"Stallone ilə mən uşaq kimi yarışırdıq" – Arnold Şvartsenegger

10:58 06.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur idmançı-aktyor Arnold Şvartsenegger həmkarı Silvestr Stallone ilə bir vaxtlar uşaq kimi yarışdıqlarını deyib.

Hafta.az-ın “Just Jared”ə istinadən yazdığına görə, Terminatoru canlandıran 76 yaşlı Şvartsenegger 18 oktyabrda Netflix-də premyerası olan Stallonenin "Sly" sənədli filmində Rokkinin 77 yaşlı ulduzu ilə rəqabətindən danışıb.

Xatırladaq ki, bu iki amerikalı aktyor 1980-90-cı illərdə bir çox döyüş filmlərində rol alıb. Hollivudun əfsanəvi aktyorları hər zaman çətin səhnələrdə bir-birini geridə qoymağa çalışaraq şiddətlə yarışırdılar.

Şvartsenegger o dövrlə bağlı "Biz balaca uşaqlar kimi idik" deyərək, aralarındakı rəqabət mövzularından söz açıb: "Kim daha böyük bıçağı istifadə edir? Kim ən böyük silahdan istifadə edir? Kim silahı bir əli ilə tuta bilir? Kim daha əzələlidir? Kimin yağ faizi daha azdır? Bizim rəqabətimiz beləydi”.

Digər tərəfdən Stallone ilə indi çox yaxın dost olduqlarını bir çox yerdə dilə gətirən Şvartsenegger “Sly” haqqında "Geriyə baxanda hər şeyə gülürük" deyib.

Sənədli filmdə rol alan amerikalı kino tənqidçisi Uesli Morris də "Stallone sürətli döyüş filmlərinin sinoniminə çevrilmişdi. Arnold Şvartsenegger onun yeganə rəqibi idi" deyə bildirib.

Şvartsenegger, həmçinin yeni kitabını tanıtmaq üçün keçən həftə qatıldığı “The Graham Norton Show”da Stallone haqqında danışıb. Deyib ki, onlar hər zaman bir-birini “relsdən çıxarmağa çalışıblar”.