6 minatəmizləyən maşın, 22 təlim görmüş it əməliyyatlara cəlb edilib - Adil Aslanov

14:07 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan dövləti qarşısında dayanan ən başlıca məsələ 30 il ərzində minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsidir. Məlumdur ki, Ermənistan tərəfindən mina xəritələrinin verilməməsi bu prosesi ləngidən başlıca amildir. Mövcud problemin həlli istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılır. Bu məqsədlə Prezidentin sərəncamı ilə Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb. Son bir neçə ay ərzində Agentliyin maddi-texniki bazası da gücləndirilib. Minatəmizləmə prosesində Türkiyə və Rusiyanın da yardımlarından istifadə edilir. Lakin bu çətin və təhlükəli işin əsas aparıcı qüvvəsi Azərbaycan Minatəmizləmə Agentliyinin şəxsi heyətidir.

«Həftə içi»nin sözügedən məqamlarla bağlı suallarını ANAMA-nın Sistemlərin Tətbiqi və Metorologiya şöbəsinin müdiri Adil Aslanov cavablandırıb:

SUAL: Artıq müharibədən 5 ay keçib. Son statistik məlumatları bilmək istərdik. İşğaldan azad edilmiş ərazilərdə nə qədər mina və partlamamış sursatlar aşkarlanıb?

CAVAB: İndiyə qədər ANAMA-nın təmizlədiyi ərazilərdə 18.500-dən artıq partlamamış hərbi sürsat və minalar aşkar edərək, zərərsizləşdirmişik.  Minatəmizləmə əməliyyatları zamanı 20 milyon kvadrat metrdən artıq bir ərazi təmizlənərək, istifadəyə verilib. Bu statistika təbii ki, gündəlik olaraq, dəyişir. Hər gün yeni-yeni sürsatlar, minalar aşkarlanaraq, bu statistikaya əlavə olunur.

SUAL: Hazırda minatəmizləmə əməliyyatları hansı istiqamətdə həyata keçirilir? Niyə məhz bu ərazilərin təmizlənməsi üstünlük təşkil edir?

CAVAB: Dövlət proqramına uyğun olaraq, əsasən kommunikasya keçən ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçiririk. Füzuli rayonundan başlayaraq, Zəngilan  və Ermənistan sərhədinə qədər dəmir yolu xəttinin yenidən qurulması və bərpası işləri gedir. Bu dəmir yolu xətti ermənilər tərəfindən dağıdılıb və həmin ərazilər kifayət qədər minalanıb. Bu gün o istiqamətdə işlərimiz davam edir. Bundan əlavə bizim hazırda bir qrupumuz  Zəfər yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına cəlb olunub. Dövlətin müəyyən etdiyi layihələrdən biri də elektrik xətlərinin keçdiyi ərazilərin minalardan təmizlənməsidir. Artıq intensiv olaraq, biz öndə gedirik. Bizdən sonra inşaat-tikinti şirkətləri tərəfindən həmin işlər görülür. Bununla yanaşı, həmçinin su hövzələri, su kanalları, bunlarla yanaşı həmin ərazilərin yenidən qurulması və bərpası üçün də mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçiririk.

SUAL: Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamından sonra ANAMA-nın fəaliyyət imkanları genişləndirildi. Hazırda ANAMA-nın kadr potensialı ilə bağlı vəziyyət necədir və yeni müdavimlərin seçimi necə aparılır? Əməkdaşlarınızın psixoloji cəhətdən hazır olması üçün hansı tədbirlər görülür?

CAVAB: İlkin olaraq, sorğu-sual aparılır. Həm də onların fiziki baxımdan testdən keçirlər. Testi keçənlər təlim kurslarına cəlb olunur. Təxminən, 40 gün ərzində biz təlim proqramını həyata keçiririk. İndiyə qədər artıq iki kurs keçirilib. O kursları müvəffəqiyyətlə keçən müdavimlərimiz birbaşa əməliyyatlara cəlb edilib. Təbii ki, biz onlarla riski az olan ərazilərdə adaptasiya dövrünü keçiririk. Bundan sonra isə onları təcrübəli istehkamçı, minaaxtaranla birgə çalışdırırıq ki, bu işlərə alışsınlar. Bu işlər bir növ vərdiş halın alandan sonra, artıq arxayın oluruq ki, həmin şəxslər əməliyyatlarda sərbəst iştirak edə bilər.

Ümumiyyətlə, mina təmizləmək üçün xüsusi bir diplomun olmasına ehtiyac yoxdur. Yetər ki, fiziki cəhətdən sağlam və psixoloji durumu yerində olsun. Burada yaş və fiziki imkanlar məhdudiyyəti var.  İnsanlarla söhbət əsasında bizdə ilkin qənaət əmələ gəlir ki, bu insanların işə doğrudanmı marağı var, yoxsa hər hansısa bir niyyətləmi bura gəlirlər. Müdavimlər seçilərkən onların bu işə maraq dairəsi daha çox önəm kəsb edir. Mina axtarmaq riskli bir peşədir. Əlbəttə ki, bura gələn adam 100 ölçüb, bir biçməlidir ki, mən hara gedirəm və məqsədim nədir? Təsadüfi adamların bu işlərə cəlb olunması, doğru deyil. O səbəbdən də kursa cəlb etdiyimiz insanların arasında kursu bitirməyənlər də var. Burada həm əyani, həm də praktiki testlər aparılır. Bu işin ardıcıllıqları var. Bəlli bir standarta uyğun olaraq, hərəkət edilməlidir. Testlərdən keçə bilməyən müdavimlərlə hər hansı bir müqavilə bağlamırıq.

SUAL: Beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunmaq istərdik. Digər dövlətlərin minatəmizləyən qurumlarının cəlb olunması barədə məlumat verərdiniz...

CAVAB: Biz ANAMA olaraq beynəlxalq təşkilatlarla daim və sıx əlaqədə olmuşuq. İndi də bizim isğaldan azad edilən ərazilərdə minatəmizləmə fəaliyyəti ilə əlaqədar olaraq, müxtəlif beynəlxalq təşkilatlardan maraq göstərənlər var. Maraq göstərən təşkilatlar gəlib, ərazilərə baxış keçirirlər. Bu ərazilərdə hər hansısa işlərin görülməsi imkanlarını dəyərləndirərək, təbii ki, dövlətə müraciət olunur. Hazırda FHN-nin xətti ilə Rusiya FHN-nin bir qrup, təxminən, 12 nəfərdən ibarət istehkamçıları bu əməliyyata qoşulub. Müdafiə Nazirliyinin xətti ilə  Türkiyənin hərbi istehkamçıları minatəmizləmə əməliyyatlarına qoşulublar.

SUAL: Ermənistanın minalanmış ərazilərinin xəritəsini Azərbaycana təqdim etməməsi bu prosesin sürətini nəzərəçarpacaq dərəcədə ləngidir. Ümumiyyətlə, bu gün həmin xəritənin olmaması sizin işinizdə nə kimi çətinliklər yaradır?

CAVAB: Ermənilərin bu xəritəni verməməkdə əsas məqsəsdi insanlara daha çox ziyan vurmaqdır. Bu səbəbdən mina xəritəsinin verilməsi məsələsi ermənilər tərəfindən gecikdirilir. Bu xəritənin olması bizim peşəkar baxışımızdan çox mühüm əhəmiyyət kəsb edir. Mina xəritəsi olan yerdə biz daha tez həmin əraziləri təmizləmək imkanı əldə edirik. Xəritə olmadığı təqdirdə, minanın harada olduğunu bilmirsən. Böyük bir ərazini axtarmağa məcbur olursan. Mina xəttini tapana qədər zaman və resurs itkisi gedir. Təbii ki, minatəmizləmə bahalı bir əməliyyatdır. Bu, bütün dünyada belədir. Həm bahalı, həm də təhlükəli... O səbəbdən də resursların səmərəli istifadə olunması üçün xəritələrin olması daha tez bir zamanda həmin ərazilərin təmizlənməsinə zəmin yaradır.

SUAL: Mütəxəssislərdən aldığımız məlumata görə, minatəmizləmə əməliyyatları 3 üsulla aparılır və bu əməliyyatlara detektorlarla yanaşı, xüsusi texnika və təlim görmüş itlər də cəlb edilib. Ümumilikdə, hazırda işğaldan azad edilmiş ərazilərdə axtarış aparan  texnika və təlim görmüş itlərin sayı nə qədərdir? 

CAVAB: 30 ilə yaxın bir müddətdə ərazilər işğalda qalıb. Orada vəhşiləşmiş bir təbiət, kollar var. Maşın bizim üçün köməkçi vasitədir. Əraziyə uyğun olaraq, əməliyyat planı hazırlanır. İnsanın fiziki gücü bəzən bəs etmir. Bəzən həmin ərazilərdə texnikaların istifadəsi daha məqsədəuyğun hesab edilir. Hazırda ərazilərdə 6 minatəmizləyən maşın əməliyyatlarda istifadə olunur. Bununla yanaşı, 22 təlim görmüş it minatəmizləmə əməliyyatlarına cəlb edilib. Həmçinin 6 it isə hazırda təlimdədir. Minatəmizləmədə istifadə olunan texnika  vasitəsilə elə bir keçid xətti açırıq ki, həmin ərazinin texniki tədqiqatını aparaq. Bu da bizə həmin ərazidə hansısa partlayış izlərinin olub-olmamasını araşdırmağa imkan verir. Partlamamış hərbi sursatlar varmı? Əməliyyatların tərkib hissəsi olaraq toplanan məlumatlar əsasında bu əməliyyatların planlaşması həyata keçirilir.

SUAL: Gələcəkdə bu sahədə potensialın artırılması gözlənilirmi? Yəni növbəti günlərdə texniki vasitələrin, təlim görmüş itlərin sayında artımın olması planlaşdırılırmı?

CAVAB: Bu sahədə potensialın artırılması ilə yanaşı, bizim maddi-texniki bazamızın da gücləndirilməsi, minaaxtaran itlərin sayının artırılması, mexaniki mina təmizləmə vasitələrinin sayının artırılması yaxın gələcəkdə planlaşdırdığımız məsələlərdəndir. Bu bizim işimizin asanlaşmasında və verilən tapşırıqların yerinə yetirilməsi üçün zəmin yaradır. Əslində, minaaxtaran itlərin hazırlanmasında və alınmasında da zamana ehtiyac var. Həmçinin bu minatəmizləyən maşınlar da  xüsusi texnikalar olduğu üçün bunların kütləvi buraxılışı yoxdur, müəyyən sifarişlər əsasında gətirilir. Azərbaycanda da bu sahədə işlər gedir. Yaxın gələcəkdə bu potensialın artırılması nəzərdə tutulub.

SUAL:  Yaz aylarında təmizləmə əməliyyatının çətinləşdiyi haqda məlumatlar var. Yəni torpağın oyanması ilə də otlar qalxır və minaları daha da görünməz edir... 

CAVAB: 30 il ərzində basdırılmış minaların əksəriyyəti təbiətin təsirlərinə məruz qalaraq, onların üst torpaq qatı yağışdan, seldən, sudan yuyularaq açılmışdı. Yaz aylarında otlar qalxaraq, bizim görə bildiyimiz o minaları görünməz hala gətirir. O səbəbdən işimiz bu fəsildə bir qədər də çətinləşir. Üstəlik, ermənilərin 30 il ərzində davamlı olaraq, bərkitdiyi istehkamların həm ön, həm də arxa hissəsi minalanıb.  Elə yerlər var ki, məsələn, yamaclar, dərə yataqları orada minanın üstünü 50-60 sm torpaq qatı örtür və bunun tapılması detektorlar vasitəsilə  mümkün olmur.

SUAL: Ermənilərin minaların basdırılması prosesində beynəlxalq standartları pozduğu bildirilir...

CAVAB: Düşmən o minaları xüsusi formalara salaraq, müxtəlif hiylə işlədərək, onları müəyyən bir surpriz halına gətirib çıxarır. Yəni bəzi hallarda tank minasının altına başqa bir partlayıcı maddə qoyurlar ki, minanı tapıb çıxaran zaman o, işə düşür. Təbii ki, çox böyük partlayışa səbəb olur. Bu sursatlara da aiddir. Yəni top mərmiləri, minaatan mərmilərdir, bunlardan müəyyən surprizlər hazırlayaraq, daha çox canlı qüvvəyə, insanlara zərər vermək üçün istifadə edirlər. Həmçinin onların atdığı raketlərdən danışaq. Raketlərin kaset bombaları səpələnmiş halda olur. YəniÖ bunlar bir toxunuşdan partlama imkanına mailk olan sursatlardır.

SUAL: Hazırda ANAMA tərəfindən Zəngilanda “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi üçün minatəmizləmə əməliyyatları aparılır və o əməliyyatlarla bağlı son vəziyyət nə yerdədir?

CAVAB:  Qarşıda duran vəzifələrdən biri də kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin minalardan təmizlənməsidir. Artıq əməliyyat qrupumuz Zəngilan və Qubadlı istiqamətində həm “Ağıllı kənd” layihəsi çərçivəsində evlərin təmizlənməsi əməliyyatlarında iştirak edir. Həmçinin o kəndlərin ətrafında əkin sahələri, bağ sahələri üçün ilk öncə həmin ərazilər yoxlanılır. Bundan sonra müxtəlif təyinatlıar üzrə torpaqlardan sitifadə olunur. 

Tünzalə İsmayılova

Oxunma sayı 858