Rusiyanın Noqinsk şəhərində çoxmənzilli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.
Hafta.az Rusiya KİV-ə istinadla xəbər verir ki, son məlumata əsasən, hadisə nəticəsində daha 15 nəfər, o cümlədən iki uşaq xəsarət alıb. Zərər çəkənlərdən altısı xəstəxanaya yerləşdirilib.
“Dağıntılar altında daha iki nəfərin cəsədi aşkarlanıb. Onlar hələ çıxarılmayıb. Son məlumata görə, ümumilikdə 7 nəfər həlak olub”, - deyə təcili xidmətlərdəki mənbə TASS agentliyinə bildirib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, dünən səhər saatlarında Moskva vilayətinin Noqinsk şəhərindəki çoxmənzilli binada güclü partlayışı baş verib. Hadisə nəticəsində 24 mənzil zərər çəkib, onlardan 17-si tamamilə dağılıb. Binadan ümumilikdə 170-dən çox insan təxliyə olunub. Partlayışa məişət qazı sızmasının səbəb olduğu bildirilir.