Xəbər verildiyi kimi, 27-28 aprel tarixlərində Bakıda ABŞ-ın diplomatik missiya rəhbərlərinin növbəti toplantısı keçirilir. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson da bununla bağlı Azərbaycana səfərə gəlib. Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, Gürcüstandakı səfir Kelli Deqnan ilə yanaşı, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də iştirak edəcək.
ABŞ-ın Ermənistandakı səfiri xüsusən Qarabağdakı 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. Səfir bir neçə dəfə “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik”, “Münaqişə Minsk Qrupu çərçivəsində həll olunmalıdır” və s. deyərək ermənipərəst mövqe ortaya qoyub. Xanım diplomat hətta Ermənistan-Azərbaycan sərhədinə gələrək erməni hərbçilərlə sanki onları ruhlandırmaq məqsədli görüşlər keçirib. Təbii ki, rəsmi Bakı Amerika səfirnin bu mövqeyini qəbuledilməz hesab edib.
Bəs görəsən, ABŞ-ın hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayan qəsbkar ölkədəki səfiri Bakıya gəlməsindən istifadə edərək Vaşinqtonun Ermənistandakı maraqları baxımından ölkəmizin hansısa yüksək ranqlı rəsmi şəxsi ilə görüşməyə cəhd edə bilərmi?..
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfqarov mövzu ilə bağlı hafta.az-ın sualını belə cavablandırıb:
“Bilirsiz, öncə onu deyim ki, ABŞ-ın bu və ya digər ölkədəki səfirini həmin ölkəyə işləyən adam kimi qəbul etmək olmaz. Yəni bu mənada Ağ Evin Ermənistandakı elçisinə Bakıda düşmən kimi baxmaq doğru deyil. Və Amerika səfirlərinin mütəmadi olaraq belə görüşlərinin olması da normaldır. Özü də onlar yalnız Cənubi Qafqazda deyil, digər regionlarda da bu cür görüşlər təşkil edirlər. Ötən illər mən də ABŞ səfirlərinin bir neçə şəhərdəki toplantısına dəvət almışam və siyasi ekspert kimi həmin tədbirlərdə məruzə ilə çıxış etmişəm. Məsələn, bir dəfə Amerikanın İsveçrə səfirliyi belə bir görüş təşkil etmişdi. Həmin konfransın əhatəsi xeyli böyük idi; tədbirə Azərbaycanla yanaşı, Rusiya və Orta Asiya ölkələrindəki səfirlər də qatılmışdı.
Təxminən eyni şəkildə ABŞ-ın müxtəlif ölkələrdəki hərbi attaşeləri də toplanır. Böyük Britaniyada belə bir toplantıda da iştirak etmişəm”.
“Bəs belə bir praktika varmı ki, ABŞ-ın Gürcüstan və yaxud Rusiyadakı səfirinin Bakıdakı hansısa tədbirdə iştirakı çərçivəsində Azərbaycan Prezidenti, yaxud xarici işlər naziri tərəfindən ayrıca qəbulu təşkil edilə?” sualını isə politoloq bu cür cavablandırıb.
“Xeyr, doğrusu, belə bir praktikanı xatırlamıram. Amma səfirlərin toplantısında iştirak edənlərin tədbirin keçirildiyi ölkənin hansısa ranqlı məmuru tərəfindən birgə qəbul edilməsi istisna olunmur. Onlar ictimaiyyəti təmsil edən mütəxəssislərlə görüşürlərsə, onların tutaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin hansısa idarə rəisi, yaxud nazir müavini, bəlkə də nazirin özü tərəfindən qəbulunu da istisna etmirəm. Hətta Azərbaycan Prezidentinin köməkçisinin də həmin səfirləri qəbul etməsi mümkündür. Bunlar konkret məqam və situasiyadan asılıdır”.
“Ölkə prezidentlərinin toplantı keçirən ABŞ diplomatlarını qəbul etməsi halı isə yadıma düşmür. Amma bu da istisna olunmur. Əgər hansısa mesay çatdırılması, hansısa vacib məsələdə dövlətin mövqeyinin bildirilməsi zəruridirsə, tədbir keçirilən ölkənin lideri də Amerika səfirlərini qəbul edə bilər. Məsələ ondadır ki, belə toplantılardan sonra hər bir səfir hesabat yazır, həmin hesabata AB-ın müvafiq qurumu tərəfindən diqqətlə baxılır və müvafiq nəticələr çıxarılır”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.