəzərə alaraq onu “Turan dəhlizi” adlandırmışdı. Gördüyümüz kimi, bu gün də Qazaxıstan bu layihədə fəal iştirak edir. Hətta uzun illər özünü təcrid etmiş Türkmənistan da türk birliyinin simvollarından olan Trans-Xəzər layihəsinə maraq göstərməyə başlayıb. Bu da Nazarbayevin xalqlarımıza töhfəsi sayılmalıdır.

Bir dəfə hardansa bir diplomatın Nazarbayev haqda dediklərini oxumuşdum. Diplomat deyirdi ki, Nursultan Nazarbayevin ölkəsinin və türk dünyasının tarixində gördüyü iş, Türkiyədə Mustafa Kamal Atatürkün, Fransada Şarl de Qollun, Malayziyada Mahathir Məhəmmədin, Sinqapurda Li Kuan Yevin və ya Çində Deng Şiopingin öz ölkələrinin inkişafı üçün gödüyü işdən də artıqdır.

Hə, Nazarbayevin Azərbaycan üçün bir unudulmaz xidmətləri var və biz ondan həmişə qürurla söz açırıq. Deməli, 2014-cü ildə Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün protokola imza atanda, Nursultan Nazarbayev Ermənistan prezidenti Serj Sarkisyanın qarşısına belə bir şərt qoymuşdu – “Burada sıxıntılı və bizim həssas olduğumuz bir məsələ var. Azərbaycandakı dostlarımızı düşünməliyik. Siz Avrasiya İqtisadi Birliyinə BMT tərəfindən qəbul edilmiş sərhədlərinizlə qoşula bilərsiniz. Ancaq bu şərtlə!”.

Əsl qardaşlıq, əsl türkçülük bax budur, qardaşın biri olmadığı yerdə digəri onun haqqını qoruyur. Halal olsun sizə, Elbaşı, nə qədər ki, türk millətimiz var, ürəklərdə yaşayacaqsınız. Siz bu milləti birləşdirərək irəli aparmaq üçün doğulmusunuz...

 

Vüsal Tağıbəyli

Oçerk "Qazaxıstanın müstəqilliyi və Elbaşı” müsabiqəsi üçün yazılıb

Oxunma sayı 3029