“İran heç vaxt Azərbaycanla Türkiyənin bir arada olmasını istəməz” - Riyaz Sarıkahya

16:25 02.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Neçə vaxtdır İraqda daxili siyasi böhran hökm sürür, parlament binasını ələ keçirən Muktəda əs-Sədrin tərəfdarları qanunverici orqanın fəaliyyətini iflic ediblər. Ölkədə tərəflərin hər birini razı salacaq hökumət qurula bilmir. Elə Sədr tərəfdarlarını çilədən çıxaran da məhz bu faktdır.

Yeri gəlmişkən, sonuncu seçki nəticəsində palamentdə ən çox kürsü qazanan Sədr əvvəl qurulacaq hökumətin tərkib və forması haqda təkliflər verirdisə, indi artıq konstitusiyanın, dövləti idarəetməninin formasının dəyişdirilməsindən dəm vurur. Ümumiyyətlə, Azərbaycanla tarixən sıx əlaqələrə malik olan bu ölkədə nələr baş verir?

Suallarımızı İraqın keçmiş millət vəkili, Türkməneili Partiyasının sədri Riyaz Sarıkahya cavablandırır:  

- Bilirsiniz ki, 8-9 ay öncə İraqda seçkilər keçirilmişdi və nəticədə yaranan parlament aylar sonra fəaliyyətə başlaya bilmişdi. Amma hökumətqurma məsələsində problemlər yarandı və bu məsələ uzun müddətdir ki, çözülmür. Çözüm üçün iki model təklif olunub. Bunlardan biri Muktəda əs-Sədrin təklif etdiyi çoxluq hökuməti modelidir. Yəni şiələrin, sünnilərin və kürdlərin bir hissəsi hökumət quracaq, digər qismlər isə müxalifətdə qalacaq. Nuri əl-Malikinin və İranın təsiri altında olan digər şiə qrupları isə başqa modellə çıxış edirlər. Onlar təklif edirlər ki, razılıq hökuməti qurulsun və bütün tərəflər hökumətdə təmsil olunsun. Göründüyü kimi, tərəflərdən heç biri digərinin təklifi ilə razılaşmır və buna görə də parlamentin işi düyünə düşüb. Bunu görən Muktəda əs-Sədr özünə bağlı bütün millət vəkillərinə istefa verməyi tapşırdı və bu da oldu. Məlumat üçün deyim ki, hazırda parlamentdəki 329 millət vəkilindən 73 nəfəri Sədr qrupuna daxil idi. Bundan sonra Sədr qrupunun yerini İranla sıx təmasda olan şiələr və az sayda da müstəqil millət vəkilləri tutdu. Yəni İranyönümlü şiə qrup hökuməti qurmağa çalışdı. Amma Sədr bunu da həzm edə bilmədi. Bundan sonra Baş nazir vəzifəsinə Məhəmməd Şiya əs-Sudaninin namizədliyi irəli sürüldü ki, Sədr onu qəbul etmədi və tərəfdarlarını parlamenti tutmağa səslədi. Üç gündür Sədr tətərdarları parlamentdədir, orada iş dayanıb.

- Sədr əvvəlki tələblərini dəyişdirib deyəsən...

- Hə, o, əvvəl çoxluq hökumətinin yaradılmasından bəhs edirdisə, indi deyir parlament üsul-idarəsi ləğv olunsun. Bunun üçünsə ilk növbədə konstitusiya, seçki haqqında qanunlar dəyişdirilməlidir. Sədr tərəfdarları bu gün də hökumətin də yer aldığı “Yaşıl bölgə”dədirlər. Əlbəttə, Malikinin tərəfdarı olan şiə qruplar da şəhərin başqa yerlərində toplanmağa qərarlıdırlar. Bilirsiniz, ölkəni siyasi problemə salan hadisələrin məğzində bir-biri ilə rəqabət aparan iki şiə qrup var. İkisi də İranın ciddi təsiri altındadır. Malikinin başçılıq etdiyi qruplar İranın İslam İnqilab Keşikçiləri korpusu ilə sıx təmasdadırlar. Sədrin də İranla əlaqəsi var, amma bir az da ilıq, daha məsafəlidir. Sədr Səudiyyə Ərəbistanı, digər Körfəz ölkələri də təmasdadır. Əsas odur ki, ölkədə işlər böhrana sürüklənib. Maliki bu günlərdə ortaya çıxan səs yazısında da çox təhlükəli şeylərdən bəhs edib, ölkədə qan tökülməsindən, millətə xəyanətdən filandan danışıb. Vəziyyət çox ağırdır...

- Yenidən seçkilərin keçirilməsi ehtimalı var? Maraqlıdır, baş verən hadisələrdə və gözlənilən yeni seçkilərdə türkmən əhali öz milli maraqları naminə yararlana bilir?

- Təbii ki, bu gün çoxları təkrar seçkilərin keçirilməsindən danışır. Amma seçkidən əvvəl seçki haqda qanunun dəyişdirilməsinin, fərqli seçkinin keçirilməsini təklif edənlər var. Bundan əlavə, Ali Seçki Komissiyasının dəyişdirilməsi məsələsi də gündəmdədir. Bu yerdə qeyd edim ki, qurulduğu gündən həmin komissiyada türkmənlər də təmsil olunub, amma sonradan onları kənarlaşdırıblar. Bu gün həmin qurum böyük siyasi hərəkatların nəzarətindədir və bitərəf mövqeyini tamamən itirib. İndi türkmən partiyaları da təkrar seçkinin keçirilməsinə tərəfdardır. Son iki seçkidə türkmənlərə çox ədalətsizlik edilib, xüsusilə də türkmənlərin yığcam yaşadığı ərazilərdə. Bu yandan da, xüsusilə son dönəmlər keçirilən seçkilərdə saxtakarlığa yol verilib, kürd qruplar seçkiyə nəzarət edib. Ona görə də yeni seçiləcək parlamentin daha təmiz olmasını arzulayırıq. Türkmənlərlə bağlı bir sıra təkliflərimiz var, inşallah ki, bu dəfə onları nəzərə alarlar.Türkmən partiyaları olaraq bunların baş verməsi üçün təzyiqlərimizi artıracağıq.    

- İraqda yaşanan siyasi böhranın alovlanmasında xarici təsir ola bilərmi? Prosesin əsas tərəflərinin şiələr olduğunu düşünsək, məsələn, İranın barmağı görünür bu hadisələrdə? Amma məncə Muktəda əs-Sədr İrana qarşıdır...

- Biz əminik ki, xaricdəki mərkəzlərin İraqda baş verən proseslərdə mütləq rolu var. Burada İranın bir cür marağı var, Səudiyyə Ərəbistanın başqa cür, Körfəz ölkələrinin tamam fərqli. Hətta İrandaxili qrupların özlərinin bir-biri ilə uyuşmayan çox fərqli maraqları var. Bu gün İrandaxili qatı və ilıq şiə qrupları arasında gedən çəkişmələr İraqdakı şiə qruplara öz təsirini göstərməkdədir. Bayaq dediyim kimi, Sədrin özü nə qədər fərqli görünsə də, İrandakı ilıq qruplarla çox yaxşı əlaqəsi var və çətin vəziyyətə düşdüyü hər zaman məhz İrana gedir. Ümumiyyətlə, əslində İran əhalisinin böyük bir qismi Azərbaycan türklərindən ibarətdir, Xameneinin özü də Azərbaycan türküdür. Orada Azərbaycan türkcəsinin danışıq dili olması, türkcə təhsilin verilməsi, türkdilli televiziyaların fəaliyyət göstərməsi və sair problemdir, amma ümid edirik ki, zaman içində bu problemlər aradan qalxacaq. İranın siyasətində türk düşmənçiliyindən əlavə, rəqabət də özünü göstərir ki, bu da normaldır. Amma bu, bölgəyə ziyan vurmamalıdır. Çünki Amerika və başqa xarici mərkəzlər bundan hər zaman məharətlə yararlanır. Qərb dünyası çox istəyir ki, İslam aləmində məzhəbçilik olsun. Zamanında Avropada da məzhəbçilik olub, əsrlərlə müharibələr ediblər bir-biri ilə. Onlar bu vəziyyətin İslam dünyasında yaşanması üçün hər şeyi edirlər. Biz öz növbəmizdə İraqda vəziyyətin normallaşmasını, İranın da İslam dünyası ilə bütövləşməsini və türk dövlətləri ilə səmimi əməkdaşlıq etməsini arzulayırıq.   

- Məncə İranın dini lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycanla bağlı da bəzi şeyləri çatdırıb. Məsələn, Ərdoğan Tehranda olarkən dini rəhbər Zəngəzur dəhlizindən söz açıb, ermənilərə təkrar qardaşlıq duyğularını səsləndirib, Bakını üstüörtülü təhdid edib deyə bilərik. Bunlar təsadüfdür, yoxsa Türkiyə - Azərbaycan qardaşlığına qarşı düşmən mövqeyi?

- Azərbaycanla Türkiyənin bir arada olmasını, İran heç vaxt istəməz. Azərbaycanın həm ərazicə, həm də əhalinin sayına görə daha böyük hissəsi İranın tərkibindədir. Odur ki, İran Azərbaycanda fərqli inkişafın getməsini, cəmiyyət içində ayrılıqçı ünsürlərin yetişməsini, türkçülüyün inkişafını arzulamır. Amma Türkiyə ilə Azərbaycan, hətta Gürcüstan və Ermənistan arasında əməkdaşlığın güclənməsi, sərbəst keçid azadlığının olması ən yaxşı həll yoludur. Müsəlman dövlətlərinin xırda-xırda hissələrə bölünməsi digər dinlərə mənsub ölkələrin işinə yarayır. Bu gün bütün müsəlman dövlətlərinin toplam çəkisi tək Çininkindən azdır.

- İranın Türkiyə və Azərbaycanla münasibətləri, gizlincə PKK-ya, Suriyada YPG-yə filana ciddi yardımları, zaman-zaman Azərbaycanın əleyhinə bəyanatları və ermənilərə ilk gündən qardaş dəstəyi verməsi baxımından yanaşsaq, İraq xalqı və hökuməti bu məsələlərdə tərəflərdən hansının yanındadır: İranın, yoxsa Türkiyə - Azərbaycan cütlüyünün?

- İraqda xalqın böyük hissəsi şiələrdir və siyasi münasibətlərdə də məzhəb məsələsinin rolu böyükdür. Əlbəttə, açıq demək lazımdırsa, İranın İraqda nüfuzu çox yüksəkdir. Bu səbəbdən də Azərbaycan dövlətinin İraqla daha sıx əməkdaşlıq etməsi, daha çox tanınması lazımdır. İraqda bəzi siyasi mərkəzləri çıxmaqla, çoxları bilmir ki, Azərbaycan əhalisinin də yarıdan artığı şiələrdir. Qarabağ savaşında türkmən əhalinin böyük hissəsi istisna olmaqla, iraqlılar bitərəf qaldı. Müharibə dövründə türkmən millət vəkilləri ərəb şiə millət vəkillərinə dedilər ki, niyə müsəlman-şiə Azərbaycan xalqına dəstək vermirsiniz, əksinə, hətta gizlincə ermənilərə dəstək veririk kimi göstəririk özümüzü? Əlbəttə cavab olmadı. Hər halda, İraq Azərbaycana qarşı da çıxmayıb. Çox istərdik ki, Türkiyə, Azərbaycan, elə İranın özü də, hansı ki, onun da əhalisinin yarısı Azərbaycan türkləridir, İraqla sıx əməkdaşlıq eləsin və təbii ki, biz türkmələrə də sahib çıxsınlar. Bu məsələdə İraqda yaşayan türkmənlər olaraq dostluq münasibətlərinin inkişafında körpü rolunu oynamaq istərdik.  

- Yaradılması gözlənilən və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi Böyük İpək Yolunun bir xəlqəsi, Çindən, Yaponiyadan İngiltrərəyədək uzanan yolun üzərində körpü olacaq. İraqın bu məsələyə münasibətini bilmək istərdik. Sizcə Ermənistandan keçərək Türkiyənin yol infrastrukturuna birləşməsi gözlənilən Zəngəzur dəhlizindən İraq dövləti və xalqı yararlana bilərmi, bu proqrama qoşulduğu təqdirdə mənfəəti nə ola bilər?

- İpək Yolu deyərkən bir çox keçidlərdən bəhs olunur. Bunlardan biri də Zəngəzur dəhlizidir. Əlbəttə ki, bu yol hardan keçir-keçsin, həmin bölgənin inkişafına, çiçəklənməsinə, mənfəət götürməsinə xidmət edəcək. Bundan əlavə, biz türkmənlər İpək Yolunun fəaliyyətinə və xüsusilə də Zəngəzur dəhlizi ideyasının reallaşmasına sırf ticarət gözü ilə deyil, türk dünyasının birləşməsi, Azərbaycan torpaqlarının bütünləşməsi kimi baxırıq. Bütün bu inkişaf müstəvisində erməniləri xilas eləmək, Qərb dövlətlərinin oyuncağı olmaqdan qurtarmalıyıq. Son 150 ildir ermənilər bölgəyə problem yaşadır, hansı ki, minillərdir birlikdəyik. Onları kənar qüvvələrin təsirindən qurtara bilsək, yaxşı olacaq. Ermənistan bu gün iqtisadi tənəzzül içindədir və ağlını başına yığaraq qonşu dövlətlərlə, xüsusilə də türk ölkələri ilə əməkdaşlığı gücləndirməsi elə özlərinə xeyirdir.

Oxunma sayı 2162