2023-cü ildə partlayıcı qurbanlarının rekord sayı qeydə alınıb

09:10 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya mərkəzli yardım təşkilatı Silahlı Zorakılığa Qarşı Fəaliyyət (AOAV) yeni dərc olunmuş hesabatında 2023-cü ilin son on ildə partlayıcı maddələrin səbəb olduğu mülki itkilərin ən çox olduğu il olacağını açıqlayıb.

Hafta.az-ın BBC-yə istinadən yazdığına görə, AOAV hesabatında, 2022-ci ildəki 4322 hadisə ilə müqayisədə 2023-cü ildə dünya üzrə 7307 partlayışın baş verdiyi bildirilib. Bu partlayışlar 2022-ci illə müqayisədə 122 faiz artaraq 15 mindən çox dinc sakinin ölümünə, on minlərlə insanın isə yaralanmasına səbəb olub.

Silahlı Şiddətlə Mübarizə Hərəkatı İsrailin Qəzzada apardığı müharibəni mülki itkilərin sayındakı bu əhəmiyyətli artımın əsas səbəbi olaraq xarakterizə edərək, bu mövzuda ən çox zərər verən ölkənin İsrail olduğunu bildirib.

AOAV İsrailin Qəzzada həyata keçirdiyi hücumun 12 mindən çox dinc sakinin ölümünə səbəb olduğunu qeyd edib.

Həmas-ın Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmə görə, İsrailin 27 oktyabrdan bəri qurudan hücumu ilə birlikdə Qəzza zolağını bombalaması, əksəriyyəti qadın və uşaq olmaqla 23 mindən çox insanın ölümünə səbəb olub.

Hesabatda deyilir ki, İsrailin Qəzzaya qarşı apardığı müharibə də 2023-cü ildə qeydə alınan hava hücumlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Qeyd olunub ki, dünya üzrə havadan buraxılan raketlərdən istifadə (2022-ci ildə 519 hücum) ötən il 226 faiz artaraq 1694 hücum təşkil edib.

Dünyada mülki əhalinin tələfatı ilə nəticələnən bombardmanların 77 faizinə dövlət qurumları cavabdehdir. Hesabata görə, silahlılar və qadağan olunmuş qruplar tərəfindən öldürülən dinc əhalinin sayında 8 faiz azalma müşahidə olunub.

Ukrayna müharibəsində 8351 nəfərin ölümünə səbəb olan Rusiya, mülki əhalinin ən çox itkisinə səbəb olan ölkələr siyahısında İsraildən sonra ikinci yerdə qərarlaşıb.

Sudan, Myanma, Suriya və Somalidə davam edən münaqişələr də təşkilatın 2010-cu ildən bəri qeydə aldığı ən yüksək mülki itkilərə səbəb olub.

AOAV qeyd edib ki, onun məlumatları bütün zərərləri tam izləmir, lakin dünyanın müxtəlif yerlərində partlayıcı maddələrlə bağlı aydın tendensiyaları ortaya qoyur.