Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il dekabr ayının 1-nə 10 milyard 615.9 milyon ABŞ dollarına çatıb. Bu göstərici son bir ayda 1 faiz artım deməkdir. Bankın ehtiyatları son 1 ildə isə 33.2 faiz və ya 2 milyard 646.7 milyon dollar artıb. Belə ki, 2022-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 7 milyard 969.2 milyon dollar təşkil edib.
Bəs, görəsən, AMB-nin valyuta ehtiyatlarının artımına hansı amillər təsir göstərib?
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatı 2014-cü ilin iyulun sonunda ən yüksək həddə - 15,1934 milyard dollar olub. Lakin 2014-cü ilin ikinci yarısında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və uzun müddət qiymətlərin artmaması Azərbaycanın xarici valyuta gəlirlərini xeyli azaltdı. Bununla bərabər Rusiyada yaranan ajiotaj ölkəmizdən böyük məbləğdə xarici valyutanın çıxışına səbəb oldu. Hər iki amilin təsiri ilə ölkəmizdə xarici valyutaya olan tələbi ödəmək üçün AMB-nin valyuta ehtiyatlarından istifadə olundu və bunun nəticəsində ehtiyatlar sürətlə azalmağa başladı. Ehtiyatların həcmi 2014-cü ilin sonunda 13,758 milyard dollara, 2015-ci ilin sonunda 5,017 milyard dollara, 2016-cı ildə 3,974 milyard dollara qədər gerilədi. Yaranmış vəziyyətdə AMB məcbur olub dollar/manat məzənnəsində dəyişiklik etdi və manat dollara nəzərən 2,14 dəfə ucuzlaşdırıldı. Həm bu tədbir, həm neftin qiymətlərinin bir qədər artması, həm də sərt fiskal və monetar sahədə atılan sərt tədbirlər hesabına cari əməliyyatlarda tarazlığın yaranması AMB-nin valyuta ehtiyatlarının tədricən artmasına imkan verdi. Qeyd edilən dəyişikliklərdən sonra AMB-nin valyuta ehtiyatları 2017-ci ilin sonunda 5,335 milyard dollara, 2018-ci ildə 5,626 milyard dollara, 2019-cu ildə 6,26 milyard dollara, 2020-ci ildə 6,37 milyard dollara, 2021-ci ildə 7,075 milyard dollara yüksəldi. Ümumiyyətlə, 2017-2021-ci illərdə AMB ehtiyatlarını 3,1 milyard dollar, yəni 78 faiz artırmağa nail oldu.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən professor Əli Əlirzayev bildirib ki, 2022 və 2023-cü illərdə xarici iqtisadi vəziyyət Azərbaycan üçün daha əlverişli olduğundan AMB-nin valyuta ehtiyatları daha sürətlə artıb: “Neftin qiymətinin bahalaşması bu sektorda fəaliyyət göstərən şirkətlərin yerli istehlak və büdcə qarşısında vergi öhdəliklərini yerinə yetirməsi məqsədilə manata ehtiyacını artırıb. Bu isə həmin şirkətlər tərəfindən bazara valyuta təklifinin həcmini artıran faktordur. Bazara isə bir neçə mənbədən valyuta təklif olunur, Dövlət Neft Fondu, iri neft şirkətləri və iri ixracatçılar və turizm sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən. Görünən odur ki, manatla ifadədə öhdəliyi artan xarici neft şirkətlər bazara daha çox valyuta təklif edir. Amma eyni zamanda, qeyri-neft adı altında ixrac olunan məhsulların həcmində də artımlar görürük. Qeyri-neft adı altında təqdim edilən məhsulun həcmi 3 milyard dollara çatıb. Bunun özü də dolayısı ilə bazara əlavə valyutanın daxil olmasına səbəb olur. Bu da öz növbəsində Mərkəzi Banka sterilizasiya imkanı yaradır. Eyni zamanda, ehtiyatların artmasına həmçinin ehtiyatların idarə edilməsindən əldə olunana gəlir də təsir edir. Yəni, mövcud ehtiyatlar daha diqqətlə və qənaətlə idarə olunur. Bu da özlüyündə əlavə ehtiyat deməkdir”.
Mövzu ilə bağlı maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə deyib ki, AMB-nin valyuta ehtiyatları əsasən iki səbəbdən artır: “Bu Mərkəzi Bankın ölkədə az valyuta satması və daha çox valyuta alması ilə bağlıdır. Daxildə vətəndaşlar və sahibkarların xarici valyutaya ehtiyacın az, milli valyutaya isə çox olması fonunda hamı manatı banklara satır. Banklar da sonradan onu Mərkəzi Banka satır. Mərkəzi Bank da öz növbəsində milli valyuta verib, əvəzində xarici valyuta əldə edir. Mərkəzi Bank uçot dərəcəsini artırmaqla ölkədə iqtisadi aktivliyi artırmağa çalışır. Nəticədə milli valyutaya da tələbat artır. Digər tərəfdən, MB əlindəki xarici valyutanı elə-belə saxlamır. Onu xaricdə hansısa qiymətli kağızlara qoyur. Belədə oradan da gəlir əldə edir”.
Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı (AMB) da rəsmi valyuta ehtiyatlarının son 8 ildə ən pik həddə yüksəlməsini təsdiqləyib. Qurum bunun səbəbini açıqlayaraq bəyan edib ki, son 2 ildə profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etdiyi şəraitdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının mütləq əksəriyyətində təklif tələbi üstələyib. Bu səbəbdən valyuta bazarında tarazlığın təmin olunması üçün fiskal əməliyyatlarla əlaqədar son aylar ərzində Mərkəzi Bank valyuta bazarına alışyönlü müdaxilə edib. Əvvəlki illərdə olduğu kimi alışyönlü müdaxilələr Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir: "Ümumilikdə alışyönlü valyuta müdaxilələri nəticəsində pul bazasının izafi genişlənməsi pul siyasəti alətləri ilə məhdudlaşdırılır. Bu məqsədlə Mərkəzi Bank son bir ildə özünün sterilizasiya əməliyyatlarını əhəmiyyətli şəkildə aktivləşdirib və yeni alətlərin tətbiqinə başlayıb".