"Ana südünün tərkibi süni qidalardan geri qalır" - Həkim

16:13 27.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Doğum evlərində olarkən körpənizin yalnız ana südü ilə qidalandırılacağını qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizin həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin”. 

Bu Səhiyyə Naziliyinin süni qidalarla bağlı son yaydığı məlumatlarda əksini tapıb. Bildirilib ki, hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir:

“Körpələrin sağlamlığı ana südündən başlayır: Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcək. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını ödəyir.

Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir. Onlar bilməlidir ki, süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.

Yenidoğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Süni qida qəbulu adi hala çevrilməməlidir”.

Mövzu ilə bağlı hafta.az-a danışan tibb eksperti, professor Adil Qeybulla dedi ki,süni qidalara o vaxt keçilməlidir ki, ana südü uşağa kifayət etməsin:

“Bu gün uşaq qidaları çoxdur. Bu qidaların keyfiyyəti, mənşəyi  haqqında müxtəlif söz-söhbətlər gəzir. Mənə elə gəlir ki, bunların heç biri əsassız deyil. Söhbət ondan gedir ki, bu gün ana südü də keyfiyyətli deyil. Ana hansı qidaları qəbul edir ki, onun tərkibində kifayət qədər minerallar, karbohidratlar, yağlar olsun? Bu gün ana südü keyfiyyətinə görə, süni qidalardan geri qalır. Hesab edirəm ki, bu məsələ o qədər ciddi problemdir. İnsanların qəbul etdiyi qida immun sistemini təmin edir. İstər uşaq, istər yaşlı insanlarda orqanizimin qurulması üçün o qidalar tam çatmalıdır. Ana südünün keyfiyyətli olması üçün lazımı qidalar yoxdur. Biz təkcə ana südü ilə kifayətlənə bilmərik. Analar özləri də qidalarına fikir verməlidirlər. Vitaminli qidalar süd verən zaman daha çox qəbul edilməlidir. İlk 3-6 aya qədər uşağa ana südü lazımdır. Ümümiyyətlə bu aylardan sonra ana südü olmasa da problem olmaz. Ancaq ana südü olmadığı üçün bu gün süni uşaq qidalarına üstünlük verilir.

Ekspert ölkədə satılan süni uşaq qidalarının keyfiyyəti məsələsinə də diqqət çəkdi:

“Bu gün qidaların tərkibi ilə bağlı araşdırma edən məhsul qurumlar var. Nəyinki uşaq qidaları, digər qidaların da keyfiyyəti heç bəlli deyil. Dərmanların da keyfiyyətləri haqqında fikirlər söylənilir. Koperativ maraqlar məsələsi də var. Keyfiyyətə nəzarət edən labaratoriyalar, qurumlar olmalıdır. Ölkəyə daxil olan hər bir preparatlar, uşaq qidaları dövlət müqavilələri çərçivəsində gətirilsin. Dərmanları ayrı-ayrı firmalar gətirə bilər. Amma, əsas odur ki, dövlət müqaviləsi olsun”.