“Lakin bütün bunlara rəğmən 19-20 sentyabr 2023-cü ilin ən yaddaqalan tarixi bir günü oldu...”
“2023-cü il Azərbaycan tarixinə gerçəkdən də ciddi, yaddaqalan hadisələrlə yazıldı. On illərlə yaşadığımız müddətdə respublikamızla bağlı arzularımızın böyük əksəriyyəti gerçəkləşdi. Qələbəmizin tam təmin olunması istiqamətində gərəkli addımlar atıldı. Xocalıda, Xankəndində də və bu minvalla 8 anklav kəndimiz istisna olmaqla Quzey Azərbaycan Respublikasının bütün ərazisində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bütün bunlar bizim arzuladıqlarımız idi”.
Bu fikirləri hafta.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu ifadə edib.
“Bilirsiz, 2020-ci ilin 44 günlük savaşın nəticələri bizi tam qane etmirdi. Ona görə ki, hələ işğal altında qalan ərazilərimiz vardı. Bir sözlə, 2023-cü il qələbə ili oldu. Ancaq təəssüflər olsun ki, işğalçı Rusiya qoşunları hələ də Azərbaycan ərazisində qaldı. Onların burada qalmasının müddəti təxminən bəlli olsa da, onların özlərinin iddiaları var. Hətta Putin çəkinmədən başqa fikirlər də səsləndirir. 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Rusiya hərbçilərinin ərazimizdə qalma müddəti 2025-ci ilin noyabrında bitməlidir. Onların adı “sülhməramlı” olsa da, mahiyyətcə işğalçıdırlar. Erməni hərbçiləri ilə bərabər Rusiya qoşunları da çıxsaydı, daha gözəl olardı. Amma nə edək ki, reallıq budur və Rusiya hərbi kontingentini 10 noyabr üçtərəfli bəyanatına əsasən Azərbaycan hökuməti öz imzasıyla dəvət edib... Lakin bütün bunlara rəğmən 19-20 sentyabr 2023-cü ilin ən yaddaqalan tarixi bir günü oldu. Həmin gün keçirilmiş antiterror əməliyyatı nəticəsində Qarabağın dağlıq ərazisinin qalan hissəsi də erməni işğalından azad olundu”,- deyə istiqlalçı deputat açıqlamasının davamında vurğulayıb.