Aİ Nümayəndəliyi İnsan Hüquqları Gününə dair müsabiqə keçirir

09:00 26.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) ölkəmizdəki Nümayəndəliyi 10 Dekabr İnsan Hüquqları Gününü qeyd etmək və hər kəsin insan hüquqları haqqında məlumatlılığını artırmaq üçün videomüsabiqə elan edir.

Nümayəndəlikdən Hafta.az-a verilən məlumata görə, 14-18 yaş arasında olan iştirakçılar fərdi və ya qrup şəklində insan hüquqları mövzusunda 2-4 dəqiqəlik videoklip hazırlamağa dəvət olunurlar.

Münsiflər heyəti ən çox bəyənilən üç videonu seçəcək. Videolar uşaq və gənclər də daxil olmaqla, hər kəsin insan hüquqlarına hörmət edilməsinin vacibliyi haqqında məlumatlandırmanın artırılması baxımından onların səmərəliliyinə, orijinallıq və yaradıcılığına və video keyfiyyətinə görə qiymətləndiriləcək.

Aİ Nümayəndəliyi birinci yerin qalibinə GoPro videokamerası hədiyyə edəcək. Müsabiqədənin 2-ci və 3-cü yerlərinin qaliblərinə müvafiq olaraq iPad və eBook reader hədiyyə olunacaq. Qalib videoları təqdim edən komandalar dekabrda karantin şərtlərinə uyğun olaraq təşkil ediləcək tədbirdə mükafatlandırılacaqlar.

Hər üç qalib video Aİ Nümayəndəliyinin onlayn platformalarında paylaşılacaq. Nümayəndəlik tərəfindən göstərilən səyləri qiymətləndirmək üçün bütün iştirakçılara sertifikatlar veriləcək.

Təqdim olunan video ilə bərabər ərizə forması və videonun ingilis dilində qısa məsmuzu WeTransfer vasitəsilə [email protected] poçt qutusuna 25 Noyabr 2021 tarixinə qədər göndərilməlidir.

Video Azərbaycan və ya ingilis dilində ola bilər. Videoda görüntüsü olan 18 yaşından kiçik şəxslər üçün valideyn və ya qəyyumdan yazılı icazə daxil edilməlidir.

Ərizə forması və Müsabiqənin Rəsmi Qaydaları ilə Aİ Nümayəndəliyinin internet səhifəsindən tanış ola bilərsiniz.

Oxunma sayı 367