Azərbaycanın Milli Mətbuatı 149 ildir yaranıb, bu gün də fəaliyyət göstərir. Milli Mətbuatımızın fəaliyyət sayğacı özünün bir əsr yarımlıq tarixini də yazıb. Milli Mətbuatımız özünün bu tarixini fərqli ictimai-siyasi formasiyaların senzurasına davam gətirməklə, milli, mənəvi dəyər və ənənələrini qorumaqla yaşada bilib. Müasir, qlobal dünyanın reallıqlarına adekvat olan və özünün operativlik, vasitəçilik, ötürücülük xarakteri ilə dünya gündəmini təqib edən mətbuatımız öz işini müasir informasiya istehlakçısının maraqlarına, tələblərinə uyğun formalaşdıra bilib.
Mətbuat ictimai fikri formalaşdıran, düzgün informasiyalarla insanları düzgün istiqamətləndirən bir güc sahibi kimi, cəmiyyətin, dövlətin inkişafının təzahürü kimi ortaya çıxır.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidovanın sözlərinə görə, müasir Azərbaycanın Milli Mətbuatı özlüyündə bir çox cəhətləri birləşdirir. Buraya tarixi ənənə, milli dəyərlər, peşəkarlıq, müasirlik, cağdaş dünya ilə rəqabət və digər amillər aiddir. Milli Mətbuatımız 149 il ərzində üzləşdiyi bütün çətinliklərin öhdəsindən layiqincə gəlib, qalib dövlətin qalib mediası adını qazanmağı bacarıb. Təbii ki, bu prosesdə keçmişimizdən dərs götürməli olduğumuz məqamlar da az deyildir.
Baş redaktor vurğulayır ki, müasir Azərbaycan mediasının inkişafı, əldə etdiyi uğurlar və nəticələr ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin son 30 illik dövründə media daim dövlət dəstəyini, qayğısını öz üzərində hiss edib. Bu dəstək Milli Mətbuatımıza ayaqda durmağa, müasir dövrün çağırışları ilə ayaqlaşmağa, yeni trendlərə keçid prosesini uğurla başa vurmağa imkan yaradıb. Hazırda Azərbaycan mediası cəmiyyətdə olan birlik və ahəngdarlıq, qalib dövlət statusunun yaratdığı prinsiplərlə fəaliyət göstərir. Burada milli ideyalar, maraqlar və Azərbaycan adının ön planda tutulması xüsusi önəm daşıyır.
S.Seyidova qarşıdakı dövrdə də Azərbaycan mediasının bir çox uğurlara imza ataraq müəyyənləşdirdiyi yolla inamla irəliləyəcəyi qənaətindədir.
“Səs” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycan mediası 149 il yaşayıb, mübarizə aparıb və dünyanın ən layiqli, ən yaxşı media qrupları sırasında yer alıb. Mətbuatımızın keçdiyi keçməkeşli, ağır, rəngarəng yola nəzər salan baş redaktor müqayisələr apararaq Azərbaycan mediasının hansı nöqtədən başlayıb, necə çətin yollarla, hansı yerə qədər gəldiyi tarixin pillələrinə diqqət çəkib:
“Tarixə qısa bir ekskurs etsək görərik ki, 1875-ci ildə Azərbaycanda Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaranan “Əkinçi” maarifləndirici xarakteri daşıyırdı. Bu, siyasi şüurun yetişkənliyi, insanların maarifləndirməsi, ictimai şüurunun yüksəlməsindən xəbər verirdi. O vaxt bütün sahələrdə insanların maarifləndirilməsinə ehtiyac var idi. Çar senzurası olsa da, media həmin dövrdə öz işini gördü. O dövrün eybəcərliyini tənqid etməyi də bacardı. Buna rəğmən heç vaxt siyasi media ola bilmədi. Ciddi senzuraya baxmayaraq, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi ədiblərin sayəsində Azərbaycan jurnalistikasında, mediasında tənqidi məqamlar olub. Ovaxtkı ədiblər hakimiyyəti, rejimi yumoristik, satira dili ilə tənqid ediblər. Bu da bir cəngavərlik idi. Satira jurnalistikanın əsas janrı olaraq bu günə qədər gəlib çıxıb.
Azərbaycan mediası Çar Rusiyasından sonra 23 aylıq dövrü azad cümhuriyyət mərhələsi kimi fəaliyyət göstərib. Azərbaycan mediası tam şəkildə azad fəaliyyət göstərsə də, heç vaxt inkişaf edə bilməyib. Həmin dövrün şərtləri, maddi, mənəvi potensialı başqa idi. Sovet dönəminin isə bir çərçivəsi, kommunist ideologiyası və öz tələbləri olsa da, yenə də tənqidçi jurnalistika inkişaf etmişdi, tənqid etməyi bacarmışdı. Mətbuatımız birbaşa SSRİ-nin rəhbərliyini tənqid etməsə də, yerlərdə çatışmazlıqları qaldırıb yazır, araşdırırdı.
Sonrakı dövrlərdə yeni bir era başladı: müstəqil Azərbaycan, müstəqil konstitusiya, müstəqil dövlət və müstəqil media. Həmin keçid mərhələsində, yəni sovet sisteminin dağılması, yeni dövlətin qurulması, müstəqilliyin qazanılması və yeni formasiyanın yaradılması özü ilə problemlər də gətirmişdi. Media azadlığa doğru gedirdi, amma digər tərəfdən medianın qarşısında başqa maneələr də var idi. Azərbaycan mediası bu günləri keçdi. Bu gün şükürlər olsun ki, artıq demokratik, azad mediadan danışırıq”.
B.Quliyev məhz 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Ulu Öndərin xarakterinə uyğun bir medianın formalaşdığını qeyd edib. O, vurğulayıb ki, azadfikirli, azadtəfəkkürlü Heydər Əliyev Azərbaycan vətəndaşını necə müstəqil, azad görmək istəyirdisə, necə bir vətəndaş cəmiyyəti, hüququ dövlət formalaşdırmaq istəyirdisə, elə bir media formalaşdırdı.
“SSRİ dövründən qalmış senzuranın qalıqlarını 1998-ci ildə ləğv etdi. Medianın qanuni bazası gücləndi. Ümumi baza formalaşandan sonra Azərbaycan mediası müstəqil dövlətin mediası kimi fəaliyyətə başladı. Azad, güclü, problemləri aça bilən araşdırmaçı, bütün janrları əhatə edən media formalaşdı”.
Baş redaktor sonrakı dövrlərdə dünyanın artıq yazılı medianın yox, internet, sosial medianın üzərində davam etdiyini qeyd edib. O bildirir ki, artıq dünya balaca bir monitorda cəmlənib, artıq vahid platformadan çıxış edə, eyni dildə danışmağı bacarır. Bu mənada hesab edir ki, bu gün medianın qarşıda duran tələbləri başqadır. “Azərbaycan mediası dünya mediasına transfer edə bilib. Bu transfer təkcə demokratik baxımdan deyil, mənəvi psixoloji cəhətdən də baş verib. Rəqabətə davamlı Azərbaycan mediası formalaşıb. Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaranması, ardınca Media İnkişaf Agentliyinin yaranması və sair mühüm addımlar hər biri sırf Azərbaycan mediasının inkişafına hesablanıb. Bunlar medianın inkişafını dəstəkləyən dövlət layihəsidir ki, bu gün bu funksiyanı Medianın İnkişaf Agentliyi yerinə yetirir. Bu gün dövlət başçısının istəyinə uyğun olaraq azad, çatışmazlıqarı deyə bilən, yaxşı araşdırmalar aparan, problemlərin həlli yolunda yaxşı təkliflər verən mediamız var”.
B.Quliyev hesab edir ki, müstəqil Azərbaycanın mediası 2020-ci ildən sonra xarakter baxımdan da müstəqildir. Ona görə ki, əvvəllər Azərbaycan xalqı özünü müstəqil, suveren saya bilmir, torpaqlarının işğal olunması ilə əzilməsi hissi xalqın xarakterinə hopmuşdu:
“2020-ci ildən sonra tam fərqli situasiya yarandı. Azərbaycan vətəndaşı necə özünü qalib xalqın, dövlətin vətəndaşı kimi hiss edirsə, eləcə də mətbuatımız da özünü qalib dövlətin mediası kimi hiss edir və bütün addımlarında bu nüanslar özünü göstərir.
1990-ci illərin əvvələrində bir tərəfdən mediaya, digər tərəfdən dövlətin torpaqlarına basqınlar olurdu. Azərbaycan xalqı, o cümlədən mediası ciddi sarsıntı keçirirdi. Bu gün biz o basqıdan azad olmuşuq. Azad, demokratikfikirli, xarakterli bir media formalaşıb. Mediamız hazırda dünyanın ən aparıcı mediaları ilə ayaqlaşa bilər. Bugünkü Azərbaycan mediasını təqdirəlayiq, müstəqil dövlətin layiqli peşəkar mediası kimi qiymətləndirə bilərəm”.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan jurnalistikasının tarixi şərəfli yol keçdiyini deyib. O, ənənəsi, məqsədləri olan bir jurnalistikamızın olduğunu deyir: “Azərbaycan jurnalistikası, sözün əsl mənasında, keçən əsrin əvvəllərində olduqca vacib bir missiyanı üzərinə götürüb. Həmin missiyanı daşıyanlar xalqın maariflənməsi, qəflət yuxusundan oyanması, cəhalət və qaraguruhu dağıtmaqdan başqa, eyni zamanda dövlətçilik ənənələrimizin formalaşması, milli ideologiyamızın qorunması məsələsində də ciddi rol oynadılar. Təsadüfi deyil ki, hətta sovet dönəmində də Azərbaycan mediası özünün milliliyi ilə seçilir, ənənələrini qoruyub saxlaya bilirdi. Mediamız yoluni şərəflə davam etdirdi. Azərbaycan jurnalistikası, sözün həqiqi mənada, öz qarşısında olan o vəzifələri, cəmiyyət qarşısında daşımalı olan məsuliyyət hissindən irəli gələn öhdəliklərini layiqincə yerinə yetirir. Biz hər zaman bunun şahidi olduq”.
V.Zifəroğlu müstəqillik əldə etdikdən sonra da Azərbaycan mediasının o proseslərin önündə olduğunu qeyd edib. Onun sözlərinə görə, milli mediamız maariflənmə, obyektiv gerçəkliklərin ortaya qoyulması məsələsində heç vaxt prinsiplərindən kənarda qalmadı, ona xəyanət etmədi:
“XXI əsrin öz gözləntiləri var. Biz informasiya müharibəsindən, rəqəmsal faşizmdən, irqçilikdən, rəqəmsal diplomatiyadan, süni intellektin jurnalistikaya təsirindən danışırıq. Bütün bu məqamlar müasir dövrün tələblərinə uyğun olaraq bizi məcbur edir ki, bu yeniliklərlə ayaqlaşaq. İnanıram ki, Azərbaycan jurnalistikası məhz klassik ənənələrini yaşatmaqla, müasir dövrün tələblərinə də cavab verəcək”.
V.Zifəroğlu jurnalistikamızın daim tənqid hədəfində olması ilə bağlı bəzi məqamlara da diqqət çəkib. Onun fikrincə, bu, jurnalistikanın üzdə, göz qabağında, eyni zamanda, ümumi, ictimai olması ilə bağlıdır.
O, məhz bu səbəbdən də jurnalistikaya münasibətdə fərqli fikirlərin olmasını məqbul hesab edir. Eyni zamanda, bəzən tənqid edən insanların sosial media ilə peşəkar jurnalistikanı, eləcə də professionalla həvəskar jurnalistləri qarışdırdığını deyib. Bildirib ki, bu gün biz bu cizgiləri aydınlaşdırmalıyıq. Bütün bunlar media savadlılığı məsələsini gündəmə gətirir:
“Cəmiyyət olaraq media savadlılığı məsələsinə önəm verməliyik. Hər kəs bilməlidir ki, sosial media nədir, professional jurnalistika nədir. Yaxud, peşəkar jurnalist kimə deyirlər, əsl xəbər nədir, şayiə nədir. XXI əsrin insanı bilməlidir ki, dezinformasiya nədir, etibarlı qaynaq nədir. Eyni zamanda anlamalıyıq ki, hər KİV kütləvi kommunikasiya vasitəsidir, amma hər kommunikasiya vasitəsi KİV deyil. Biz bu fərqi bilsək, etibarlı şəkildə məlumat almaq istəyiriksə, döydüyümüz qapını düzgün seçəcəyik".
V.Zifəroğlu qeyd edir ki, sosial media peşəkar medianı üstələyib, çünki auditoriyası genişlənib. Onun fikrincə, sadəcə olaraq, hüquqi tənzimləmə mexanizmləri işlənməli və digər addımlar atılmalıdır ki, bu məsələlərə də aydınlıq gətirilsin. Digər tərəfdən qeyd edib ki, bizim sosial media ilə rəqabət aparacaq dərdimiz də olmamalıdır. Ona görə ki, biz professional xəbərin ünvanıyıq: “Mediamızın perspektivi ümidvericidir. Bu işdə dayanmaq olmaz. Yolumuzdan sapmamaqla, ənənələrimizi yaşatmaqla yolumuza davam etməliyik.
Mediamız öz xəttini müəyyənləşdirməli, özünü kənar müdaxilələrdən qorumalıdır. Sosial medianın təzyiqini professional media olaraq üzərimizdə hiss edirik. Bu, əsla bizim öz professional dəyərlərimizdən geriyə addım atmamız üçün əsas deyil. Peşəkar medianı hüquqi addımlarla tənzimləyiriksə, bir tərəfdən, sosial medianı da tənzimləməliyik. Tənzimləmə mexanizmləri öz yerinə otursa o zaman professional medianın dəyəri hansı funksiyanı daşıması məsələsi daha aydın görünəcək. Bir sözlə, müasir, arzu etdiyimiz media sağlam, aydın təfəkkürlü cəmiyyətin qurulması ilə sıx bağlıdır".
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirir ki, Milli Mətbuatımız üçün 149 il böyük tarixdir. O, dünyada Azərbaycandan da qədim media tarixinə malik ölkələr olsa da, milli mətbuatın qurulmasında ölkəmizin keçdiyi yolu özünəməxsusluğu ilə seçilən hadisə kimi dəyərləndirir: “Azərbaycan Milli Mətbuatı milli ənənələr üzərində dayanan dövlətçilik sistemində oturuşmuş bir instituta çevrilib. Mətbuatımız 149 il ərzində peşə dəyərlərini milli ənənələr üzərində inkişaf etdirib, təkmilləşdirib. Eyni zamanda, milli dövlət quruculuğu və müstəqillik prosesinin mühüm institutlarından birinə çevrilib”.
Baş redaktor milli mətbuatımızın dövlətçilik sistemində institutlaşmasını onun gələcək qarantiyalarından biri hesab edib. Onun fikrincə, bu, mətbuatımızı yad təsirlərə düşməkdən sığortalayır, sabahkı inkişafı üçün yeni istiqamətlər kəsb edir.
“Mətbuatımız 149 il ərzində müstəqil, müasir seqmentlər yaradaraq özünü təkmilləşdirib. Biz çap mətbuatı ilə bərabər onlayn mediadan, audio-viziual media seqmentlərindən danışa bilirik. Bütün bunların təşəkkül tapmasının kökündə Milli Mətbuatımız dayanır.
Milli Mətbuatımız jurnalist peşəkarlığının, milli jurnalistlər dəstəsinin yetişməsi prosesində də bir məktəb rolunu oynayır. Azərbaycan mediası ictimaiyyətin, medianın, dövlət maraqlarının bir arada aparılmasında çox vacib funksiyanı yerinə yetirir. Ən qərəzli adamlar belə deyə bilməz ki, Azərbaycan mediası birtərəfli inkişaf edir. Bu doğru olmaz. Milli Mətbuatımız mətbuatın, jurnalistikanın maraqlarını uca tutmağı bacarır, eyni zamanda dövlət mənafelərini nəzərə alır, ictimai mənafelərin sarsılmazlığı prinsipi ilə barışır. Bu üç əsas istiqamət arasında balans yaratmaq 149 illik mətbuatımızın ən yüksək nailiyyəti kimi dəyərləndirilə bilər”.
A.Quliyev hesab edir ki, Azərbaycan mətbuatının bundan da güclü mərhələləri olacaq. O, bunu mətbuatımızın indiyə qədər keçmiş olduğu fərqli formasiyalar müstəvisində önə çəkib. Xatırladıb ki, Azərbaycan mətbuatı Çar Rusiyasının, Sovet imperiyasının ideoloji mərhələsini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixini böyük uğurla adlaya bilib:
“Milli Mətbuatımız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, separatizm ocağının tam şəkildə məhv edilməsi uğrunda gedən mübarizənin ən fəal subyektlərindn biri olaraq tarix yazıb. Bu mərhələlərin hər birində milli mətbuatımız nəinki öz simasını itirməyib, mərhələdən mərhələyə yeni intişar, təşəkkül formaları, təkmilləşmə xüsusiyyətləri formalaşdırıb. Bütün bu mərhələləri keçdikcə Azərbaycan mətbuatı yeni uğurlar qazanıb. Dinamik inkişafda olduğuna və milli ənənələrə, dövlət, ictimai maraqlara söykəndiyinə görə Azərbaycan mətbuatının gələcəyinə böyük qarantiya var. Bunun əsas yaradıcısı dövlətimizdir. Dövlətlə Azərbaycan mediası bir yerdə olduğu dövrdə bütün ideoloji təxribatlara lazımi səviyyədə cavab veriləcəkdir”.