Son günlər sosial şəbəkələrdə tanınmış tiktoker Arzumun yol-nəqliyyat hadisəsinə görə həbs olunması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilir, bəziləri hökmün sərt olduğunu, digərləri isə qanunun hamı üçün eyni tətbiq edilməli olduğunu bildirir. Bu hadisə bir daha diqqəti vacib bir suala yönəldir: Azərbaycanda ölümlə və ya ağır nəticələrlə müşayiət olunan yol-nəqliyyat hadisələri zamanı hüquqi məsuliyyət necə müəyyən edilir və məhkəmə hansı meyarlarla qərar qəbul edir?
Hüquqşünasların sözlərinə görə, belə işlərdə ictimai rəy və ya sosial şəbəkələrdəki müzakirələr deyil, yalnız qanun və toplanmış sübutlar əsas götürülür. İstintaqın əsas məqsədi qəzanın hansı şəraitdə baş verdiyini, sürücünün hansı qaydanı pozduğunu və həmin pozuntunun nəticə ilə səbəb-nəticə əlaqəsinin olub-olmadığını müəyyən etməkdir.
Qəzanın baş verdiyi andan etibarən hadisə yeri müayinə edilir, avtomobilə baxış keçirilir, əyləc izi, yol örtüyünün vəziyyəti, müşahidə kameralarının görüntüləri, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar toplanır. Lazım gəldikdə məhkəmə-tibbi, avtotexniki və trasoloji ekspertizalar təyin olunur. Məhz bu sübutların məcmusu əsasında sürücünün hərəkətlərinə hüquqi qiymət verilir.
Əgər hadisə nəticəsində insan ölümü və ya ağır bədən xəsarəti baş veribsə, cinayət işi açılır. Bu zaman istintaq orqanı sürücünün ehtiyatsızlıqdan cinayət törədib-törətmədiyini araşdırır. Sürücünün sürət həddini aşması, sərxoş vəziyyətdə avtomobil idarə etməsi, yol nişanlarının tələblərini pozması, piyadaya yol verməməsi və digər qayda pozuntuları məsuliyyəti ağırlaşdıran hallar kimi qiymətləndirilə bilər.
Məhkəmə hökmü çıxarılarkən yalnız qəzanın özü deyil, həm də təqsirləndirilən şəxsin davranışı nəzərə alınır. Onun hadisədən sonra zərərçəkənə kömək göstərməsi, peşmançılıq ifadə etməsi, dəymiş ziyanın ödənilməsi, əvvəllər məhkum olunmaması və digər hallar cəzanın fərdiləşdirilməsinə təsir edən amillərdir. Eyni zamanda, hadisə yerini tərk etmək, sərxoş vəziyyətdə avtomobil idarə etmək və ya kobud qayda pozuntuları törətmək cəzanı ağırlaşdıra bilər.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, qəzadan sonra sürücünün ilk davranışı sonrakı hüquqi qiymətləndirməyə birbaşa təsir göstərən əsas amillərdəndir. Onun fikrincə, sürücü heç bir halda hadisə yerini tərk etməməlidir.
“Hadisə yerindən yayınmaq həm istintaq, həm də məhkəmə tərəfindən ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Çünki bu, zərərçəkmiş şəxsin həyatını təhlükə altında qoymaq və ona vaxtında yardım göstərilməsinə mane olmaq kimi dəyərləndirilə bilər”, – deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, qəza baş verdiyi andan dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilməli, polis əməkdaşlarının hadisə yerinə gəlməsi və qəzanın qanunvericiliyə uyğun rəsmiləşdirilməsi gözlənilməlidir.
Əgər yol-nəqliyyat hadisəsi insan ölümü, ağır bədən xəsarəti və ya digər ağır nəticələrlə müşayiət olunubsa, həmin fakt artıq cinayət-hüquqi müstəviyə keçir. Bu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə cinayət işi başlanılır və hadisə ilə bağlı geniş istintaq aparılır.
Ramil Süleymanov deyir ki, belə işlərdə avtotexniki ekspertizanın keçirilməsi faktiki olaraq qaçılmazdır. Müstəntiq qəzanın başvermə səbəblərini, sürücülərin hərəkətlərini, yol şəraitini və digər texniki məqamları araşdırmaq üçün ekspert qarşısında konkret suallar qoyur.
Hüquqşünasın sözlərinə görə, bu mərhələdə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin müdafiə hüququ tam təmin olunmalıdır. Tərəflər və onların vəkilləri ekspert qarşısında qoyulacaq sualların hazırlanmasında iştirak edə, zəruri hesab etdikləri əlavə sualları isə vəsatət şəklində müstəntiqə təqdim edə bilərlər.
Ekspertiza rəyi təqdim edildikdən sonra tərəflərin həmin rəylə razılaşmaq məcburiyyəti yoxdur. Əgər rəydə ziddiyyətli, natamam və ya şübhə doğuran məqamlar aşkar edilərsə, əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıla bilər. Müstəntiq həmin vəsatəti əsaslandırılmış qərarla ya təmin edir, ya da rədd edir.
İstintaq başa çatdıqdan sonra toplanmış bütün materiallar həm təqsirləndirilən şəxsə, həm də zərərçəkmişə təqdim olunur. Tərəflər iş materialları ilə tanış olur, qeydlərini bildirir və bundan sonra cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilir.
Məhkəmə araşdırması zamanı da tərəflər yeni vəsatətlər qaldırmaq, o cümlədən yenidən avtotexniki ekspertiza keçirilməsini tələb etmək hüququna malikdirlər.
Hüquqşünas vurğulayır ki, qəzanı törədən şəxsin hadisədən sonrakı davranışı cəzanın müəyyən edilməsində mühüm rol oynayır. Zərərçəkmişlə barışıq əldə olunması, müalicə xərclərinin ödənilməsi, vurulmuş maddi ziyanın könüllü şəkildə qarşılanması, peşmançılıq nümayiş etdirilməsi və zərərin aradan qaldırılması istiqamətində atılan addımlar məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilən hallardır.
Əksinə, zərərçəkmişlə münasibətlərin tamamilə pozulması, dəymiş ziyanın ödənilməsindən yayınmaq və məsuliyyətdən qaçmağa çalışmaq məhkəmənin hüquqi qiymətləndirməsinə təsirsiz ötüşmür.
Ramil Süleymanov ekspertiza rəyləri ilə bağlı cəmiyyətdə tez-tez yaranan suallara da münasibət bildirib. Onun sözlərinə görə, ilk ekspertiza rəyi son həqiqət hesab edilmir.
“Ekspert də insandır və səhv edə bilər. Əgər rəydə qeyri-dəqiqlik və ya ziddiyyət varsa, vəkillər bununla bağlı təkrar ekspertiza keçirilməsi üçün vəsatət verməlidirlər. Bu, qanunvericilikdə nəzərdə tutulmuş hüquqdur”, – deyə hüquqşünas qeyd edib.
O əlavə edib ki, ekspert rəyi müstəntiq və ya məhkəmə üçün mütləq xarakter daşımır. Onlar bütün sübutları birlikdə qiymətləndirərək daxili inam əsasında qərar qəbul edirlər. Ekspertin rəyindən fərqli nəticəyə gəlinərsə, həmin mövqe mütləq hüquqi cəhətdən əsaslandırılmalıdır.
Hüquqşünasın fikrincə, belə işlərdə əsas məqsəd yalnız təqsirkarı müəyyən etmək deyil, hadisənin bütün səbəblərini obyektiv araşdırmaq və qanunun aliliyini təmin etməkdir. Bu prosesdə müstəntiqin, ekspertin, vəkilin və məhkəmənin hər biri öz səlahiyyətləri çərçivəsində həqiqətin üzə çıxarılmasına xidmət etməlidir.
Nəqliyyat məsələləri üzrə ekspert, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov isə hesab edir ki, yol-nəqliyyat hadisələrinin araşdırılmasında əsas məqsəd təkcə günahkarı müəyyənləşdirmək deyil, həm də həmin qəzanın hansı səbəblərdən baş verdiyini dəqiq müəyyən edərək gələcəkdə oxşar hadisələrin qarşısını almaq olmalıdır.
Ekspertin sözlərinə görə, hər bir yol-nəqliyyat hadisəsi mürəkkəb səbəblər zəncirinin nəticəsidir və buna görə də araşdırmalar səthi aparılmamalıdır.
“Təxminən, hər 100 yol-nəqliyyat hadisəsinə 250-yə yaxın müxtəlif səbəb və amil təsir göstərir. Əgər bu səbəblər tam və obyektiv araşdırılmasa, gələcəkdə analoji qəzaların qarşısını almaq mümkün olmayacaq. Eyni zamanda, hadisənin bütün halları dəqiq müəyyən edilmədikdə, cəzanın da obyektivliyi sual altına düşə bilər”, – deyə Fərhad Eyyubov bildirir.
Onun sözlərinə görə, bəzi qəzalar yaşayış məntəqələrindən kənarda, müşahidə kameralarının və şahidlərin olmadığı ərazilərdə baş verir. Belə hallarda hadisənin necə baş verdiyini müəyyənləşdirmək yalnız peşəkar ekspertiza və elmi təhlil vasitəsilə mümkündür.
Ekspert qeyd edir ki, yol qəzasının araşdırılması sadəcə avtomobilin sürətini müəyyən etməkdən ibarət deyil. Bunun üçün əyləc izləri, avtomobilin deformasiyası, yol örtüyünün vəziyyəti, hava şəraiti, toqquşmanın istiqaməti, nəqliyyat vasitələrinin hərəkət trayektoriyası və digər çoxsaylı texniki göstəricilər xüsusi metodika və hesablamalar əsasında təhlil edilir.
“Bu sahədə çalışan ekspert həm avtotexniki biliklərə, həm də yol hərəkətinin təhlükəsizliyi sahəsində geniş praktik təcrübəyə malik olmalıdır. Hadisənin bütün detalları dərindən araşdırılmadan obyektiv nəticəyə gəlmək mümkün deyil”, – deyə o vurğulayıb.
Fərhad Eyyubovun fikrincə, hər bir yol qəzası gələcək üçün dərs olmalıdır. Çünki baş vermiş hadisəni geri qaytarmaq mümkün deyil, lakin onun səbəblərini düzgün təhlil etməklə yeni faciələrin qarşısını almaq olar.
Ekspert bildirir ki, yol-nəqliyyat hadisələrinin səbəbləri əsasən iki qrupa bölünür – obyektiv və subyektiv amillər. Obyektiv amillərə nəqliyyat vasitəsinin texniki nasazlığı, yol infrastrukturundakı qüsurlar, işıqlandırmanın zəif olması, yol örtüyünün vəziyyəti və digər sürücüdən asılı olmayan faktorlar daxildir. Subyektiv amillər isə sürücünün yol hərəkəti qaydalarını pozması, sürət həddini aşması, diqqətsizlik, təcrübəsizlik və digər insan faktoru ilə bağlı hallardır.
"Hadisənin qarşısını almaq mümkün idimi, yoxsa yox? Məhz bu sualın cavabı araşdırmanın əsas istiqamətlərindən biri olmalıdır. Çünki yalnız səbəblər dəqiq müəyyənləşdirildikdən sonra həm hüquqi məsuliyyət obyektiv şəkildə qiymətləndirilə, həm də gələcəkdə oxşar qəzaların qarşısını almaq üçün effektiv tədbirlər görülə bilər", – deyə ekspert bildirib.
Fərhad Eyyubov hesab edir ki, cəza təkbaşına yol təhlükəsizliyi problemini həll etmir. Onun sözlərinə görə, bəzi yol sahələri illərlə "qəza ocağı" kimi qalır və eyni ərazidə ardıcıl şəkildə ağır qəzalar baş verir. Bu isə göstərir ki, məsələ yalnız sürücülərin davranışı ilə məhdudlaşmır.
"Belə ərazilər mütləq şəkildə ayrıca araşdırılmalı, yolun layihələndirilməsi, nişanlanması, işıqlandırılması və digər infrastruktur problemləri qiymətləndirilməlidir. Əks halda eyni yerdə eyni hadisələr təkrar olunacaq", – deyə ekspert vurğulayıb.
Onun fikrincə, yol qəzalarının araşdırılması zamanı həm birbaşa, həm də dolayı təsir göstərən bütün amillər birlikdə qiymətləndirilməlidir. Yalnız bundan sonra hadisə iştirakçılarının məsuliyyəti obyektiv müəyyən edilə və eyni zamanda, gələcəkdə analoji qəzaların qarşısını almağa yönəlmiş səmərəli qərarlar qəbul oluna bilər.
Ekspert sonda qeyd edir ki, hazırda bütün obyektiv və subyektiv amillərin tam dəqiqliklə araşdırılması istiqamətində hələ görüləsi işlər çoxdur və bu sahədə həm ekspertiza institutunun, həm də yol təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsinə ehtiyac var.