"Avropa Şəhərciyi-2026” – Avropa İttifaqı Gəncədə

16:47 04.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) flaqman tədbiri olan "Avropa Şəhərciyi" iyunun 6-da Gəncədə keçiriləcək. Tədbir ictimaiyyətə Avropa İttifaqı, onun dəyərləri və fəaliyyəti, o cümlədən Azərbaycanla 30 illik əməkdaşlıq və tərəfdaşlığı haqqında daha çox məlumat əldə etmək baxımından maraqlı imkanlar təqdim edəcək. Bu, Gəncədə keçirilən ikinci Avropa Şəhərciyi tədbiridir. İlk dəfə "Avropa Şəhərciyi" 2016-cı ildə Gəncənin "Avropa Gənclər Paytaxtı" elan edilməsi münasibətilə təşkil edilib.

Hafta.az yazır ki, “Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən İttifaqa üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə şəhər İcra Hakimiyyətinin dəyərli dəstəyi ilə təşkil olunur.

Rəsmi açılış saat 12.00-da Aİ və Üzv Dövlətlərin Azərbaycandakı səfirlərinin iştirakı ilə keçiriləcək.

Aİ-nin Azərbaycandakı səfiri xanım Mariyana Kuyundciç bildirib: “Avropa Şəhərciyi Azərbaycan ictimaiyyətinə Aİ-ni kəşf etmək üçün əvəzsiz fürsət bəxş edən, Avropaya açılan bir pəncərədir. Bu il Aİ ilə Azərbaycan arasında 30 illik tərəfdaşlığı qeyd etməkdən qürur duyuruq. 1996-cı ildən bəri çox şey əldə etmişik: kənd təsərrüfatından tutmuş biznesin inkişafına, səhiyyə, təhsil, ətraf mühit və bir çox digər sahələrdə Azərbaycan xalqına faydalı olan yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyur. Biz tərəfdaşlığımızı daha da gücləndirmək öhdəliyimizə sadiq qalırıq”.

Gəncədə Heydər Əliyev meydanında keçiriləcək "Avropa Şəhərciyi" iyun 6-da - şənbə günü saat 12:00-dan 17:00-dək qonaqlar  üçün açıq olacaq, bütün yaş qrupları üçün zəngin və əhatəli tədbir və fəaliyyət proqramı təqdim ediləcək. Rəsmi açılışdan əvvəl Heydər Əliyev parkında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Aİ səfirlərinin iştirakı ilə ağacəkmə tədbiri keçiriləcək.

"Avropa Şəhərciyi" tədbiri üçün planlaşdırılan müxtəlif maraqlı fəaliyyətlərə üz boyama, kukla tamaşası, stolüstü oyunlar və s. kimi uşaqlar üçün nəzərdə tutulmuş proqramlar da daxildir. Əsas səhnə də əyləncə mərkəzinə çevriləcək, viktorina müsabiqələri və mükafatlı mini yarışmalar keçirilərək, Avropa və Azərbaycanın zəngin rəqs və musiqi proqramı təqdim ediləcək.

Tədbir zamanı qonaqlar Aİ-yə üzv dövlətlərin çadırlarını ziyarət etməklə Aİ haqqında daha çox məlumat almaq imkanı qazanacaqlar.

Tədbirdə Avropa İttifaqı Nümayəndəliyi ilə yanaşı, bu ölkələr də təmsil olunacaqlar: Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç.

Saat 19.00-dan 21.00-dək möhtəşəm axşam konserti ilə "Avropa Şəhərciyi - 2026" tədbiri yekunlaşacaq. Konsertdə Çingiz Mustafayev və “Dərviş” qrupu çıxış edəcək.

Bu həftəsonu Gəncədə Avropanı kəşf etmək üçün bizə qoşulun!