Türkiyə Daxili İşlər Nazirliyi İmmiqrasiya İdarəsi Müdirliyinin məlumatına görə, 9 noyabr tarixinə ölkədə oturma icazəsi olan əcnəbilərin sayı 1 milyon 127 min 38 olub. 19 yanvar 2023-cü ildə 1 milyon 335 min 153 olaraq qeyd edilən Türkiyədə oturma icazəsi olan əcnəbilərin sayı, 9 noyabr tarixinə 15 faiz azalıb.
Hafta.az-ın “Euronews”a istinadən yazdığına görə, İstanbul 568 min əcnəbini qəbul etməklə Türkiyədə yaşamaq icazəsi ilə yaşayan əcnəbilərin vilayətlərə görə bölgüsündə birinci yerdədir. Bu müstəvidə əcnəbilərin sayına görə Antalya İstanbuldan sonra gəlir. Antalyada oturma icazəsi olan əcnəbilərin sayı 130994-dür. Ən çox oturma icazəsi olan şəhərlər arasında Ankarada 71832, Bursada 51566, Mersində 41190, İzmirdə 24247, Muğlada 22586 əcnəbi yaşayır.
Əcnəbilərin ən az yaşayış icazəsi aldığı şəhər Tunceli olub. 53 əcnəbinin yaşadığı Tuncelidən sonra Muşda 81, Bayburtda 174, Ərdahanda isə 191 yaşayış icazəsi olan əcnəbi var.
Türkiyədə yaşamaq icazəsi olan əcnəbilər arasında birinci yeri Rusiya vətəndaşları tutub. Türkiyədə oturma icazəsi ilə yaşayan rusların sayı 107392 olaraq qeyd edilib. Rusların ardınca 103861 Türkmənistan, 94370 İraq, 82489 Suriya, 79181 İran, 63803 Azərbaycan, 51941 Özbəkistan, 43591 Əfqanıstan, 38443 Ukrayna və ümumilikdə 419056 digər ölkə vətəndaşları yaşamaq icazəsi ilə Türkiyədə məskunlaşıb.
Rusiya-Ukrayna böhranından sonra Türkiyəyə köçən bu iki ölkənin vətəndaşlarının sayı noyabrın 9-na olan məlumata görə 27 faiz azalıb. Türkiyədə yaşayış icazəsi olan Ukrayna və Rusiya vətəndaşlarının ümumi sayı yanvarın 19-da 201533 ikən, noyabrın 9-da bu rəqəm 145835 olub. Bu tarixlər arasında 55698 rus və ukraynalı öz ölkələrinə qayıdıb. Rusiya vətəndaşlarının sayı 154297-dən 107392-yə, ukraynalıların sayı isə 47236-dan 38443-ə enib.
Türkiyədə oturma icazəsi olan əcnəbilərin sayı 2005-ci ildə 178964 idisə, 2015-ci ildə 422895-ə çatıb. 2018-ci ildə 856470-ə yüksələn Türkiyədə oturma icazəsi olan əcnəbilərin sayı 2019-cu ildə ilk dəfə 1 milyonu keçərək 1 milyon 101 min 30-a yüksəlib. Bu rəqəm 2020-ci ildə 886653, 2021-ci ildə 1 milyon 314 min 181, 2022-ci ildə isə 1 milyon 354 min 94 olaraq qeydə alınıb.