Səudiyyə Ərəbistanı Film Forumu Ər-Riyadda işə başlayıb

09:26 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Film Forumu dünən Ər-Riyad Sərgi və Konqres Mərkəzində dünyanın hər yerindən rejissorlar, prodüserlər, sənaye ekspertləri və investorların iştirakı ilə başlayıb.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Film Komissiyasının ev sahibliyi etdiyi dörd günlük tədbir kinonun sosial, mədəni və iqtisadi dəyərini təbliğ etmək məqsədi daşıyır.

Forumda Səudiyyə Ərəbistanının kino sənayesinin gələcəyi də nəzərdən keçiriləcək, kino istehsalının inkişafı və təşviqi ilə yanaşı, onun milli iqtisadiyyat üçün əhəmiyyəti vurğulanacaq.

Oktyabrın 4-dək davam edəcək forum çərçivəsində təşkil olunan sessiyalar kino sənayesindəki tendensiyalar, qlobal təcrübələr və çağırışlar kimi üç əsas istiqamətə yönəlib.

Dünyanın hər yerindən rəhbərlər, investorlar və ekspertlər də daxil olmaqla 50-yə yaxın məruzəçi kino sənayesi üçün ən son mövzuları və texnologiyaları müzakirə edəcək.

Açılış nitqi ilə çıxış edən Krallığın mədəniyyət nazirinin müavini Hamed Fayez incəsənət və mədəniyyətin Səudiyyə cəmiyyətinin ruhunu təmsil etdiyini və ölkənin inkişafının sütunları olduğunu vurğulayıb. O, vəliəhd şahzadə Məhəmməd bin Salmanın işıqlı dünya qurmaq üçün başlatdığı 2030-cu il hədəfləri çərçivəsində Mədəniyyət Nazirliyi və Səudiyyə Ərəbistanı Film Komissiyasının səylərindən söz açıb. Fayez bildirib ki, kino çəkilişləri Mədəniyyət Nazirliyinin film istehsalında dəyər zəncirinin görüşmə nöqtəsinə çevrilərək, məlumat mübadiləsini təmin edir, sektorda xüsusi forumlar yaradaraq onları dəstəkləməyə çalışdığı əsas məqsədlərdən biridir.

“Biz kinonun gücünə və onların reallığı yaxşılığa doğru dəyişməkdə və mədəniyyətimizin bütün dünyada yayılmasında mühüm rol oynadığına inanırıq. Buna görə də Kino Komissiyası bədii və kino sahəsində təşəbbüsləri dəstəkləməkdə və bacarıqların inkişafına töhfə verməkdə davam edəcək. Bütün bunlar ölkəmizdə incəsənət və kino sektorunu inkişaf etdirmək əzmimizin bir hissəsidir”, - o əlavə edib.