ABŞ, Fransa və Rusiyanın təşəbbüslərini dəstəkləməməliyik - Politoloq

12:03 13.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu üç dövlətin ölkəmizdəki səlahiyyətli səfirləri Şuşaya getməliydilər. Çünki bu dövlətlər 30 ildir bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupu dövlətləridirlər. Və məhz onların fəaliyyətsizliyi nəticəsində azad olunmuş torpaqlar erməni vəhşiliyi nəticəsində tamamilə darmadağın edilib”.

Bunu hafta.az-a politoloq Fikrət Sadıqov Rusiya, Fransa və ABŞ səfirlərinin Şuşaya səfərdən imtinası ilə bağlı şərhində bildirib.

Politoloq bildirib ki, biz narazılığımızı, etirazımızı rısmi şəkildə bu dövlətlərə bildirməliyik. Eləcə də cəmiyyət, media, QHT-lər səviyyəsində də etirazlarımız olmalıdır.

“Onlar başa düşməlidirlər ki, bu dövlətlərin hərəkətləri onların nüfuzuna bir zərbədir. Onların bu davranışı Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılanır, tənqid olunur”.

F.Sadıqov hesab edir ki, bu dövlətlərin bizə qarşı hansısa diplomatik jestlərindən də  imtina etməliyik.

“Buna ehtiyacımız yoxdur. Torpaqlarımızı azad etmişik və bu gün bərpa edirik. Onların post-müharibə dövründə fəaliyyət göstərərək, bizi barışdırmaq, delimitasiya prosesində vasitəçilik etmək kimi boş təklifləri də bizə lazım deyil. Biz bu məsələdə kifayət qədər sərt mövqe nümayiş etdirməliyik.  Bu dövlətlərin hər hansı beynəlxalq təşəbbüsü də biz tərəfdən dəstəklənməməlidir. Çünki onlar başa düşməlidir ki, bizim mövqeyimiz bundan sonra da kifayət qədər sərt olacaq”.