Bu il Azərbaycanın unudulmaz sənətkarı, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə ölkə miqyasında ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri təşkil olunur. Yubiley tədbirləri silsiləsindən növbəti yaradıcılıq gecəsi bu yaxınlarda Heydər Əliyev Sarayında keçirildi. Bu möhtəşəm gecədə Cahangir Cahangirov adına Xor kollektivi olaraq xüsusi proqramla çıxış etdik və dahi şairin zəngin irsini tərənnüm edən ölməz musiqi əsərlərini tamaşaçılara təqdim etdik.
Hafta.az xəbər verir ki, bu sözləri Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova bildirib.
Bədii rəhbər gələcək planlardan danışarkən qeyd edib ki, yubiley ili çərçivəsində Səməd Vurğunun sözlərinə yazılmış musiqi əsərlərindən ibarət geniş konsert proqramının reallaşdırılması nəzərdə tutulur.
Bildirib ki, bu cür layihələr milli ədəbi və musiqi irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır.
Onun sözlərinə görə, xor kollektivi hər çıxışında poeziya ilə musiqinin harmoniyasını tamaşaçıya çatdırmağa, eyni zamanda milli-mənəvi dəyərlərin təbliğinə töhfə verməyə çalışır. /AZƏRTAC/