“Dünən Amerika Nümayəndələr Palatasında keçirilən dinləmələr bir daha onu göstərdi ki, Birləşmiş Ştatlar hələ də regionda cərəyan edən proseslərlə bağlı düşünülmüş siyasət və strategiya həyata keçirə bilmir. Dövlət katibinin köməkçisinin çıxışından, suallara verdiyi cavablardan aydın olur ki, bu diplomat regionla bağlı məlumatsızdır”.
Bunu Hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli ABŞ-ın Azərbaycana qarşı təhdid, təzyiq, qərəz dili ilə danışması ilə bağlı açıqlamasında bildirib.
M.Məmmədli ABŞ-ın Nümayəndələr Palatasında Azərbaycana qarşı ziddiyyətli çıxışların olduğunu deyib.
“ABŞ guya Azərbaycanın Ermənistana qarşı planlar cızıb onun ərazilərini tuta bilməsindən narahat olduğu üçün təhdid dilində danışır. Yaxud, Qarabağda keçirilən antiterror əməliyyatlarını ermənilərin hüquqlarını pozan tədbir kimi qeyd edərək, guya bu səbəbdən ölkəmizlə təmasları məhdudlaşdırdıqlarını deyirlər”.
M.Məmmədli hesab edir ki, ABŞ-ın bu qərəzli, əsassız çıxışları ölkəmiz tərəfindən qəbul edilə bilməz.
“Azərbaycan öz ərazilərində antiterror tədbirləri həyata keçirib və bölgədəki qeyri-qanuni hərbi birləşmələri ləğv edib. Ermənistandan fərqli olaraq Azərbaycan ərazisində yaşayan başqa xalqlara, eləcə də dinc ermənilərə qarşı hər hansı etnik təmizləmə həyata keçirməyib. Buna görə də Azərbaycana qarşı yönələn fikirlərin heç bir əsası yoxdur”.
Politoloq bütün bunlarla yanaşı hesab edir ki, Azərbaycanın geostrateji əhəmiyyəti Birləşmiş Ştatar üçün hələ də qalmaqda davam edir.
O, ABŞ Dövlət katibinin köməkçisinin, “Azərbaycan Mərkəzi Asiya ilə əlaqələr baxımdan olduqca geosiyasi əhəmiyyəti olan bir yerdir” -deyə səsləndirdiyi fikirlərini təsadüfi saymayıb.
Ekspert bu kontekstdə ölkəmizə qarşı hər hansı ciddi sanksiyaların tətbiq olunacağını gözləmədiyini deyib. Onun fikrincə, bu addımların atılması üçün heç bir siyasi, hüquqi əsas yoxdur.
“Görünən odur ki, Birləşmiş Ştatlar, aparıcı qərb dövlətləri çalışır ki, Rusiya-Ermənistan arasında olan ziddiyyətlərdən istifadə edib Ermənistan vasitəsi ilə regionda öz mövqelərini möhkəmləndirsin. Nəticədə ABŞ-ın bu siyasəti Cənubi Qafqazda sülhün formalaşmasına maneə kimi dəyərləndirilə bilər”.
Ekspert bildirib ki, Azərbayacanın mövqeyi dəyişməzdir, birmənalıdır.
“Biz qısa müddət ərzində Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlıyıq. Ancaq təəssüf ki, hələ də Ermənistan hökumətindən adekvat reaksiyanı, münasibəti görmürük. Bu səbəbdən də proses uzanır”.