"Kiyevdə "Boris Conson" kruasanlarının satışına başlanılıb" - Britaniya səfiri

16:30 12.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kiyev kafelərində müştərilərə Böyük Britaniyanın baş naziri Boris Consonun adı verilən kruasanlar təklif olunur.

Hafta.az-ın yazdığına görə, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons şəxsi tvitter səhifəsində bildirib. O, qeyd edib ki, ötən gün kafeyə baş çəkərkən bunu öz gözləri ilə görüb və vaxt itirmədən kruasanların şəklini çəkib.

Böyük Britaniya səfiri un məmulatlarının satıldığı məkanın adını açıqlamayıb.

“Kruasan "Boris Conson" adlanır. İngiltərə baş nazirinin xaotik saç düzümünü xatırladan kremlə örtülüb” deyən xanım səfir sözügedən kruasanların dadına baxıb-baxmadığını qeyd eləməyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra Boris Conson bu ölkəyə çox ciddi dəstək verməkdədir. Hətta Conson müharibənin qızğın vaxtında – apreldə Kiyevə səfər edən ilk G7 lideridir.

Səfər zamanı Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevi gəzib.

O vaxtdan bəri iki ölkənin liderləri daimi əlaqə saxlayır və Böyük Britaniya Ukraynaya müntəzəm silah dəstəyi verir.