Hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, "3+3" formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə "3+3" formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var.
Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
H.Hacıyev deyib ki, "Azərbaycan "3+3" platformasını dəstəkləyir və platformanın ilk iclası da keçirilib.
“Biz burada əsasən regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq ilk növbədə regionun problemlərini özümüz həll etməliyik, əməkdaşlıq üçün olan böyük potensialı bir araya gətirməliyik. Məsələn, Azərbaycan-Türkiyə-İran arasında son nəqliyyat anlaşmasını misal göstərmək olar. Bu, bizim regionumuzla bərabər digər regionlara, o cümlədən Mərkəzi Asiyaya böyük fürsətlər təqdim edir. Ona görə də bu platforma çərçivəsində böyük əməkdaşlıq üçün fürsətlər və imkanlar var. Amma hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, "3+3" formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə "3+3" formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”, - Prezidentin köməkçisi əlavə edib.