1 Mayla bağlı Heydər Əliyevdən iki dəfə təbrik almışam... - Maksim Musayev

13:27 01.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qaxdakı 1 May tədbirlərinə Bəxtiyar Vahabzadəni, Şirməmməd Hüseynovu,  Fərman Kərimzadəni,  Məmməd Arifi  və başqalarını dəvət edirdik 

“Həftə içi”nə növbəti müsahibəsində tanınmış ictimai xadim, sovet dövründə Qax və Xızı rayon partiya komitələrinin 1-ci katibi işləmiş Azərbaycan parlamentinin sabiq deputatı Maksim Musayev o illərdə Beynəlxalq Zəhmətkeşlər Günü kimi qeyd edilən 1 May  bayramının keçirilməsi barədə xatirələrindən danışıb. 

-  Maksim müəllim, siz sovet dövründə uzun illər rayon və respublika rəhbərliyində müxtəlif vəzifələrdə çalışmısız. Həmin dövrün ən məşhur bayramı olan 1 May - Beynəlxalq Zəhmətkeşlər Gününün qeyd edilməsi barədə nələri xatırlayırsınız?

- Yadımdadır ki, 1960-cı ilədək 1 May bayramı, ümumiyyətlə keçmiş SSRİ miqyasında yüngülvari tədbirlərlə, məsələn, rayonlarda, kolxozlarda, sadəcə, iclaslar keçirilməsinə üstünlük verilirdi.  O dövrdə  Ermənistanda bir neçə rayonun 1-ci katibi olmuş atam  Talıb Musayev də partiya komitəsinin 1 Mayla bağlı yığıncaqlarını keçirirdi.

 60-cı illərdən sonra Moskvada qərar verildi ki, 1 May bir az təntənəli formada keçirilsin. O illərdə mən  Leninqradda Kənd Təsərrüfatı İnstitutunda təhsil alırdım. Bizi aprelin sonu mayın əvvəllərində təcrübə keçmək üçün müxtəlif vilayətlərə, şəhərlərə  göndərirdilər. Yadımdadır ki, Pskov, Oryol vilayətlərində 1 May tədbirləri keçirmişik.  O zaman həmin gün rayon rəhbərliyi rayon mərkəzinə yığışırdı. Rəhbər şəxslərdən biri bu bayram haqda qısa bir çıxış edir, sonda isə deyirdi: “Gedin şənlik edin, sizə uğurlar diləyirik”. Həmin iclasadək dükanlarda spirtli içki satılmırdı. İclasdan sonra isə maşınlarda yeşik-yeşik araq, pivə və s. gətirib satırdılar.  Adamlar da həmin içkilərdən alıb yeyib-içməyə gedirdi.

1 May bayramının mənfi xüsusiyyəti də insanların alkoqollu içkilərə meylini daha da artırması idi. Hamı bu bayrama, sadəcə, yeyib-içərək sərxoş olub şənlənmək bəhanəsi kimi baxırdı.  Məsələn, Pskov vilayətində keçirdiyimiz 1 May bayramlarından biri yaxşı yadımda qalıb. O zaman Triqorsk rayonunun İvanovka kəndində idik. Orada bizi bir ailənin evində yerləşdirmişdilər. Rayon mərkəzindəki tədbirə piyada gedib qayıtdıq. Qaldığımız evin sahibi olan Vasili adlı rus kişi ilə bərabər kəndə girəndə həmkəndliləri ona irad tutdular ki, Vaska, necə yəni, sən May bayramından gəlirsən, amma ləngərləmirsən, yəni sərxoş deyilsən.  O da evinə çatan kimi gedib həyətindəki çəlləkdə pivə düzəltmişdi, ondan götürüb içdi və sərxoş olub  elə yerdə uzanıb yatdı...

- Bəs 1 Mayın parad formasında keçirilməsinə nə vaxtdan başlandı?

- 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində Kremldən qərar verildi ki, hər rayonun, şəhərin, kəndin, yaxud müəssisənin rəhbərləri bir iclaz zalına yığışaraq öz müvəffəqiyyətləri, sovet dövlətinin uğurları və s. haqda danışsınlar, dövləti, yerli rəhbərliyi tərifləsinlər, bununla da məsələ bitsin. Sonra da deyirdilər ki, gedin şənlik keçirməyə. Camaat gedirdi, kafelərdə, yaxud kənd yerlərində bulaq başında yeyib-içib 1 Mayı qeyd edirdi...

1970-ci illərin axırında isə 1 May bayramında respublika paytaxtları, şəhər və rayon mərkəzlərində parad keçirməyə qərar verildi. Paradlarda yalnız və yalnız əməkdə fərqlənən fəhlə və kolxozçular, sağıçılar, pambıqçılar, mexanizatorlar, ustalar və b. iştirak etməliydi. 1982-ci ildən isə Kremldən respublika, rayon və şəhər rəhbərlikləri meydanlarda parad qəbul etmələri haqda göstəriş gəldi. Tribunada 1-ci katib, büro üzvləri və rayonun qabaqcıl əməkçiləri dayanmalı, meydandan isə bəzəkli şüar və transparantlarla  müəssisə, idarə, kolxoz, zavod və s. kollektivləri, eləcə də tələbə və şagirdlər keçməli və “Yaşasın SSRİ”, “Kommunist Partiyasına eşq olsun!” və s. şüarlar qışqırmalı  idilər.

- Siz Qax rayonunun 1-ci katibi olarkən keçirdiyiniz paradlar necə yadınızda qalıb?

- Dediyim kimi, paradı biz - rəhbərlik, büro üzvləri tribunada dayanıb qəbul edirdik, çıxışlar edirdik. Meydandan da əsasən kolxoz, sovxoz kollektivləri bəzənmiş yük maşınlarının üzərində orden-medallı əməkçilər keçirdi. Bəzi rayonlarda 1 May paradı daha təntənəli keçirilirdi. Mən Qaxda maşınları daha çox bəzəməyə icazə vermirdim. Deyirdim ki, hamı eyni, sadə bir formada keçsin. Bəzən kolxoz və müəssisə rəhbərləri bir-birləri ilə bəhsə girərək,  bəzək-düzəyə  külli miqdarda pul xərcləyirdilər. Bahalı xalçalar alınır, uzun-uzun şüarlar yazılırdı.  O da xatirimdədir ki, Qaxdakı 1 May tədbirlərinə bir neçə dəfə ustad şair Bəxtiyar Vahabzadəni, tədqiqatçı alim Şirməmməd Hüseynovu, yazıçı Fərman Kərimzadəni, tanınmış tənqidçi Məmməd Arifi  də dəvət etmişdim...  

Həmişə 1 May olanda  respublika rəhbərləri rayon 1-ci katiblərinə təbrik məktubu göndərirdi. Məsələn, yadımdadır ki,  Heydər Əliyev Azərbaycanın 1-ci katibi olanda rayon rəhbəri kimi mənə iki dəfə 1 May təbriki yollamışdı. Ondan sonra Kamran Bağırov təbrik məktubları göndərirdi. Biz də öz növbəmizdə rayonun  qabaqcıl müəssisə rəhbərlərinə təbrik teleqramları vururduq.  1988-ci ildən Əbdürrəhman Vəzirovun dövründən, Qarabağ münaqişəsi, mitinqlər başlanandan sonra 1 May keçirmək ənənəsinə də son qoyuldu...

- Maksim müəllim, bildiyiniz kimi, 1992-ci ildə, artıq müstəqil Azərbaycan dövlətinin qərarı ilə 1 May bayramı rəsmən ləğv edildi.  Bəs sonrakı illərdə keçmiş kommunistlər, Sosialist Əməyi Qəhrəmanları həmin bayramın bərpası üçün təşəbbüs göstərmirdilər ki?

- Xeyr. Belə bir şey yadımda deyil. Hesab edirəm ki, nə vaxtsa respublika rəhbərliyi məsləhət görərsə, bu məsələni xalqın, elmi ictimaiyyətin müzakirəsinə çıxarmaq olar. Yəni hər hansı bir bayramın mənası olması üçün həmin tədbir xalqın, insanların ürəyindən olmalıdır. Yoxsa elə sovet dövründəki kimi rəhbərliyinin göstərişi ilə zorla hansısa bayramı xalqa sırımaq doğru deyil...

Oxunma sayı 425