Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Əl-Avsat"a müsahibəsində bildirib ki, London İranın regionda sabitliyi pozan hərəkətlərinin qarşısını almaq üçün müttəfiqləri ilə birgə tədbirlər görməyə davam edəcək. Onun təbirincə desək, artıq bir çox iranlı isim öz hərəkətlərinə, İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyinə və Rusiyanın onlardan mülki əhalini və mülki infrastrukturu hədəf almaq üçün istifadə etdiyinə görə sanksiyaya məruz qalıb. İranla bağlı sualları cavablandıran ingilis nazir Rusiyanın Ukraynada davam etdirdiyi amansız müharibədən, Çinlə əlaqələrdən və sair də söz açıb.
Qlobal gündəmə dair suallara erilən cavablar maraqlı olar deyib tərcüməsini oxucularımıza təqdim edirik:
- İran Beynəlxalq Televiziyasının Londondakı baş qərargahı qarşısında fövqəladə təhlükəsizlik tədbirləri müşahidə olunub. Təhdidlər doğrudanmı İrandan gəlir? Bu cür hərəkətlər hansı mesajı verir?
- Biz Böyük Britaniyada insanların təhlükəsizliyinin, eləcə də azad, şəffaf və dürüst jurnalistikanın qorunmasının vacibliyinə çox ciddi yanaşırıq. Böyük Britaniya üçün təhlükə olduğunu düşündüyümüz zaman, insanların İngiltərədə özlərini təhlükəsiz hiss etmələri lazım olduğu mesajını göndərməklə bu təhdidlərə aydın şəkildə cavab veririk. Həmçinin, İranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıran zaman biz nota vermişik ki, jurnalistlərə qarşı təhdidlər qəbuledilməzdir. Biz bu tədbirləri İrandan gələn təhdidlərin qarşısını axtında almaq üçün görürük. Çünki insanların İranda baş verənlərlə bağlı açıq və aydın danışa biləcəklərini hiss etməsi çox vacibdir.
- Manama Dialoq Forumunda dediniz ki, İran və Rusiya ərəb regionunun təhlükəsizliyinə təhdiddir. Sizcə, Londonda belə tədbirlərin görülməsi, sanksiyaların tətbiqi və İran müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılması İranı təhdid yolundan çəkindirmək üçün kifayətdir?
- Biz İranda bəzi insanlara əməllərinə görə sanksiyalar tətbiq etmişik. İranın Rusiyaya pilotsuz uçan aparatları satdığını və bu dronların Ukraynadakı mülki şəxsləri, mülki məntəqələri hədəfə almaq üçün istifadə edildiyini öyrəndik. Bundan sonra İranda Rusiyaya pilotsuz uçan aparatlar ixrac edən şəxsləri və şirkətləri, iranlı qadınlara qarşı pis rəftar göstərən polis və xüsusilə də İrşad patrullarının liderlərini sanksiyalarla cəzalandırdıq. Biz rəsmi Tehranın İran xalqını dinləməsini istəyirik. İran rəsmiləri qəbuledilməz işlərə yol verdikdə çəkindirmək üçün kəskin tədbirlər görərək onları açıq şəkildə hədəfə alacağıq.
- Bu İranın daxilində baş erənlər, bəs bu ölkənin bütün regionda oynadığı rol barədə nə deyərdiniz?
- İranın qonşu ölkələrdə sabitliyi pozan addımlar atmağa çalışdığını görürük və qarşısını almaq üçün hərəkətə keçmişik. Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi İrandan raket sistemləri üçün avadanlıqların daşınmasını artıq dayandırıb. Biz İranın regionda sabitliyi pozan hərəkətlərinin qarşısını almaq və sanksiyalar tətbiq etmək üçün tədbirlər görməyə davam edəcəyik.
- Sizcə İranla nüvə proqramı üzrə danışıqlar başa çatıb?
- Ötən martda İranla bağlı real razılaşmanı masaya qoyduq. Lakin Tehran hələ ki, cavab verməyib. Razılaşmanın təqdimatından sonra İranın öz hüquqlarını müdafiə edən iranlı qadınlara qarşı qəddar əməllərinin şahidi olduq. Biz Rusiyanın Ukraynada mülki şəxslərə və mülki infrastruktura qarşı istifadə edilən PUA-ları ixrac etdiyini gördük. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağa davam edəcəyik. İndi təklifimizə mənalı cavab vermək İranın üzərinə düşür. Top İranın meydançasındadır - onlar cavab verməlidir.
- Bu, yenidən nüvə sazişi üzrə danışıqlar masasına oturduğunuza işarə deyilmi?
- Dediyim kimi, biz İrana ciddi və ədalətli təklif etmişik. İran buna uyğun davranmadı. İran administrasiyasına mesajım budur ki, prosesdə müsbət nəticə verəcək şəkildə iştirak etsinlər. Hesab edirəm ki, təklifimiz çox yaxşıdır və İran onu müsbət cavablandırmalıdır.
- Ukraynadan söz düşmüşkən, Rusiya prezidenti Vladimir Putin G20 Sammitində Londonun və müttəfiqləri arzuladığı qədər tək qalmışdımı?
- Bu, Putinin G20 sammitində iştirak edə bilməyəcəyini hiss etdiyi açıq bir mesajdır. G20 Sammitinin yekun bəyannaməsini imzalayan ölkələrin əksəriyyətinin Rusiyanın Ukraynaya təcavüzünü necə pislədiyinin şahidi olduq. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 153 ölkənin Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini ilhaq etmək qərarını necə pislədiyini və rədd etdiyini gördük. Məhz hərəkətləri Putinin beynəlxalq səhnədən təcrid olunmasına səbəb olub. Aydındır ki, o, G20 Sammitində iştirak etmək üçün İndoneziyaya gedə bilməyəcəyini hiss etdi. Bundan başqa, dünya ölkələri, o cümlədən Rusiya ilə uzunmüddətli əlaqələri olan ölkələr Putinə Ukraynaya qarşı təcavüzün böyük səhv olduğunu bildirir və buna son qoymağa çağırırlar. Əvvəldə qeyd etdiyim kimi, BMT-yə üzv olan bir çox dövlət Rusiyanın əleyhinə səs verib və onun hərəkətlərini pisləyib. Putini beynəlxalq səhnədən təcrid edən özüdür.
- Böyük Britaniyanın baş naziri Rişi Sunak bu yaxınlarda Kiyevə səfər etdi. Ukraynadakı “oyunun sonunu” necə görürsünüz? Sizcə Rusiya hansı sərhədlərə çəkilməlidir? 2014-cü il sərhədlərinə, 24 fevral 2022-ci il sərhədlərinə, yoxsa faktiki sərhədlərə?
- Baş nazir Sunak Ukrayna hakimiyyəti və Ukrayna xalqı, xüsusən də prezident Vladimir Zelenski ilə həmrəy olduğumuzu təsdiqləmək üçün Kiyevə gedib. O vurğulayıb ki, ölkəsi ukraynalıları Rusiyanın hücumlarından qorunması üçün dəstəkləməyə davam edir. Bundan əlavə, Sunakın səfəri dünyaya xatırlatmaq məqsədi daşıyırdı ki, danışıqlar masasına nə vaxt oturacağına və sülh sazişinin hansı şərtlərlə qəbul ediləcəyinə məhz Ukrayna qərar verəcək. Sülh sazişinin necə ola biləcəyini ukraynalılara söyləmək başqa ölkələrin işi deyil. Bu, yalnız Ukrayna hökumətinin qərarıdır. Biz Ukraynanı qalib gəlib ayağa qalxana qədər dəstəkləməkdə qərarlıyıq.
- G20 sammitində Putini təcrid etməyə çalışdınız, hətta Çin Dövlət Şurasının sədri Si Cinpinə əl uzatdınız. Qərb yeni dünya nizamı yaratmaq üçün Çinlə işləməyə hazırdır?
- Biz dünyanın ehtiyaclarının həllində ümumi maraqlarımız olan məsələlərdə Çinlə işləməyə davam edəcəyik. Məsələn, yaşıl enerjiyə keçiddə Çinin böyük rolu var. Ancaq çinli həmkarım Vanq Yi ilə Nyu-Yorkda BMT Baş Assambleyasının iclaslarında etdiyim çıxışda dediyim kimi, Çin rəsmiləri ilə danışarkən, onların uyğur müsəlmanlarına münasibəti, onların Covid pandemiyası zamanı necə davranmaları, Honq-Konq razılaşmalarına əməl etməmələri və Britaniya qanunvericilərinə tətbiq etdikləri sanksiyaları müzakirə edirik. Ona görə də ortaq maraqlarımıza gəldikdə onlarla əməkdaşlıq etdiyimiz halda, fikir ayrılığımız olan məqamlarda onlara qarşı olduğumuzu da açıq şəkildə ifadə edəcəyik.
- Suriya ilə bağlı bir sual verəcəyəm: Suriya unudulub? Ərazisində beş ölkənin - ABŞ, Rusiya, Türkiyə, İran və İsrailin ordusu olduğu halda böyük humanitar iztirablar çəkən bir ölkəni unuda bilərikmi?
- Suriya yadımızdadır. Biz qonşu ölkələrdə milyonlarla qaçqın görürük. Biz bu ölkələrə suriyalı qaçqınlara göstərdikləri səylərə və dəstəyə görə təşəkkür edirik. Eyni şəkildə, bir çox köçkün suriyalı hələ də Suriyadakı düşərgələrdə yaşayır. Suriyalıların öz vətənlərinə qayıtması və bu ölkənin canlı, firavan, aktiv və lider ölkəyə çevrilməsi üçün münaqişənin həlli üçün çalışmaqda davam edəcəyik. Bununla belə, dünyada bir çox insan Rusiya və Ukraynadan danışsa da, sizi və bu müsahibəni oxuyacaq suriyalıları əmin edə bilərəm ki, biz hələ də Suriya haqqında düşünür, bölgədəki qonşu ölkələrlə suriyalı qaçqınların necə müdafiə olunacağını müzakirə edirik. Biz Suriyada sülhün əldə olunması üçün çalışmağa davam edəcəyik.