İdxaldan asılı inflyasiya - AKTUAL

19:39 22.05.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda inflyasiya yenidən sürətlənib. Belə ki, illik inflyasiyanın artım tempi 5,9 faizdən 6,3 faizə qalxıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz artıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artmışdı.

2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz yüksəlib.

2025-ci ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna yarmasının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, brokkolinin, şirin bibərin, süfrə çuğundurunun, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, sarımsağın qiymətlərində müşahidə olunub.

2025-ci ilin aprel ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma ayaqqabıların və zərgərlik məmulatlarının, ucuzlaşma isə mebelin və yazı kağızlarının qiymətlərində müşahidə edilib.

2025-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, stomatoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, son aylar əsasən qida məhsullarının qiymətində artım müşahidə edilir: “Rəqəmlərə diqqət yetirsək, ötən ilin eyni dövrünə nisbətdə bu il inflyasiya 5.8 faiz artıb. Əsasən, qida məhsullarında daha çox artım var. Burada bir çox birinci dərəcəli istehlak etdiyimiz məhsulların qiymətində daha çox bahalaşma müşahidə olunur. Ümumiyyətlə, son 5 il ərzində dünyada inflyasiya problemi olduqca geniş şəkildə özünü göstərir. Dünya iqtisadiyyat tarixində, hətta 2022-ci il “inflyasiya ili” kimi yadda qaldı. Pandemiya ilə mübarizədə bir çox ölkələrin fiskal və monetar siyasəti nəticəsində bu təbii hal idi. İnflyasiya dünya iqtisadiyyatını bürüməklə, bizə ikiqat təsir etdi. Biz daxili infliyasiya prosesləri ilə yanaşı, idxal inflyasiyası ilə də mübarizə aparmalı olduq. Nəticə etibarilə, kifayət qədər bahalaşmanın şahidi olduq. Əslində, praktikada iqtisadçılar proqnozlaşdırırdılar ki, 2025-ci ilin may ayından bu strukturlu formada səngiyəcək. Demək olar ki, keçən aya nisbətdə diqqət yetirsək, inflyasiyanın faiz nisbətinin artımı artıq səngiyib. Bu, rəqəmsal olaraq da özünü göstərir. Ötən aya nisbətdə cəmi 0.3 faiz bahalaşma müşahidə olunub. Bu isə o deməkdir ki, proqnozlar özünü doğrultmaqdadır”.

Ekspert qeyd edib ki, inflyasiyanın qarşısını almaq üçün yerli istehsalın bazardakı çəkisi artmalıdır: “İnlfyasiya ilə mübarizədə ilk növbədə yerli istehsalı gücləndirməklə, idxal amilini maksimal şəkildə azaltmalıyıq. Bu isə yerli istehsalı artırmaqla, rəqabətyönümlü fəaliyyət növlərini qaldırmaqla mümkündür. Eyni zamanda inhisarçılıq da buna mənfi təsir edir. Bunların hamısını biz makroiqtisadi səviyyədə yerinə yetirməliyik”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, 2025-ci ilin əvvəlindən beynəlxalq iqtisadi-siyasi mühitdə çox ciddi dəyişikliklər baş verir: “Bunun da ticarət müharibələri, rüsumların kəskin artımı, qeyri-rasional iqtisadi münasibətlər sisteminə doğru ciddi meyllərin formalaşması kimi səbəbləri var. Bu proseslər qlobal ticarət sistemində ciddi transformasiyalar təhlükəsini formalaşdırdı ki, bu da ticarət proseslərində məhsulların bahalaşmasına gətirən amilləri aktivləşdirdi. Bu gün biz görürük ki, idxal olunan məhsulların qiymətində kəskin artımlar var. Heyvan mənşəli məhsullarda bu artım 17 faizdən artıq, bitkimənşəli məhsullarda 15 faizdən çox, yağlarda 30 faizə qədərdir. Bir sıra qeyri-ərzaq məhsullarında da ciddi bahalaşma var: qeyri-üzvü kimya məhsullarında 30 faizdən artıq, plastik məmulatlarda 20 faiz, toxuculuq məhsulları 40 faizə qədər, ayaqqabılar 44 faiz. Yəni ölkədə hazırkı şərtlər daxilində idxal inflyasiyasının ciddi təzyiqini müşahidə edirik. Bundan əlavə, xidmət sektorunda qiymətlər də sürətlə artır ki, bu da inflyasiyanın daxili amillərinin də aktivləşdiyini göstərir. Digər tərəfdən, ilin əvvəlində minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin artırılması da inflyasiyaya artırıcı təsir göstərən amillərdəndir. Bu gün istehsalçı qiymət indekslərində artım var, hansı ki, onun istehlak bazarına tezliklə yansıması baş tutacaq, yəni inflyasiya daha da sürətlənəcək”.

Ekspertin fikrincə, inflyasiyanın yüksəlməsinə səbəb əsasən ölkə bazarının idxaldan yüksək asılılığıdır: “Bu şəraitdə hökumət manatın məzənnəsini sabit saxlamaq üçün addımlar atmalıdır. Digər bir məsələ yerli istehsalın dəstəklənməsi ilə bağlıdır. Bu sahədə dövlətin yerli istehsal müəssisələrinə dəstəyinin davam etməsi vacibdir. İstehlak səbətinə daxil olan bir sıra məhsulların idxalının asanlaşdırılması, bazarda bolluq yaradılması üçün inhisarçı tərəflərin mövqeyinin zəiflədilməsi, məhsul təklif edənlərin sayının artırılması, sağlam rəqabətin bərqərar edilməsi vacib olan addımlardandır. Əks halda, Azərbaycanda inflyasiyanın daha da sürətlənməsi baş verə bilər. Bir sıra ölkələrdə məhsulların maya dəyərinə təsir edən faktorlar arasında digər amillər artırıcı təsir göstərəndə yanacaq qiymətləri azaldıcı təsir göstərir. Lakin Azərbaycanda bu prinsip işləmir: bir qayda olaraq neftin qiyməti düşəndə dövlət büdcəsi gəlirlərinin tarazlığını təmin etmək üçün yanacağın qiyməti artırılır. Buna görə də hökumətin digər effektiv alətlərdən istifadə edərək, qiymət artımını məhdudlaşdırması lazımdır. Bura Mərkəzi Bank tərəfindən sərt monetar siyasətin davam etdirilməsi, hətta bir qədər də sərtləşdirilməsi də aiddir. O cümlədən Mərkəzi Bank uçot dərəcəsinin artırılması istiqamətində addımlar ata, digər alətlərin vasitəsilə manatın məzənnəsinin saxlanmasını təmin edə bilər”.