AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirədə - FOTO

12:46 23.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “AQEM ölkələrində dairəvi yaşıl turizm” (“Circular Green Tourism in the CICA Countries”) mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Hafta.az xəbər verir ki, konfransda AQEM Katibliyi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Monqolustan, Hindistan, Kamboca, Şri-Lanka, Tailand, Vyetnam, İran, Misir, İordaniya, İsrail, Fələstin daxil olmaqla üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “dairəvi yaşıl turizm” turizm sahəsinin gələcək inkişaf istiqamətini müəyyən edən aktual yanaşmalardan biri kimi çıxış edir. O qeyd edib ki, indiyədək Azərbaycanda turizmin dayanıqlı inkişafı istiqamətində ekoturizm və aqroturizm istiqamətlərinin formalaşdırılması, təbiətəsaslı turizm marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atılıb.

Fuad Nağıyev, həmçinin konfransın AQEM ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyini vurğulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında “AQEM ölkələrində dairəvi yaşıl turizm” təşəbbüsünün regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verdiyini vurğulayıb. Baş katib turizmin iqtisadi sahə olmaqla yanaşı, mədəni dialoq və etimadın möhkəmləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb. O, bu konfransın layihənin yekun mərhələsi kimi nəticələrin təqdimatı və qabaqcıl təcrübələrin paylaşılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Şri-Lankanın Xarici İşlər, Xaricdə Məşğulluq və Turizm Nazirliyinin katibi Suleima Lebbe Naseer bildirib ki, turizm yalnız iqtisadi fəaliyyət sahəsi deyil. Turizm mədəniyyətlər arasında körpü rolunu oynayaraq xalqlar arasında qarşılıqlı anlaşmanı, dostluğu və əməkdaşlığı təşviq edir. Bu gün artan ekoloji və dayanıqlılıq çağırışları fonunda turizm sektoru daha məsuliyyətli və firavan gələcəyin formalaşdırılmasında mühüm rol oynayır.

Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon isə qeyd edib ki, dünya iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və təbii resurslardan dayanıqlı istifadə ilə bağlı ciddi çağırışlarla üzləşdiyi bir dövrdə turizm öz ənənəvi iqtisadi funksiyasını aşmalıdır. Onun fikrincə, bu sahə ətraf mühitin qorunması, mədəni irsin saxlanılması, sosial inklüzivliyin təşviqi və regional əməkdaşlığın gücləndirilməsi üçün güclü alətə çevrilə bilər.

Tədbir panel müzakirələri ilə davam edib.

Paneldə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə institusional yanaşmalar və gələcək prioritetlər barədə fikirlərini bölüşüb.

Panel çərçivəsində, həmçinin turizm kəndlərinin yaradılması, yerli təşəbbüslərə dəstək mexanizmləri, qrant proqramları, təlim fəaliyyətləri və təbiətəsaslı turizm məhsullarına investisiyalar vasitəsilə yerli icmalar üçün yeni imkanların formalaşdırılması məsələləri müzakirə olunub.