Hazırda Mariupolda Rusiya işğalçı ordusuna qarşı qəhrəmanlıqla döyüşən Ukraynanın 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, kömək istəyib.
Hafta.az-ın Ukrayna mətbuatına istinadən yazdığına görə, Volınskinin müraciətinin tam mətni aşağıdakı kimidir: "Hörmətli cənab Prezident Rəcəb Tayyib Ərdoğan. Sizə Ukrayna Hərbi Dəniz Qüvvələrinin piyada briqadasının mayoru Sergey Volınski müraciət edir. Mən hazırda Mariupol qarnizonunda olan və 65 gündür döyüşən 36-cı dəniz piyada briqadasının komandiri kimi xidmət edirəm.
Müxtəlif səviyyəli xəsarətlər almış 600 hərbçimizin köməyə çox ehtiyacı var. Yanımızda yaralanan mülki vətəndaşlarımız var ki, onlar da kömək gözləyirlər. Yüzlərlə mülki şəxs, xüsusilə onlarla uşaq bizimlə birlikdə obyektdə təhlükəsizlik axtarır. Burada ən kiçik sakinimiz cəmi 4 aylıqdır"...
Müraciətdə daha sonra vurğulanır ki, onlar heç yandan dəstək ala bilmirlər, öz imkanları da tükənməkdədir deyə, yaralıları və xəstələri sağalda bilmirlər: "İndi mən türk xalqına, hörmətli cənab prezidentə müraciət edirəm ki, bizə təxliyyə prosedurunu tətbiq etsinlər, Mariupol qarnizonunu Türkiyəyə aparmaq üçün hər şeyi etsinlər, Türkiyə tərəfdən təhlükəsizlik zəmanəti ilə bizi praktik olaraq "Azovstal"dan aparsınlar. Biz sizin köməyinizə çox ümid edirik”.
Volınski daha sonra qeyd edib ki, iğalçı rus ordusu hər gün aviasiya zərbələri endirir, quru və dəniz bazalarının müxtəlif artilleriya sistemlərindən atəş açır, tankların, piyadaların döyüş maşınlarının və böyük canlı qüvvə dəstələrinin köməyi ilə hücum əməliyyatları həyata keçirir. O, bir neçə gün öncə rus işğalçıların səhra xəstəxanasını bombaladıqlarını da əlavə edib.
Bu arada, aprelin 28-də BMT-nin baş katibi Quterreş Kiyevdə Zelenski ilə danışıqlardan sonra bildirib ki, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərlik etdiyi beynəlxalq təşkilatlar Azovstaldan mülki əhalinin təxliyəsi üçün xilasetmə əməliyyatı keçirməyə hazırdırlar.
"Azov" alayı Mariupol döyüşləri getdiyi 65 gün ərzində 1150-dən çox rus əsgəri öldürdüklərini bildirir.
Aprelin 29-u səhər saatlarında Ukrayna Prezidentinin İdarəsi hakimiyyət orqanlarının bir gün ərzində "Azovstal"dan mülki əhalinin və hərbçilərin təxliyyəsi üçün xilasetmə əməliyyatı keçirməyə hazırlaşdığını bildirib.