Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 7-də keçirilmiş qəbul imtahanında ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb.
Hafta.az xəbər verir ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı göstərib. O, imtahanın ikinci mərhələsində 400, hər iki mərhələnin cəminə görə isə maksimal – 700 bal toplayıb. Abituriyent birinci mərhələdə 300 bal nəticə göstərib.
Məlumata görə, I ixtisas qrupu üzrə ikinci mərhələdə 400 bal toplayan digər abituriyentlər Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhəri Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızıdır.
IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı göstərib. O, ikinci mərhələdə 400, hər iki mərhələnin cəminə görə isə 693,6 bal toplayıb. Abituriyent birinci mərhələdə 293,6 bal nəticə göstərib.
IV qrup üzrə ikinci mərhələdə 400 bal toplayan digər abituriyent isə Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızıdır.