Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Qebreyesus Argentinadan yola düşən və Atlantik okeanında üzən "MV Hondius" gəmisində qeydə alınan hallarla bağlı son məlumatları paylaşıb. Qebreyesus bildirib ki, gəmidə indiyə qədər qeydə alınan səkkiz haldan beşində hantavirus təsdiqlənib, üçündə isə şübhəli hesab olunur.
Hafta.az yazır ki, epidemiya zamanı indiyə qədər üç ölüm hadisəsi qeydə alınıb. İlk hal 6 apreldə simptomlar göstərməyə başlayan və 11 apreldə gəmidə ölən bir kişi olub. Bu xəstədən nümunə götürülməyib və simptomlar digər tənəffüs yolları xəstəliklərinə bənzədiyi üçün əvvəlcə hantavirus şübhəsi yaranmayıb.
Bildirilib ki, ilk ölən xəstənin həyat yoldaşı, gəmi Müqəddəs Yelena adasında lövbər salanda gəmidən düşüb və simptomlar göstərməyə başlayıb. Onun vəziyyəti 25 apreldə Yohannesburqa uçuş zamanı pisləşib və ertəsi gün ölüb. Üçüncü ölüm hadisəsi 28 apreldə simptomlar göstərməyə başlayan qadın sərnişində qeydə alınıb. Bu arada, reanimasiyada müalicə alan digər sərnişinin vəziyyətinin ağır olduğu bildirilib.
ÜST-ün Baş direktoru gəmidəki yoluxma hallarının Latın Amerikasında rast gəlinən və insanlar arasında məhdud şəkildə ötürülən And virusu ilə əlaqəli olduğunu bildirib.
Qebreyesus vətəndaşları Müqəddəs Yelena adasına səyahət edən 12 ölkəyə yoluxma barədə məlumat verdiklərini açıqlayıb. Bu ölkələrə Kanada, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Müqəddəs Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və ABŞ daxildir.
ÜST rəhbəri xəbərdarlıq edib ki, "virusun inkubasiya dövrü altı həftəyə qədər uzana biləcəyi üçün daha çox yoluxma halının qeydə alınması mümkündür".