Ağdamda Xaçınçay çayından keçən sel sularının yaşayış məntəqəsinə yaratdığı təhlükənin qarşısı alınıb.
Hafta.az xəbər verir ki, Xaçınçaya sel gəlməsi nəticəsində Xaçınçay qəsəbəsində yolun bir hissəsi yuyulub, qaz və su xətlərinə ziyan dəyib. Hadisə ilə bağlı aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Ağdam Rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və digər qurumların rəhbərləri və əməkdaşları əraziyə gəliblər.
Əraziyə cəlb edilən texnika və canlı qüvvə təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Görülən tədbirlər sayəsində Xaçınçay qəsəbəsində yaranan təhlükənin qarşısı alınıb, qaz xəttinə dəymiş zərər aradan qaldırılıb.