Yeni işıq üzü görən “Villa” oxuculara təqdim edilir

19:35 16.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Tanınmış həkim-yazıçı Məlahət Hümmətqızının “Villa” adlı yeni kitabı işıq üzü görüb. Xatırladım ki, bu, yazıçının 4-cü kitabıdır oxucularına təqdim edilir. Kitabı vərəqləyib oxudum. Oxuculara təqdim olunan bu kitaba daxil edilmiş roman, povestlər və hekayələrdə qadın obrazlarına geniş yer verilmiş və cəmiyyətimiz üçün aktual olan ciddi məsələlər qoyulmuşdur. ”Villa” ya daxil edilmiş roman, povest və hekayələrdə yaşadığımız dünyanın rəmzi kimi  müxtəlif xarakterli surətlər, müəyyən hadisələr qarşı-qarşıya qoyulur, hər bir insan keyfiyyətləri və maddiyyat hərisliyinin  doğurduğu faciələri bədii şəkildə oxucuların müzakirəsinə verilir.

 Xatırladım ki, sözügedən kitaba tənqidçi alim, filologiya elmləri doktoru Vaqif  Yusifli  “Ön söz” yazıb. Bildirib ki, Məlahət xanımın bütün nəsr əsərlərinin mövzusu  ailə-məişət məsələlərini əhatə edir. Ailə-məişət hadisələri yalnız ailədə baş verən olayları əhatə etmir. Ailə  böyük cəmiyyətin  bir tərkib hissəsidir. Cəmiyyətdə ictimai-siyasi həyatda baş verən hadisələr o kiçik cəmiyyətə – ailəyə də təsirsiz ötüşmür. Yazıçı özünə, öz aləminə doğma olan obrazları qələmə alır. Onun roman, povest və hekayələrində saflıq, təmizlik, mənəvi ləyaqət, vicdani borc təsvir etdiyi obrazların başlıca xüsusiyyətlərindəndir.

“Villa” romanında bir ailənin taleyi, daha dəqiq desək, faciəsi izlənilir. Akif və Mədinə  ilk baxışda xoşbəxt cütlük kimi diqqəti cəlb edir. Bir ailə üçün lazım və zəruri olan mənəvi birlik  onları birləşdirir. Bir qızları  dünyaya gəlir. Ailədəki sevgi yetərlidir ki, onlar belə xoşbəxt yaşasınlar. Amma əsl faciə bundan sonra başlayır. Mədinənin arzusu budur ki, onlar kommunal evlərindəki cansıxıcılıqdan xilas olsunlar, bağ-bağatlı həyətlərində fəvvarələr, gül-çiçək sayrışan bir villa alsınlar. Borc-xərc buna nail olurlar. Bu villa isə onların sakit keçən həyatında faciəvi rol oynayır. Mədinə qaz partlamasından həlak olur. Bununla da Akifin qara günləri başlayır. Sevdiyi həyat yoldaşının  ölümü onun onsuz da xəstə olan ürəyini parçalayır, yaşamaq ona ağır gəlir. Bu zaman  zahirən Mədinəyə oxşar bir qadın - Yeganə onun qızına ana kimi qayğı göstərir. Məsələ tez həll oluna bilərdi. Akif Yeganə ilə evlənər və qızını da anasızlıq bəlasından xilas edərdi.  Amma Akif Mədinəni unutmur. Xəstəlik isə onu taqətdən salır və günlərin birində o da dünyasını dəyişir. Bu yandan da Nəzrin bilir ki, Yeganə onun anası deyil və evdən çıxır. Bir qadın – Kəmalə onu ələ keçirir. Amma Yeganənin axtarışları boşa çıxmır. Oğlu Rəşadın səyi ilə Nəzrini tapır.

Əsərdə Yeganə obrazını müəllifin uğuru saymaq olar. Sərxoş əri tərəfindən təhqirlərə məruz qalan, evdən qovulan Yeganə Akifin qızını öz  balası kimi sevir. Onun Akifə münasibəti gizlin bir sevgidən xəbər verir, amma bu sevgi baş tutmur, ürəkdə qalır. Sonra Yeganə iki oğlunu da yanına gətirir. Əsərin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı bədbəxt hadisələrdən, ağır itkilərdən sonra yeni bir ailənin formalaşması ortaya qoyulur. Ona görə ki, gözəl insanların ölmündən sonra həyat heç də bitmir. Bu həyatda Yeganə kimi saf, təmiz qadınlar yaşayır.

Yeri gəlmişkən qeyd edim ki,  Məlahət xanım təsvir etdiyi  obrazları statik və zahiri görüntüləri ilə təqdim eləmir, ən çox obrazların daxili aləminə nüfuz etməyə çalışır. Akif də, Mədinə də, Yeganə də məhz bu prizmadan işıqlandırılır.

Məlahət  xanımın “Yuxu” poveti də maraqlıdır. Povestin qəhrəmanı Günaydın Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həkim işləyir və çox tezliklə Ceyhuna qovuşur. Amma Ceyhunun Marina adlı bir sevgilisi var, hətta 4 yaşlı oğlu da var. Bütün bunları öyrənəndən sonra Günay əsl xəyanətin şahidi olur. Dördyaşlı bir uşağı olan qadın bədbəxt olmasın deyə,  Ceyhundan xəbərsiz Marinanı gəlin paltarında bəzəyir, özü isə xarici ölkələrin birinə yollanır. Bununla da “Yuxu” povesti xəyanətin ifşasına həsr edilib, o xəyanəti törədən insanlar bu gün də sıramızdadır. Kimlərisə aldadırlar. Belə insanların ifşası nəsir əsərlərdə əks olunmalıdır.

Məlahət Hümmətqızının hekayələri də təsirlidir. Real həyat hadisələrindən bəhs edən bu hekayələr janrın tələblərinə cavab verir. Onun hekayələri ona görə maraqlıdır ki,  düşündürücü həyat hadisələri canlandırılır, bu həyat hadisəsi  həm də yaddaqalan obrazlara diqqət çəkir. Bundan başqa onun hekayələrində bədii dil sadə və anlaşıqlıdır. İnanırıq ki, Məlahət Hümmətqızının  nəsr əsərlərinə oxucu biganə qalmayacaq. Onu oxuyub, həqiqi həyat hadisələri üzləşəcək və öz həyatlarında da belə hadisələrin şahidi olacaqlar.

Oxunma sayı 223
Mədəniyyət rubrikasından digər xəbərlər