Ölkədə koronavirusun yayılması, dünyada artan bu təhlükə təhsil müəssisələrində də durğunluq yaratdı. Təhsil müəssisələrində müvəqqəti tətil elan olundu.
Son günlər isə Təhsil Nazirliyinin təşəbbüsü ilə “teledərslərin” fəaliyyət başlaması həmçinin “online” distant təhsilə marağı artırdı. Bir çox özəl və dövlət müəssisələri distant təhsillə tədrisi davam etdirir.
Maraqlıdır, bu təcrübəni ölkədə inkişaf etdirmək olarmı?
Milli Məclisin deputatı, təhsil ekperti Etibar Əliyev hafta.az-a açıqlamasında dedi ki, distant təhsil zamanın tələbidir, biz bundan qaça bilmərik:
“Yaşadığımız cəmiyyət informasiya cəmiyyətdir. Bəşəriyyət dördüncü sənaye inqilabına qədəm qoyub. Koronavirus təhlükəsi ortaya çıxmasaydı da, distant təhsilə keçməliydik. Bütün dünyada distant təhsil var idi. Düzdür, bunun üçün böyük vəsait lazımdır. Azərbaycanda yalnız İqtisad Universiteti buna hazır idi. Boşluq yarananda, tələbələr evə buraxılanda UNEC artıq bu işi qurmuşdu. Biz dünən də həmin ali məktəbdə olduq. Sanki dünyanın inkişaf etmiş ölkələrinin ali məktəbindəki kimi özümüzü hiss etdik. Auditoriyaya canlı bağlanan tələbələr, universitetin elektron kitabxanasının formalaşması əminlik yaratdı ki, bu işi ölkədə qurmaq olar. Virtual dərsin ən müsbət cəhəti o dərsin ictimailəşməsidir. Bu da cəmiyyətin təhsilli olmasına köməklik göstərəcək. Bəzən distant təhsili qiyabi təhsil sayırlar. Ancaq bu, düzgün deyil. Distant təhsil əyani təhsilin bir növüdür. Orta məktəb müəllimləri bu prosesə hazır deyildirlər. Təhsil istənilən forsmajor hallara hazır olmalıdır”.