Cəlilli kəndi içməli su ilə təmin olunub - FOTO

22:33 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunun Cəlilli kəndində içməli su layihəsinin açılış mərasimi təşkil olunub.

Bu barədə hafta.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Kənddə təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda əksər bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı ilə bağlı böyük layihələr icra olunur. Belə layihələr bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan ailələrin dayanıqlı və keyfiyyətli içməli, o cümlədən suvarma suyu ilə təmin olunmasıdır.

Tovuz rayonu Cəlilli kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə yeni su xətləri inşa olunub və kəndin müxtəlif nöqtələrində layihəyə uyğun olaraq ictimai bulaqlar quraşdırılıb. Bu məqsədlə ümumilikdə 8 km uzunluğunda su xətləri inşa edilib və 27 ədəd ictimai bulaq quraşdırılıb.

Ümumilikdə Cəlilli kəndinin əhalisi 2275 nəfərdir. Yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 180 m³ su tələbatının tam ödənilməsi mümkün olacaq.

Qeyd edək ki, Tovuz şəhərinin mövcud su təchizatı sistemi Zəyəmçay çayının məcrasında yerləşən üfüqi suqəbuledici qurğu və Tovuzçay su anbarı ərazisində yerləşən 6 ədəd subartezian quyusu vasitəsilə təmin olunur. Şəhərin ümumi abonent sayı 6982-dir. Ümumi su şəbəkəsinin uzunluğu 186 km, magistral su kəmərinin uzunluğu 39 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 137 km təşkil edir.

Eyni zamanda, 2 meydançada su anbarları kompleksi, 1 ədəd su nasos stansiyası və məhsuldarlığı 6400 m³/gün olan 1 ədəd tullantı su təmizləyici qurğular kompleksi istismar olunur. Rayon üzrə 26 yaşayış məntəqəsinə (8514 abonent) su təchizatı xidməti göstərilir.

2026–2027-ci illərdə Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı və Əlimərdanlı kəndlərinin mövcud su təchizatı sisteminin dayanıqlığının artırılması məqsədilə 1 ədəd subartezian quyusunun inşası, şəbəkənin genişləndirilməsi və sayğaclaşdırılması üzrə layihə sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinin icrası nəzərdə tutulur.

Bununla yanaşı, əhalisi 3646 nəfər olan Düz Cırdaxan kəndində 10 km uzunluğunda yeni su xəttinin inşası və 28 ədəd ictimai bulağın quraşdırılması planlaşdırılır.

Cari il ərzində məhsuldarlığı 6400 m³/gün olan tullantı su təmizləyici qurğular kompleksində təmir-bərpa işlərinin aparılması da nəzərdə tutulub.